Xəbər lenti

Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar
Ölkə15:20 24.11.2026

Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qusarda “Word” proqramı vasitəsilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun adından saxta əmr hazırlayan imam barəsində məhkəmə qərarı verilib.

Qaynarinfo-nun məlumatına görə, 1999-cu il təvəllüdlü Amik Nazim oğlu Hasəliyev həmkəndlisini məsciddə işə düzəltmək adı ilə aldadaraq ondan 4 min manat alıb. Daha sonra qadının işə qəbul edilməsi barədə saxta əmr hazırlayaraq ona təqdim edib.

Hadisə 2025-ci ilin may ayında baş verib. Qusar rayonunun Hil kənd məscidində işləyən Amik Hasəliyev həmkəndlisinə məsciddə xadimə vəzifəsinə düzəlməyi təklif edib. O, qadına rəsmi sənədlərdə “qadın dini ayinlərin icraçısı” vəzifəsinə təyin ediləcəyini bildirib və bunun üçün 4 min manat tələb edib.

Pulu aldıqdan sonra Amik Hasəliyev həmin məbləği şəxsi ehtiyaclarına xərcləyib. Daha sonra qadında inam yaratmaq məqsədilə istifadə etdiyi “Samsung Galaxy S24 Ultra” markalı mobil telefonda “Word” proqramı vasitəsilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun adından saxta əmr hazırlayıb.

2026-cı ilin aprelində qadına təqdim olunan əmrdə onun işə qəbul edildiyi və aylıq 400 manat əməkhaqqı alacağı göstərilib. Lakin sənəddə imza və möhürün olmaması şübhə yaradıb. Əmrin qanuniliyini yoxlamaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edildikdə sənədin saxta olduğu üzə çıxıb.

Məhkəmədə Amik Hasəliyev özünü dələduzluqda təqsirli bilib. O, ifadəsində qadının həmkəndlisi olduğunu, ondan işə düzəltmək adı ilə 4 min manat aldığını və həmin pulu şəxsi ehtiyaclarına sərf etdiyini etiraf edib.

Zərərçəkmiş qadın da məhkəmədə ifadə verərək Amik Hasəliyevin ona məsciddə işləməyi təklif etdiyini və bunun müqabilində pul aldığını təsdiqləyib. Onun həyat yoldaşı da şahid qismində dindirilib və hadisənin təfərrüatlarını danışıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Amik Hasəliyev qadına dəymiş 4 min manat ziyanı tam ödəyib. Bundan əlavə, vurulmuş ziyanın 25 faizi – 1 000 manat dövlət büdcəsinə köçürülüb. Zərərçəkmiş qadın da onunla barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirib.

Qusar Rayon Məhkəməsi Amik Hasəliyevin əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmişlə barışmasını və dəymiş ziyanı tam ödəməsini nəzərə alıb. Nəticədə onun Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, Amik Nazim oğlu Hasəliyev 2024-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əmri ilə imam vəzifəsinə təyin olunub.

Xatırladaq ki, hadisənin baş verdiyi Hil məscidi 1912-ci ildə inşa edilmiş tarix-memarlıq abidəsidir. Məscid Qusar rayonunun Hil kəndində yerləşir. Deyilənə görə, bu məscidi tikdirən şəxs Hindistana səyahəti zamanı Tac-Mahalı görüb və o qədər bəyənib ki, öz kəndində buna bənzər məscid tikdirməyə qərar verib.

Aydın