Xəbər lenti

Moskvada 590 min dollarlıq saxta pul əməliyyatı: Azərbaycanda 7 il həbs cəzası aldı (VİDEO)
Ölkə12:07 24.11.2026

Moskvada 590 min dollarlıq saxta pul əməliyyatı: Azərbaycanda 7 il həbs cəzası aldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskvada 600 min dollar dəyərində kriptovalyuta əməliyyatı zamanı qarşı tərəfə 590 min dollar məbləğində saxta əskinas verdiyi, daha sonra əldə etdiyi kriptovalyutanın 60 min dollarını Bakıda nağdlaşdırdığı bildirilən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, Rusiya vətəndaşı Malik Guseynov Azızaga oğlu cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş materiallarına əsasən, hadisə 2025-ci ilin noyabrında Rusiyanın Moskva şəhərində baş verib. İttihamda göstərilib ki, Guseynov kriptovalyuta alqı-satqısı ilə məşğul olmaq adı altında əvvəlcədən icarəyə götürdüyü ofisdə 600 min dollar dəyərində USDT əldə edib. Bunun müqabilində qarşı tərəfə 590 min dollar məbləğində saxta əskinas, pulların həqiqi olduğuna inandırmaq üçün isə 10 min dollar real pul təqdim edib.

Məhkəmə materiallarında qeyd olunur ki, kriptovalyuta qarşı tərəfin elektron pul kisəsindən Guseynovun istifadə etdiyi hesaba köçürülüb. Pulları sayan şəxs əskinasların böyük hissəsinin saxta olduğunu aşkar etdikdən sonra Guseynov ofisi tərk edərək qaçıb. Hadisə ilə bağlı Aleksandr Belousovun Rusiya hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilib.

Guseynov bundan sonra Moskvadan Bakıya gəlib. Məhkəmənin müəyyən etdiyi hallara görə, o, cinayət yolu ilə əldə edilmiş kriptovalyutanın 60 min dollar ekvivalentində olan hissəsini Bakıda nağdlaşdırmaq qərarına gəlib. Bunun üçün Yasamal rayonunda, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən ofisdə kriptovalyuta alqı-satqısı ilə məşğul olan tanışına müraciət edib.

İş üzrə şahid qismində dindirilən şəxs ifadəsində Guseynovu dayısı vasitəsilə tanıdığını bildirib. Onun sözlərinə görə, 2025-ci ilin noyabrında Malik ona zəng edərək kriptovalyutası olduğunu deyib və 60 min dollar dəyərində USDT-ni nağd pula dəyişmək istəyib. Şahid də bunun müqabilində ona 100 min 800 manat verib. O, kriptovalyutanın mənbəyindən xəbərsiz olduğunu, Guseynovun həmin vəsaiti Moskvadakı ticarətindən əldə etdiyini söylədiyini qeyd edib.

Məhkəmə materiallarında Guseynovun ibtidai istintaq zamanı verdiyi ifadələr də yer alıb. O, həmin ifadələrində 2021-ci ildə tanış olduğu, Moskvada “Axmed” adı ilə tanınan şəxslə birlikdə dələduzluq sxemi qurduğunu bildirib. İfadəsinə görə, həmin şəxs müştəri tapmalı, Guseynov isə kriptovalyuta alqı-satqısı görüntüsü yaradaraq ona saxta dollarlar təqdim etməli idi. Guseynov saxta əskinasları əvvəlcədən əldə etdiyini, onların üzərinə təxminən 10 min dollar həqiqi pul qoyduğunu da etiraf edib.

Həmin ifadədə Guseynov 600 min dolların təxminən 10 faizi, yəni 66 min 800 dolların onun payına düşdüyünü, bu məbləğin 60 min dollarını tanışına göndərərək 100 min 800 manat nağd pul aldığını bildirib. O, həmin pulun 2 min 900 manatına “iPhone 17 Pro” telefonu, 1 500 manatına geyim aldığını, təxminən 46 min manatını isə Moskvada borclu olduğu şəxsə göndərdiyini deyib.

Lakin Guseynov məhkəmədə əvvəlki ifadələrindən fərqli mövqe sərgiləyib. O, özünü təqsirli bilməyərək 2020-ci ildən kriptovalyuta alqı-satqısı ilə məşğul olduğunu, Aleksandr Belousovla adi ticarət əməliyyatı apardığını və ona saxta pul vermədiyini iddia edib. Təqsirləndirilən şəxs ilkin ifadələrini polis əməkdaşlarının təzyiqi altında verdiyini söyləyib.

Guseynov məhkəmədə bildirib ki, Moskvada kriptovalyuta alqı-satqısı zamanı qarşı tərəf pulun müəyyən hissəsinin çatışmadığını deyib və əməliyyatı ləğv etmək istəyib. O isə ziyana düşməmək üçün Azərbaycana gəlmək qərarına gəlib. Bakıda nağdlaşdırdığı 102 min manatın bir hissəsi ilə borclarını bağladığını, qalan vəsaiti isə şəxsi ehtiyaclarına sərf etdiyini bildirib.

İş üzrə digər şahid qismində dindirilən 1994-cü il təvəllüdlü Yevlax sakini isə Guseynovla cinayət törətmək barədə razılığa gəlmədiyini deyib. Onun sözlərinə görə, Maliklə 2021-ci ildə Moskvada idman zalında tanış olub, sonradan aralarında dostluq münasibəti yaranıb. Şahid Guseynova 1 500 dollar borc verdiyini, Azərbaycana qayıtdıqdan sonra həmin pulu geri istədiyini bildirib.

Həmin şəxs Aleksandr Belousovu tanımadığını, onunla heç vaxt əlaqə saxlamadığını, Guseynova kriptovalyuta hesabı açmadığını və heç bir vəsait göndərmədiyini vurğulayıb. O, 2025-ci ilin oktyabrında Moskvada deyil, Yevlaxda olduğunu təsdiqləmək üçün Mingəçevir “ASAN xidmət” mərkəzindən aldığı qəbzi də təqdim edib.

Məhkəmə zamanı Guseynovla həmin şahid arasında üzləşdirmə də keçirilib. Hər iki şəxs öz ifadələrini təsdiqləyib. Üzləşdirmə zamanı Guseynov əvvəlki ifadələrində adı çəkilən “Axmed” adlı şəxsin qarşısında dayanan şahid olmadığını bildirib.

Telefonun yoxlanılması zamanı Guseynovun mobil telefonunda “Maqa” adı ilə qeyd edilmiş nömrə, “iCloud” hesabı və şahidlə birlikdə çəkilmiş fotoşəkil aşkarlanıb. Fotoşəklin üzərində 2025-ci ilə aid tarix göstərilsə də, şahid görüntünün 2021-ci ildə Moskvada çəkildiyini, sonradan ekran görüntüsü kimi təqdim edildiyini deyib.

Mobil operatorlardan əldə olunan məlumatlar da məhkəmədə araşdırılıb. Məlumatlara əsasən, hadisə dövründə Guseynovun istifadə etdiyi mobil nömrənin anten dairəsi Bakı Beynəlxalq Hava Limanı, Sumqayıt və Bakı ərazilərini əhatə edib. Digər şəxsin istifadə etdiyi nömrənin isə həmin günlərdə Yevlax rayonunda olduğu müəyyən edilib. Nəticədə şahidin bu cinayətə aidiyyəti təsdiqlənmədiyindən onun barəsindəki cinayət təqibinə xitam verilib.

Məhkəmə Guseynovun təqsirini qiymətləndirərkən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahid ifadələrini, telefon və mobil operator məlumatlarını, eləcə də digər sübutları nəzərə alıb. Hökmün əsaslandırıcı hissəsində bildirilib ki, təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi kriptovalyutanı Azərbaycanda nağd pula çevirməklə onun həqiqi mənbəyini gizlətməyə çalışıb.

Məhkəmə Guseynovun cinayəti etiraf edərək istintaqla əməkdaşlıq etməsini, cinayət nəticəsində əldə etdiyi əmlakın bir hissəsini könüllü təqdim etməsini və məhkəmə iclasındakı davranışını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb. Cəzanı ağırlaşdıran hal müəyyən edilməyib.

Beləliklə, Malik Guseynov Azərbaycan Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzanın əvvəli 2025-ci ildə tutulduğu tarixdən hesablanacaq.

Bundan başqa, hökmə əsasən, Guseynov cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılacaq. Onun istintaq orqanına könüllü təqdim etdiyi 39 min 720 manat nağd pul və “iPhone 17 Pro” markalı mobil telefon xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınacaq.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi xarici ölkələrin polis orqanları ilə beynəlxalq hüquqi yardım və qarşılıqlı əməkdaşlıq çərçivəsində əməliyyat keçirib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, xarici ölkələrdən birində onlayn kriptovalyuta alqı-satqısı adı altında müxtəlif şəxslərə xüsusilə külli miqdarda ziyan vuran şəxslər barədə kiberpolisə əməliyyat məlumatı daxil olub. Əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər də oxşar cinayətlərə görə Türkiyə və Rusiyada məhkum olunmuş Malik Guseynov və Mahmud Əsgərli saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, M. Guseynov M. Əsgərli ilə birlikdə xarici ölkələrdən birinin paytaxtında yerləşən ticarət mərkəzində ofis icarəyə götürüb. Daha sonra M. Guseynov həmin ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə 600 min ABŞ dolları məbləğində saxta pul təqdim edərək eyni məbləğdə USDT kriptovalyutasının hesabına köçürülməsini istəyib. Kriptovalyutanın hesabına köçürüldüyünə əmin olduqdan sonra isə ölkəni tərk edib.

Aydın