Xəbər lenti

Zaqreb 2026-cı ilin ən yaxşı Milad səyahəti istiqaməti seçildi (FOTO)
Dünya23:30 23.11.2026

Zaqreb 2026-cı ilin ən yaxşı Milad səyahəti istiqaməti seçildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xorvatiyanın paytaxtı Zaqreb 2026-cı ildə Avropada qış və Milad tətili üçün ən yaxşı səyahət istiqaməti elan edilib. Şəhər geniş Milad yarmarkaları, bayram ab-havası, buz meydançaları və münasib qiymətləri ilə seçilib.

Qaynarinfo xəbər verir ki, "Travel Off Path" nəşrinin məlumatına görə, qalibi turist portalı European Best Destinations müəyyənləşdirib. Səsvermədə 10 mindən çox insan Zaqrebin lehinə seçim edib. Bu, Xorvatiya paytaxtının Milad mövzusunda qazandığı dördüncü böyük mükafatdır. Şəhərin Advent bayramı 2016-2018-ci illərdə də ardıcıl üç dəfə Avropanın ən yaxşı Milad yarmarkası seçilib.

Nəşr yazır ki, Zaqreb qış aylarında xüsusi görkəm alır. Advent dövründə şəhərin tarixi mərkəzi böyük bayram məkanına çevrilir. Küçələr və meydanlar işıqlandırılır, taxta köşklərdə yerli yeməklər və isti içkilər satılır, müxtəlif ərazilərdə açıq hava buz meydançaları qurulur.

Şəhərin ən diqqətçəkən məkanlarından biri Zrinyevaç parkıdır. Milad bayramı ərəfəsində parkdakı ağaclar minlərlə işıqla bəzədilir, burada canlı musiqi səsləndirilir. Ziyarətçilər təxminən 7 dollara xorvat kolbasası, 4 dollara isə isti şərab ala bilərlər.

Turistlərə Ştrosmayer meydanında təşkil olunan Fuliranje festivalını da ziyarət etmək tövsiyə olunur. Burada Xorvatiya mətbəxinin ənənəvi təamları, o cümlədən kələm yarpağında hazırlanan sarma və pendirli xəmir yeməyi ştrukli təqdim edilir. Festivalda kiçik şirniyyatlar və digər küçə yeməkləri də satılır.

Bayram proqramının digər maraqlı ünvanı Kral Tomislav meydanıdır. Burada açıq havada böyük buz meydançası qurulacaq. Onun açılışı noyabrın 28-də saat 18:30-da baş tutacaq və tədbir çərçivəsində buz üzərində “Şelkunçik” tamaşası nümayiş etdiriləcək.

Qeyd edək ki, Zaqrebdə Advent bayramı 2026-cı il noyabrın 28-dən 2027-ci il yanvarın 7-dək davam edəcək. Bəzi əyləncə məkanları və festivallar isə daha əvvəl fəaliyyətə başlayacaq.

Aydın