Xəbər lenti

Ukrayna fermerləri müflisləşmə təhlükəsi ilə üz-üzədir - Maliyyə ehtiyatları tükənir
Dünya22:27 23.11.2026

Ukrayna fermerləri müflisləşmə təhlükəsi ilə üz-üzədir - Maliyyə ehtiyatları tükənir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın kənd təsərrüfatı sektoru ciddi maliyyə böhranı ilə qarşılaşıb. Rusiyanın liman və taxıl infrastrukturuna hücumlarının intensivləşməsi, ixrac imkanlarının məhdudlaşması və istehsal xərclərinin artması fermerlərin vəziyyətini daha da ağırlaşdırıb. Sektor nümayəndələri yaxın aylarda ilk müflisləşmə hallarının qeydə alına biləcəyini istisna etmirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” Ukraynanın iri taxıl ticarəti və aqrar istehsal şirkəti “Nibulon”un baş direktoru Andrey Vadaturskiyə istinadən məlumat yayıb.

Vadaturksinin sözlərinə görə, müharibə dövründə təsərrüfatların fəaliyyətini davam etdirməsinə imkan verən maliyyə ehtiyatları artıq tükənmək üzrədir. Satılmamış taxılın anbarlarda yığılması daxili bazarda qiymətlərin aşağı düşməsinə səbəb olur. Eyni zamanda banklar aqrar sektora kredit ayırmaqda daha ehtiyatlı davranırlar.

Şirkət rəhbəri gələn ilin yazında bir neçə müflisləşmə işi ilə qarşılaşmağın mümkün olduğunu bildirib. Onun fikrincə, fermerlər və kənd təsərrüfatı məhsullarının ixracatçıları bütün istiqamətlərdən təzyiq altındadır.

Ukraynanın ixrac gəlirlərinin yarıdan çoxunu təmin edən aqrar sektor xüsusilə iyul ayından etibarən taxıl infrastrukturuna hücumların güclənməsi nəticəsində ciddi çətinliklərlə üzləşib. Limanlara və emal müəssisələrinə zərbələr məhsulların daşınmasını çətinləşdirib, bir sıra təsərrüfatlarda isə məhsulun satışı gecikir.

Ukrayna Milli Bankının məlumatlarına görə, cari mövsümdə ölkədən kənd təsərrüfatı məhsullarının ixracı üçdəbir azalıb. Bunun nəticəsində ilin ikinci yarısında aqrar sektorun itirilmiş gəlirlərinin təxminən 4,6 milyard dollar olacağı gözlənilir.

Böhranı dərinləşdirən digər amillər yanacaq və gübrələrin bahalaşması, taxılın daxili bazarda ucuzlaşması və maliyyələşmə imkanlarının azalmasıdır. Bu vəziyyət fermerlərin növbəti mövsüm üçün investisiya planlarına da mənfi təsir göstərir.

Vadaturksinin sözlərinə görə, dörd illik müharibədən sonra Ukraynada fəaliyyət göstərən bizneslərin maliyyə imkanları ciddi şəkildə zəifləyib. Onun rəhbərlik etdiyi “Nibulon” şirkətinin 2025-ci il dekabrın 31-nə olan məlumata əsasən, təxminən 573 milyon dollar zərəri olub.

Şirkətin aylıq ixrac həcmi hazırda 150-200 min ton arasında dəyişir. Halbuki Rusiyanın genişmiqyaslı işğalından əvvəl bu göstərici 350 min ton təşkil edirdi.

Qeyd edək ki, noyabrın 12-də Ukraynanın ən böyük bitki yağı istehsalçılarından biri olan “Kernel” də bütün istehsal güclərinin fəaliyyətini dayandırdığını açıqlamışdı. Daha sonra “Delta Wilmar Ukraine” və Dnepr şəhərindəki “Potoki” yağ emalı zavodunun da işini dayandırdığı barədə məlumat yayılmışdı.

Aydın