
Dubayda dünyanın ən hündür açıq panoramik hovuzunun yerləşdiyi yeni lüks hotel fəaliyyətə başlayıb. Dəniz səviyyəsindən 310 metr yüksəklikdə yerləşən hovuzdan şəhərin məşhur görməli yerlərini seyr etmək mümkündür.
Qaynarinfo xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Söhbət “Ciel Dubai Marina” hotelinin 76-cı mərtəbəsində yerləşən “Sky Pool” hovuzundan gedir. Buradan Dubayın məşhur “Dubai Eye” müşahidə çarxına, süni Palm Jumeirah adasına, eləcə də “Atlantis The Palm” və “Atlantis The Royal” hotellərinə panoramik mənzərə açılır.
377 metr hündürlüyündə olan hotel dünyanın ən hündür hotel binası kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. “IHG” şəbəkəsinin “Vignette Collection” kolleksiyasına aid olan binanın memarlığı da diqqət çəkir. Göyə doğru uzanan iti konstruksiyası ona nəhəng iynə görünüşü verir.
“Sky Pool” hələ rəsmi olaraq dünyanın ən hündür hovuzu kimi rekordu qeydə aldırmasa da, mövcud rekordçudan 16 metr daha yüksəklikdə yerləşir. Hazırkı rekord Dubaydakı “Address Beach Resort” hotelinin 294 metr yüksəklikdəki hovuzuna məxsusdur.
Müəllif Ceyn Naytın sözlərinə görə, “Sky Pool”un ölçüləri 11x9,6 metrdir. Buna görə də hovuzda uzun məsafələr üzmək mümkün olmasa da, yüksəklikdə üzmək və şəhər mənzərəsini izləmək xüsusi təcrübə yaradır.
Hoteldə 1004 nömrə var
“Ciel Dubai Marina” hotelində ümumilikdə 1004 nömrə mövcuddur. Otaqların qiyməti mərtəbənin hündürlüyünə və mənzərəyə uyğun dəyişir. Ən yaxşı otaqların qiyməti 250 funt sterlinqdən başlayır. Müəllifin qaldığı 67-ci mərtəbədəki nömrədən Ərəbistan dənizinə və Dubay limanına mənzərə açılır.
Hoteldə şüşə liftlər də diqqət çəkən xüsusiyyətlərdəndir. Yuxarı mərtəbələrə qalxmaq bir dəqiqədən çox vaxt aparır və bu müddətdə qonaqlar şəhəri yüksəklikdən seyr edə bilirlər.
İstirahət imkanları bununla məhdudlaşmır. Binanın 61-ci mərtəbəsində idman zalı, 74-cü mərtəbəsində isə “Tattu” adlı pan-Asiya restoranı fəaliyyət göstərir. Restoran həm mətbəxi, həm də şəhər mənzərəsi ilə seçilir. Burada göbələk və trüfellə hazırlanmış yaz rulonları, manqo və laym souslu çili levreyi kimi yeməklər təqdim olunur.
Hoteldə qonaqlar üçün 360 dərəcə panoramaya malik “Sky Lounge” terrası da nəzərdə tutulub. Beləliklə, ziyarətçilər həm gün ərzində, həm də axşam saatlarında Dubayın mənzərəsini yüksəklikdən izləmək imkanı əldə edirlər.
Aydın