Xəbər lenti

Meksika futbolunun ən ağrılı məğlubiyyəti yenidən gündəmdə - Həmin penalti unudulmur
İdman20:36 23.11.2026

Meksika futbolunun ən ağrılı məğlubiyyəti yenidən gündəmdə - Həmin penalti unudulmur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2014-cü il dünya çempionatında Meksika ilə Niderland arasında keçirilən qarşılaşmada verilən mübahisəli penalti qərarı 12 il keçməsinə baxmayaraq, futbol ictimaiyyətinin yaddaşından silinməyib. Həmin hadisə indi xüsusi köynək kolleksiyası və sənədli film vasitəsilə yenidən gündəmə gətirilib.

Qaynarinfo xəbər verir ki, “MUNDIAL Magazine” və “Sad Boyz Clothing” markaları Meksika futbolunun ən yaddaqalan və ağrılı anlarından birinə həsr olunan məhdud sayda köynək hazırlayıb. Layihə çərçivəsində hadisənin Meksika cəmiyyətində və futbol mədəniyyətində yaratdığı təsirləri araşdıran sənədli film də təqdim olunub.

Söhbət 2014-cü il iyunun 29-da Braziliyada keçirilən dünya çempionatının 1/8 final mərhələsində Meksika və Niderland arasında baş tutan oyundan gedir. Meksikalılar uzun müddət hesabda üstünlüyü qorusa da, Vesli Sneyderin qolu ilə Niderland bərabərliyi təmin edib. Qarşılaşmanın son dəqiqələrində isə Arjen Robbenə qarşı qayda pozuntusuna görə penalti təyin olunub.

Klaas-Yan Huntelaarın dəqiq zərbəsi Niderlanda 2:1 hesablı qələbə qazandırıb və Meksikanın turnirdəki çıxışına son qoyub.

Həmin gündən sonra Meksikada “No era penal” (“Penalti deyildi”) ifadəsi məşhurlaşıb. Bu sözlər sadəcə hakim qərarına etiraz deyil, ölkə futbolunun kollektiv yaddaşında dərin iz buraxan hadisənin simvoluna çevrilib.

Yeni kolleksiyada da məhz bu ifadədən istifadə olunub. Qara rəngli köynəyin ön hissəsində skelet təsviri, “No Era Penal” yazısı və hadisənin baş verdiyi 29 iyun 2014-cü ilin tarixi yer alıb. Arxa hissəsində isə “Meksika-Niderland qarşılaşmasında ən kədərli günün xatirəsinə” ifadəsi yazılıb.

Layihənin şüarı da diqqət çəkir: “Ağrısını qürurla daşıyanlar üçün”. Təşəbbüsün müəllifləri futbol azarkeşlərinin həmin məğlubiyyəti zamanla milli futbol kimliyinin bir hissəsinə çevirdiyini vurğulayırlar.

Köynək kolleksiyası ilə yanaşı, BAFTA və “Sports Emmy” mükafatlı rejissor Qrant Bestin çəkdiyi “No Era Penal” adlı qısametrajlı sənədli film də yayımlanıb. Ekran əsərində mübahisəli penalti epizodundan əlavə, həmin məğlubiyyətin Meksika futboluna və azarkeşlərin düşüncəsinə təsiri araşdırılır.

Filmdə Meksika millisinin hücumçusu Raul Ximenes, yığmanın keçmiş baş məşqçisi Migel Errera, WWE-nin məşhur simalarından Rey Mysterio, “Sad Boyz”un həmtəsisçisi Aleks Eskivel və idman şərhçisi Alana Meraz iştirak ediblər.

Sənədli filmin çəkilişləri 2026-cı il dünya çempionatı ərəfəsində, yenilənmiş “Estadio Azteca” stadionunun ətrafında da aparılıb. Bu arena Pele və Dieqo Maradonanın dünya çempionluğu qazandığı qarşılaşmalara ev sahibliyi etməsi ilə futbol tarixində xüsusi yer tutur.

Meksika 1970 və 1986-cı illərdə dünya çempionatına ev sahibliyi edib. Lakin milli komandanın müasir mundial tarixində əsas problemlərindən biri 1/8 final mərhələsini keçə bilməməsi olub. 1986-cı ildə öz meydanında dörddəbir finala yüksələn komanda sonrakı turnirlərdə dəfələrlə eyni mərhələdə mübarizəni dayandırıb.

Beləliklə, “No era penal” ifadəsi Meksika azarkeşləri üçün təkcə bir hakim qərarının mübahisəsi deyil, illərdir davam edən mundial məyusluğunun rəmzidir. Yeni film və xüsusi geyim kolleksiyası da həmin xatirəni yenidən futbol gündəminə daşıyır.

Aydın