
Günəş ətrafında hərəkət edən, diametri təxminən 11 metr olan 1998 KY26 adlı naməlum kosmik obyekt astronomların diqqətini çəkib. Alimlər onilliklərdir müşahidə etdikləri bu cismin mənşəyini və qeyri-adi hərəkətini izah etməkdə çətinlik çəkirlər.
Qaynarinfo xəbər verir ki, əvvəlcə asteroid hesab edilən 1998 KY26-nın hərəkət xüsusiyyətləri onun yalnız cazibə qüvvəsinin təsiri altında hərəkət etmədiyini göstərib. Bu isə obyektin təbiəti ilə bağlı müxtəlif fərziyyələrin ortaya çıxmasına səbəb olub.
Harvard Universitetinin astrofiziki Avi Loeb hesab edir ki, sözügedən obyekt asteroid deyil, 1988-ci il iyulun 7-də Sovet İttifaqı tərəfindən Marsı araşdırmaq üçün kosmosa göndərilən “Fobos-1” avtomatik kosmik aparatı ola bilər. Həmin aparatla sonradan əlaqə kəsilib.
Alimin fikrincə, 1998 KY26-nın qeyri-adi sürətlənməsi onun üzərinə cazibə qüvvəsindən fərqli başqa təsirin də olduğunu göstərir.
Digər tədqiqatçılar isə obyektin “qaranlıq kometa” ola biləcəyini düşünürlər. Bu tip kometaların adi kometalardan fərqi onların parlaq quyruğunun olmamasıdır. Belə cisimlər Günəşə yaxınlaşarkən səthlərinin altındakı buz buxarlanır və yaranan qaz axını obyektin hərəkətinə təsir göstərə bilir.
Lakin “Icarus” elmi jurnalında dərc olunan yeni araşdırma bu ehtimalı sual altına alıb. Tədqiqatçılar obyektin orta temperaturunun təxminən 11 dərəcə olduğunu müəyyənləşdiriblər. Miçiqan Dövlət Universitetinin alimi Derrill Z. Seligman hesab edir ki, bu qədər isti səthdə buzun mövcudluğu ilə bağlı fərziyyə əlavə izah tələb edir.
1998 KY26-nın sirrini açmaq üçün Yaponiyanın “Hayabusa2” kosmik aparatından istifadə edilməsi planlaşdırılırdı. Aparatın 2031-ci ildə obyektə çatması gözlənilirdi. Lakin mühərrikində yaranan problemlər səbəbindən Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) missiyanın istiqamətini dəyişmək qərarına gəlib.
Beləliklə, “Hayabusa2” başqa bir asteroidə – 2015 BM510-a yönəldiləcək. Onun həmin obyektə 2028-2029-cu illərdə çatacağı gözlənilir.
Hələlik 1998 KY26-nın asteroid, kometa, yoxsa keçmiş kosmik missiyadan qalan aparat olduğu barədə qəti nəticə yoxdur. Alimlər bu sirrin açılması üçün əlavə müşahidə və tədqiqatlara ehtiyac olduğunu bildirirlər.
Aydın