
Avropanın bir sıra ölkələrində rəsmi nikah bağlamadan toy şənliyi təşkil etmək dəbə çevrilir. “Saxta toy” adlandırılan bu tədbirlərdə gəlin və bəy, qonaqlar, musiqi, ziyafət və ənənəvi toy proqramı olsa da, nikahın hüquqi qeydiyyatı həyata keçirilmir.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın SWR nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, belə tədbirlərdən biri Almaniyanın Şvarsvald bölgəsində yerləşən Niderexa şəhərində təşkil olunub. Toy tədbirlərinin təşkilatçısı Tatyana Verner qonaqları “Säge” adlı məkanına dəvət edərək müasir toy mərasiminin necə görünə biləcəyini nümayiş etdirib. Tədbirə qatılmaq üçün hər kəs 120 avro ödəyib.
Gecənin əsas qəhrəmanları isə artıq yeddi ildir evli olan Laura Rayxard və Yohannes cütlüyü olub. Onlar üç övladlarının da iştirakı ilə toy andlarını yenidən təkrarlamağa qərar veriblər. Cütlük tədbirdə iştirak üçün ödəniş etməyib. Əvəzində mərasimdən çəkilən foto və videolar toy sektorunda fəaliyyət göstərən mütəxəssislər üçün reklam materialı kimi istifadə olunub.

Təşkilatçı Tatyana Vernerin sözlərinə görə, məqsəd sadəcə toy xidmətlərini nümayiş etdirmək deyil, insanlara belə bir mərasimin atmosferini yaşatmaqdır.
Tədbirin proqramı da ənənəvi toydan fərqlənməyib. Qonaqlar canlı musiqi dinləyib, dörd çeşiddən ibarət yemək menyusu və şərabla qonaq edilib. Peşəkar fotoçəkiliş, fokuslar nümayiş etdirən aparıcının çıxışı, rəqs proqramı, qonaqların portretlərini çəkən rəssam, toy tortu və hətta atəşfəşanlıq da təşkil olunub. Məkanın eksklüziv istifadəsi, xidmət, içkilər və güllər üçün çəkilən xərclər təxminən 25 min avroya çatıb.

SWR bu formatın artıq Almaniya ilə məhdudlaşmadığını, beynəlxalq trendə çevrildiyini yazır. BBC jurnalisti Nikita Yadav da daha əvvəl Hindistanda bu sahənin inkişafından bəhs edib. Həmin ölkədə otellər, klublar və müxtəlif şirkətlər rəsmi nikah olmadan toy atmosferi yaşamaq istəyənlər üçün xüsusi tədbirlər təşkil edirlər.
Laura Reyxard isə həyat yoldaşı ilə qatıldığı mərasimin onlar üçün sadəcə nümayiş xarakteri daşımadığını bildirib. Onun sözlərinə görə, bu tədbir ailə xoşbəxtliyini və üç övladları ilə yaşadıqları sevinci bir daha ifadə etmək imkanı yaradıb.
Beləliklə, “saxta toy” adlandırılan mərasimlərdə rəsmi nikah olmasa da, iştirakçılar üçün yaşanan emosiyalar və yaradılan atmosfer kifayət qədər realdır.
Aydın