
İnsanların yalan danışarkən gözlərində baş verən dəyişikliklər Almaniyanın Ulm Universitetinin alimləri tərəfindən araşdırılıb. Tədqiqat nəticəsində məlum olub ki, insan həqiqəti gizlətməyə və qarşı tərəfi aldatmağa çalışarkən göz bəbəklərinin ölçüsü, baxış müddəti və göz qırpma tezliyi dəyişə bilir.
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri “PLOS One” elmi jurnalında dərc olunub.
Tədqiqatda 37 könüllü iştirak edib. Alimlər xüsusi mobil göz izləmə eynəklərindən istifadə edərək iştirakçıların göz hərəkətlərini, göz bəbəklərinin ölçüsünü və göz qırpma tezliyini qeydə alıblar.
Eksperiment zamanı könüllülərdən gizli kart seçən bir mentalistlə qarşılıqlı əlaqədə olmaq tələb edilib. Onlardan bəzi hallarda seçdikləri kart barədə həqiqəti söyləmək, digər hallarda isə məlumatı gizlətmək və mentalisti yanlış karta inandırmaq istənilib.
Araşdırma zamanı hansı dəyişikliklər aşkarlanıb?
Nəticələr göstərib ki, insanın gizli kartı tanıması belə göz bəbəklərinin böyüməsinə səbəb ola bilər. Lakin ən nəzərəçarpan dəyişikliklər iştirakçılar bildikləri məlumatı gizlətməyə çalışarkən müşahidə edilib.
Belə ki, qarşı tərəfi aldatmağa çalışan şəxslər ətrafdakı daha az nöqtəyə baxıb, diqqətlərini yönəltdikləri obyektlərdə isə baxışlarını daha uzun müddət saxlayıblar. Bunun beyinin yalan danışarkən daha çox zehni səy göstərməsi ilə əlaqəli olduğu ehtimal edilir.
Bundan başqa, məlumatı gizlədən iştirakçıların göz qırpma tezliyi də azalıb. Alimlər bunu insanların özlərini ələ verə biləcək qeyri-iradi reaksiyaları nəzarətdə saxlamaq cəhdi ilə əlaqələndirirlər.
Maraqlı məqamlardan biri də baxışların istiqaməti ilə bağlı olub. İştirakçılar birbaşa mentalistin üzünə baxarkən göz hərəkətlərindəki dəyişikliklər daha aydın müşahidə edilib.
Yalan danışanlar cavab vermək üçün daha çox vaxt sərf edir
Tədqiqatda iştirakçıların “hə” və “yox” cavabları da təhlil olunub. Məlum olub ki, doğru cavablar adətən bir saniyədən bir qədər çox müddətdə verildiyi halda, yalan cavabların formalaşdırılması təxminən iki saniyə çəkib.
Bu fərq alimlərin fikrincə, həqiqəti gizlətməyin əlavə zehni yük yaratması ilə bağlıdır.
Tədqiqatçılar əldə olunan nəticələrin gələcəkdə polis sorğuları və təhlükəsizlik yoxlamaları zamanı məlumatın gizlədilməsi hallarının müəyyənləşdirilməsi üçün yeni metodların hazırlanmasına kömək edə biləcəyini düşünürlər.
Bununla belə, alimlər araşdırmanın məhdudiyyətlərinə də diqqət çəkirlər. Cəmi 37 nəfərin iştirakı ilə aparılan eksperiment real həyatda yüksək təzyiq altında baş verən vəziyyətləri tam əks etdirmir.
Mütəxəssislər vurğulayırlar ki, göz bəbəyinin böyüməsi, baxışların dəyişməsi və göz qırpmanın azalması insanın yalan danışdığını qəti şəkildə sübut etmir. Bu əlamətlər digər zehni proseslər zamanı da müşahidə oluna bilər. Buna görə də göz izləmə texnologiyasının etibarlı yalan aşkarlama vasitəsinə çevrilməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Aydın