Xəbər lenti

İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi
Sağlamlıq08:45 24.11.2026

İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnsan immun sisteminin qocalması həyat boyu eyni sürətlə baş vermir. Yeni araşdırmaya görə, immunitetin fəaliyyətində xüsusilə kəskin dəyişikliklər təxminən 40 və 60 yaşdan sonra müşahidə olunur. Alimlər bu dövrlərdə sağlamlığa daha çox diqqət yetirməyin vacibliyini vurğulayırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə “National Geographic” nəşri məlumat yayıb.

Sinqapur alimləri 19-97 yaş aralığında olan 1828 sağlam insanın immun sistemini araşdırıblar. Tədqiqat çərçivəsində ümumilikdə 3,8 milyon immun hüceyrəsi təhlil edilib, hər bir hüceyrədə hansı genlərin işlədiyi və onların aktivlik səviyyəsi öyrənilib.

“Nature Communications” jurnalında dərc olunan araşdırmanın nəticələrinə əsasən, immun sisteminin qocalmasında iki əsas sıçrayış dövrü müəyyən edilib. Bu mərhələlərin hər ikisində orqanizmdə iltihabi proseslərin aktivliyi artır, immun hüceyrələrində zülal və RNT sintezi ilə bağlı mexanizmlərdə pozuntular yaranır.

Alimlər bildirirlər ki, zülal sintezinin zəifləməsi hüceyrələrin stressə qarşı müqavimətini azalda, düzgün quruluşa malik olmayan zülalların toplanmasına səbəb ola bilər.

Tədqiqatın müəlliflərindən, Duke-NUS Tibb Universitetinin əməkdaşı Jak Bemoarasın sözlərinə görə, immun sisteminin fəaliyyəti yaş artdıqca sabit və eyni templə zəifləmir. Bu proses müəyyən yaş mərhələlərində daha sürətli gedir.

Araşdırmada xüsusilə T-hüceyrələrinin roluna diqqət yetirilib. Bu hüceyrələr orqanizmin infeksiyalardan qorunmasında mühüm funksiyanı yerinə yetirir.

Qadın və kişilərdə fərqli proseslər

Tədqiqat zamanı immun sisteminin qocalmasının qadınlarda və kişilərdə fərqli şəkildə baş verdiyi də müəyyənləşdirilib. Qadınlarda şiş hüceyrələri ilə mübarizə aparan T-hüceyrələri daha uzun müddət aktiv qalır. Lakin yaşlı dövrlərdə B-hüceyrələrində, təbii öldürücü hüceyrələrdə və köməkçi T-hüceyrələrində də qocalma əlamətləri müşahidə olunur.

Kişilərdə isə köməkçi T-hüceyrələrinin fəaliyyətində dəyişikliklər adətən daha erkən yaşlarda başlayır.

Alimlər hesab edirlər ki, bu fərqlər qadın və kişilərdə yaşla əlaqəli xəstəliklərin yayılma səviyyəsinə də təsir göstərə bilər. Məsələn, qadınlar orta hesabla daha uzun yaşasalar da, bəzi yaşlılıq xəstəlikləri onlarda daha çox rast gəlinir. İmmunitetin fərqli qocalma mexanizmləri autoimmun xəstəliklərin cinslər üzrə yayılma fərqini qismən izah edə bilər.

Nəticələr 2024-cü ildə aparılmış başqa bir araşdırmanın qənaətləri ilə də üst-üstə düşür. Həmin tədqiqatda insan orqanizmində təxminən 44 və 60 yaşlarda iki kəskin bioloji dəyişiklik dalğası qeydə alınmışdı. Bununla belə, əvvəlki araşdırmanın statistik metodları tənqid olunmuşdu. Yeni tədqiqatda da oxşar yanaşmalardan istifadə edildiyi üçün alimlər nəticələrin əlavə araşdırmalarla təsdiqlənməsinə ehtiyac olduğunu bildirirlər.

Tədqiqat qrupu, həmçinin immun hüceyrələrindəki gen aktivliyinə əsaslanaraq insanın bioloji yaşını müəyyənləşdirən modellər hazırlayıb. Məlum olub ki, qadın və kişilərin göstəriciləri ayrı-ayrılıqda təhlil edildikdə bu modellər daha dəqiq nəticə verir.

Aydın