Xəbər lenti

Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı
Ekonomiks12:53 24.11.2026

Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Kaspi-A İnşaat” MMC-nin vergi və sosial sığorta borclarına görə şirkət rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qaynarinfo-nun məlumatına görə, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin müraciəti əsasında məhkəmə şirkətin icra orqanının rəhbəri Asif Şirinov Salman oğlu barəsində belə qərar qəbul edib.

Məhkəmə materiallarına əsasən, 2005-ci ildə dövlət qeydiyyatına alınan şirkətin dövlət büdcəsinə 36 min 506,53 manat, Dövlət Sosial Müdafiə Fonduna 253,74 manat, İşsizlikdən sığorta fonduna 19,7 manat, İcbari Tibbi Sığorta Fonduna isə 42,09 manat borcu yaranıb. Ümumilikdə borcun 36 min 822,06 manat olduğu bildirilib.

Vergi orqanı borcun ödənilməsi üçün şirkətə 2025 və 2026-cı illərdə bir neçə dəfə bildiriş göndərib. Lakin bildirişlərə baxmayaraq, borc ödənilməyib.

Məhkəmə iclasında iştirak edən şirkət rəhbəri borcun səhv hesablandığını iddia edib. O bildirib ki, şirkət üç ildir fəaliyyət göstərmir və hesablanmış borcla bağlı vergi orqanına dəfələrlə müraciət edib. Həmçinin ölkəni tərk etmək niyyətinin və buna imkanının olmadığını deyib.

Buna baxmayaraq, məhkəmə araşdırması zamanı borcun ödənilmədiyi müəyyən edilib. Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə edilən məlumatda şirkətin dövlət büdcəsinə borcunun 38 min 325 manat olduğu göstərilib.

Məhkəmə vergi və sığorta öhdəliklərinin yerinə yetirilməməsini, göndərilən bildirişlərə baxmayaraq borcun ödənilməməsini nəzərə alaraq ərizəni təmin edib. Qərara əsasən, Asif Şirinov Salman oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Bundan əlavə, ərizənin verilməsinə görə nəzərdə tutulan 100 manat dövlət rüsumunun da ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınıb.

Qeyd edək ki, “Kaspi-A İnşaat” MMC 20 fevral 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Tərtər şəhəri, M. Əsədov küçəsi, ev 26-dır. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC ƏDV ödəyicisidir və aktiv vergi ödəyicisi kimi qeydiyyatdadır. Şirkətin riskli vergi ödəyicisi olmadığı bildirilir.

Vergi məlumatlarına əsasən, “Kaspi-A İnşaat” MMC-nin borcu 38 min 337,11 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Asif Şirinov Salman oğludur.

Aydın