
Avropa ölkələri Ukraynada münaqişənin mümkün həlli fonunda qitənin təhlükəsizlik arxitekturasının dəyişdirilməsi ilə bağlı beş variantı müzakirə edirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Politico” nəşri NATO nümayəndələri və ekspertlərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, birinci ssenari Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rolunun gücləndirilməsini nəzərdə tutur. Rusiya da bu təşkilatın üzvü olduğundan, ATƏT atəşkəs rejiminə əməl olunmasına nəzarət və etimad tədbirlərinin hazırlanması üçün platformaya çevrilə bilər. Lakin iştirakçıların sayının çoxluğu və qərarların konsensus əsasında qəbul edilməsi bu mexanizmin effektivliyini məhdudlaşdıra bilər.
İkinci variant 2022-ci ildə fəaliyyəti dayandırılan Rusiya-NATO Şurasının bərpasıdır. Nəşrin qiymətləndirməsinə görə, bu format mümkün eskalasiyanın qarşısını almaq üçün istifadə oluna bilər. Bununla belə, Şuranın fəaliyyətinin bərpası Qərbdə Moskvaya əlavə legitimlik verilməsi kimi qiymətləndirilə bilər.
Üçüncü ssenari mövcud institutları əvəz edəcək yeni təhlükəsizlik müqaviləsinin imzalanmasını nəzərdə tutur. Nəşr qeyd edir ki, bu variant Ukraynanın müttəfiqləri arasında ən çox müqavimətlə qarşılaşır. Onlar Rusiyanın beynəlxalq təhlükəsizlik sistemində təsirinin həddindən artıq artacağından ehtiyat edirlər.
Dördüncü variant Avropa İttifaqı ilə Rusiya arasında ayrıca əməkdaşlıq formatının yaradılmasıdır. Bu çərçivədə Brüssel ticarət və viza siyasəti alətlərindən istifadə edə bilər. Lakin nəşrin məlumatına görə, belə bir mexanizm mövcud təhlükəsizlik sistemini əvəz etməməli, onu tamamlamalıdır.
Beşinci və ən real ssenari isə hazırkı vəziyyətin qorunub saxlanılmasıdır. Nəşrin həmsöhbətləri hesab edirlər ki, Moskva ilə Qərb ölkələri kompromisdən hələ çox uzaqdır. Buna görə də qeyri-sabitliyə baxmayaraq, mövcud təhlükəsizlik arxitekturasının ciddi dəyişikliklərə məruz qalmadan qalması daha ehtimal olunur.
Bundan əvvəl ABŞ Prezidenti Donald Trampın kürəkəni və sahibkar Cared Kuşner noyabrın 22-də bildirib ki, Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinə Avropanın ümumi təhlükəsizlik arxitekturasından ayrı baxmaq olmaz.
Onun sözlərinə görə, Tramp Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsində nəzərdə tutulan təminatlara bənzər təhlükəsizlik zəmanətlərinin verilməsini müzakirə etməyə hazırdır. Kuşner Rusiyanın belə zəmanətlərin müzakirəsinə hazır olmasını mühüm addım kimi qiymətləndirib və bunun Moskvanın sülhə nail olmaq niyyətinin ciddiliyini göstərə biləcəyini bildirib.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə noyabrın 12-də Moskvanın Ukrayna ilə bağlı danışıqların gündəliyinə təhlükəsizlik məsələləri üzrə yeni təkliflər əlavə etmək niyyətində olduğunu açıqlayıb.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bölünməz təhlükəsizlik arxitekturasının əsas elementləri ilə bağlı Moskvanın mövqeyini xatırladıb. Rusiya bu yanaşmanı 2021-ci ildə ABŞ və NATO ilə razılaşma layihələrində təqdim edib.
Uşakov həmin təkliflər arasında NATO-nun genişlənməsindən imtina edilməsini, Rusiya sərhədləri yaxınlığında ölkə üçün təhlükə yaradan silahların yerləşdirilməməsini və NATO qüvvələrinin konfiqurasiyasının Rusiya-NATO Təsis Aktının imzalandığı dövrün vəziyyətinə qaytarılmasını sadalayıb.
Günay