
Xalq artisti, rejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edərək onun tərəfindən qəbul olunmasını xahiş edib.
Rejissor Qaynarinfo-ya açıqlamasında səhhətində yaranan problemlərə görə növbədə gözləyə bilmədiyini bildirib və şəhər rəhbərindən cəmi beş dəqiqə vaxt ayırmasını istəyib:
"Eldar müəllim, münasib vaxtda məni qəbul edin. Beş dəqiqə də olsa, mənə vaxt ayırın. Özü də növbəsiz. Səhhətimdə yaranmış problemlə əlaqədar növbədə dayana bilmirəm. Sizin cavabınızı gözləyirəm. Son vaxtlar səhhətimdə problemlər yaranıb. Mənzil problemim hələ də həll olunmayıb. Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun dövründən qalan bu məsələ indiyədək həllini tapmayıb. Azərbaycanın Xalq artisti olaraq sizdən xahiş edirəm, mənə beş dəqiqə vaxt ayırın.”
Xatırladaq ki, Bakıdakı “Qış parkı”nın tikintisi zamanı rejissor və aktyor Şeyx Əbdül Mahmudbəyovun mənzili qəzalı vəziyyətə düşüb. Dəymiş ziyana görə o, həmin vaxt Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Hacıbala Abutalıbovu məhkəməyə verib.
2014-cü ildə Ali Məhkəmə də daxil olmaqla, bütün məhkəmə instansiyaları Şeyx Əbdül Mahmudbəyovun xeyrinə qərar çıxarıb. Lakin rejissorun bildirdiyinə görə, məhkəmə qərarları uzun illərdir icra olunmur.
Bahar Rüstəmli