Xəbər lenti

Afrikada 180 milyon illik tektonik çat yenidən aktivləşib: Qitə parçalana bilər
Dünya14:04 24.11.2026

Afrikada 180 milyon illik tektonik çat yenidən aktivləşib: Qitə parçalana bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Afrikanın cənubunda, Botsvanada təxminən 180 milyon il əvvəl yaranmış qədim tektonik çat yenidən aktivləşib. Alimlər hesab edirlər ki, bu proses gələcəkdə Afrika qitəsinin iki hissəyə ayrılmasına səbəb ola bilər. Lakin bunun baş verməsi üçün milyonlarla il tələb olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə “Interesting Engineering” nəşri məlumat yayıb.

Araşdırmaya görə, 2017-ci ilin aprelində Botsvananın şərqində 6,5 bal gücündə zəlzələ qeydə alınıb. Hadisə geoloqların belə güclü seysmik aktivlik gözləmədiyi Kalahari kratonunun daxilində baş verib. Bu ərazi Yer kürəsinin ən qədim kontinental süxurlarından bəzilərini əhatə edir və onların yaşı 3,7 milyard ilə çatır.

Alimlərin diqqətini Xurutşe qırılması cəlb edib. Təxminən 80 kilometr uzunluğunda olan bu geoloji struktur ətraf ərazidən bəzi yerlərdə 120 metrədək hündürlüyü ilə fərqlənir.

Tədqiqatçılar ərazidə qazıntılar aparıb, yeraltı süxurların quruluşunu elektrik tomoqrafiyası və 20 su quyusundan əldə edilən məlumatlar vasitəsilə araşdırıblar. Nəticələr göstərib ki, qırılmanın ilkin formalaşması təxminən 180 milyon il əvvəl, Yura dövründə baş verib. Həmin vaxt tektonik qüvvələr Yer qabığını müxtəlif istiqamətlərə dartmağa başlayıb.

Sonradan fəaliyyəti zəifləyən qırılmanın son geoloji dövrlərdə yenidən hərəkətə gəldiyi müəyyən edilib. Alimlər bunu Şərqi Afrika Rift sisteminin cənuba doğru genişlənməsi ilə əlaqələndirirlər.

Afrika iki hissəyə ayrıla bilərmi?

Tədqiqatın müəlliflərinə görə, yeni geoloji məlumatlar Afrikanın cənubundakı tektonik quruluş barədə mövcud təsəvvürləri dəyişə bilər. Əvvəllər vahid mikrolövhə hesab edilən San plitəsinin əslində Şimali və Cənubi San plitələrinə ayrılma prosesində ola biləcəyi ehtimal edilir.

Kolumbiya Universitetinin geoloqu Folarin Kolavole bildirib ki, qədim kratonlar zahirən möhkəm və sabit görünsələr də, onların daxilində milyonlarla, hətta milyardlarla il əvvəl yaranmış zəif geoloji zonalar mövcuddur. Məhz bu sahələr gələcəkdə yeni tektonik sərhədlərin formalaşmasına şərait yarada bilər.

Bununla belə, alimlər yaxın gələcəkdə Afrikanın parçalanacağı və yeni okeanın yaranacağı barədə xəbərdarlıq etmirlər. GPS ölçmələri regiondakı tektonik genişlənmənin Şərqi Afrikanın digər hissələri ilə müqayisədə xeyli yavaş getdiyini göstərir.

Mütəxəssislərin fikrincə, bəzi rift sistemləri ilkin inkişaf mərhələsində dayanaraq yenidən fəaliyyətsiz vəziyyətə düşə bilər. Afrika qitəsinin həqiqətən parçalanması baş verərsə, bu proses milyonlarla il davam edəcək. Hazırda alimlər qədim qırılmanın nə qədər genişlənəcəyini və gələcəkdə yeni litosfer plitələrinin sərhədinə çevrilib-çevrilməyəcəyini araşdırırlar.

Aydın