
Amerikanın çip istehsalçısı "Nvidia" şirkətinin qurucusu və baş icraçı direktoru Censen Huan 11 günlük fasilədən sonra vəzifəsinə qayıdıb. Onun yenidən şirkətə rəhbərlik etməsi ilə bağlı xəbər dünya fond bazarlarında səhmlərin ümumi dəyərinin təxminən 5 trilyon dollar artmasına səbəb olub.
Qaynarinfo xəbər verir ki, ticarət sessiyasının açılışında "Nvidia" səhmləri 30 faizdən çox bahalaşıb. Nəticədə şirkətin bazar kapitallaşması təxminən 900 milyard dollar yüksəlib.
Huan şəxsi həyatı ilə bağlı qalmaqallar fonunda vəzifəsini tərk etmişdi. Söhbət, xüsusilə, ABŞ xüsusi xidmət orqanlarının Çin naminə casusluqda şübhəli bildiyi iş qadını ilə münasibətlərindən gedirdi. Pekin bu ittihamları rədd edib. "Nvidia" daxilində məsələ ilə bağlı araşdırmanın isə hələ başa çatmadığı bildirilir.
Huanın vəzifəsinə qaytarılmasını ABŞ prezidenti Donald Tramp da açıq şəkildə dəstəkləyib. O, iş adamını “böyük vətənpərvər və milli sərvət” adlandırıb. "Nvidia"nın direktorlar şurası qərar qəbul etməzdən əvvəl ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələrindən tövsiyələr aldığını etiraf edib.
Şirkət rəhbərinin qayıdışı digər texnologiya nəhənglərinin səhmlərinə də müsbət təsir göstərib. Nasdaq 100 indeksi 6 faiz, S&P 500 isə təxminən 5 faiz yüksəlib. Avropanın yarımkeçirici istehsalçıları ASML və Infineon şirkətlərinin səhmlərində də təxminən 10 faizlik bahalaşma qeydə alınıb.
Qeyd edək ki, bu hadisədən əvvəl "Nvidia"nın bazar dəyəri oktyabr ayında qeydə alınmış maksimum göstərici ilə müqayisədə 2,5 trilyon dollardan çox azalmışdı.
Aydın