
Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsinə çalışan şəxs dələduzluğun qurbanı olub.
Qaynarinfo xəbər verir ki, İ.X. adlı şəxs zərərçəkmişə həyat yoldaşı barəsində açılmış cinayət işinə xitam verdirəcəyini vəd edərək ondan 35 min manat alıb.
İ.X. 2025-ci ildə əvvəlcə 5 min, daha sonra isə 30 min manat alaraq ümumilikdə 35 min manat (xeyli miqdarda) pulu ələ keçirib.
Lakin İ.X. törətdiyi əmələ görə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 2 ay 23 gün müddət cəzadan çıxılıb. Nəticədə üzərində 2 il 6 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Müttəhimin müdafiəçisi hökmdən apellyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini istəyib. O, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olduğunu, zərərin könüllü ödənildiyini, törətdiyi əməldən peşman olduğunu və əvvəllər məhkum edilmədiyini əsas gətirib.
Lakin apellyasiya məhkəməsi şikayəti təmin etməyib və Xətai Rayon Məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.
Aydın