
Mərhum Roma Papası Fransiskonun gizli kodlardan istifadə edərək yazdığı gündəliyindəki diqqətçəkən təfərrüatlar üzə çıxıb. Qeydlərində şeytanla qarşılaşmalarından bəhs edən Fransisko cəhənnəmin girişini gördüyünü bildirərək, “Şeytanı gördüm və səsini eşitdim”, deyə yazıb.
Qaynarinfo xəbər verir ki, Katolik Kilsəsinin Papa Levdən əvvəlki rəhbəri Papa Fransiskonun gündəliyindən parçaları əhatə edən “Papa Fransiskonun şəxsi gündəliyi” kitabı çərşənbə axşamı nəşr olunub. Kitabda Papa Fransiskonun ictimaiyyətin diqqətindən kənarda ölüm, şeytan və öz gücü ilə apardığı mübarizədən bəhs edilir.
Şeytanın səsini eşitdiyini və cəhənnəmi gördüyünü yazan Fransiskonun qeydləri dərin daxili sarsıntılar yaşayan dindar insanın portretini ortaya qoyur.
1992-ci ildən ölümündən əvvəlki il olan 2024-cü ilədək apardığı qeydlərə əsaslanan “Papa Fransiskonun şəxsi gündəliyi” kitabı beş dildə və 94 ölkədə yayımlanıb.
Vatikanın yüksək vəzifəli şəxsləri və uzun müddət Fransiskonun sirdaşı olmuş kardinal Viktor Manuel Fernandes tərəfindən tərtib edilən gündəlikdə Papanın ekzistensial böhran yaşadığı dövrlər də əks olunub. Həmin dövrdə o, “artıq zərər verməyə davam etməmək üçün” Tanrının onun həyatına son qoymasının daha yaxşı ola biləcəyini düşündüyünü yazıb.

"Dünən gecə cəhənnəmin girişini gördüm"
Papa Fransisko 2018-ci ildə gündəliyinə belə yazıb:
“Dünən gecə cəhənnəmin girişini gördüm. Bütpərəstlərin azdırıcı təsiri tam gücü ilə davam edirdi. Bir qədər baxmaq üçün gizlicə göz atdım və gördüklərim məni dəhşətə gətirdi. Bu, yuxuya getməzdən əvvəl baş vermişdi. Təsbehimi silah kimi əlimə aldım... Bu, həyatımda ilk dəfə yaşadığım bir təcrübə deyil, lakin bu dəfəki hisslər daha güclü idi”.
Fransisko şeytanla apardığı yorucu mübarizədə Məryəm Anadan kömək istəmək üçün ona yalvardığını da qeyd edib.
Gündəliyin diqqətçəkən hissələrindən birində Fransisko şeytanın “təhdidedici və eyni zamanda şirnikləndirici gözlərini” ən azı üç dəfə gördüyünü bildirib. O, bir dəfə şeytanı avtomobilin pəncərəsindən kənarda gördüyünü, başqa bir vaxt isə kilsədəki ayin zamanı onun “alovlu gözlərinə” baxdığını yazıb.
Papa gündəliyində şeytanla qarşılaşmalarının onu “müqəddəs olmayan şeylərə duyduğu maraq” ilə Tanrının doğruluğu arasında şəxsi seçim qarşısında qoyduğunu bildirib.
Fransisko bu mübarizədə yalnız təsbeh götürərək Məryəm Anaya dua etdikdən sonra qalib gəldiyini qeyd edib.

"Çili səfəri və şeytanın səsi"
Fransiskonun gördüyü görüntülərə bəzən sarsıdıcı hadisələr səbəb olub. Belə hadisələrdən biri 2018-ci ildə Çiliyə səfəri zamanı yaşanıb.
Papa Çiliyə uçuşu zamanı jurnalistlər tərəfindən cinsi istismar hallarını ört-basdır etməkdə ittiham olunan bir yepiskopu müdafiə etdiyinə görə suallarla üzləşib. Daha sonra yanlış məlumatlandırıldığını anlayan Fransisko üzr istəyib.
Papa gündəliyində bu hadisədə şeytanın əlinin olduğunu yazıb.
Fransisko qeydlərində bunları bildirib:
“Romaya qayıtdıqdan bir neçə gün sonra bir iclasda idim. Şeytanı gördüm və onun qalib gəlmiş, hər şeyə sahib olan səsini eşitdim: ‘Artıq istədiyim hər şeyə sahib oldum’. Əvvəlki iki hadisədə onun gözlərini unutmadığım kimi, bu dəfə də səsinin güclü və xırıltılı tonunu unuda bilmirəm”.
Fransisko moizələrində bəzi sələfləri ilə müqayisədə şeytan haqqında daha çox danışırdı. Bir dəfə şeytanlar tərəfindən ələ keçirildiyini iddia edən əlil arabasındakı bir kişi üçün əlləri ilə improvizə edilmiş təmizlənmə ayini də həyata keçirmişdi.

Kitabın arxasındakı şəxs: kardinal Fernandes
“Vaşinqton Post” qəzetinin məlumatına görə, kitabı tərtib edən kardinal Fernandes Fransisko ilə yaxından çalışan bir neçə şəxsin Papanın qeydlər apardığından xəbərdar olduğunu bildirib. Lakin həmin dəftərin yalnız “praktiki məsələləri” əhatə etdiyi güman edilirdi.
Fernandes 2025-ci ildə Papa xəstələnəndə Santa Marta iqamətgahına gedib. Onun məqsədi Fransiskonun “geri dönməz şəkildə huşunu itirməsi” halında tətbiq olunacaq protokolu müzakirə etmək olub.
Fernandes həmin görüşü belə xatırlayıb:
“Bir məqamda o, artıq bu barədə danışmaq istəmədiyinə qərar verdi və bunun əvəzinə mənə gündəliyini və dəyər verdiyi digər kitablarını göstərdi”.
Fransiskonun ölümündən sonra Fernandes gündəliyin mövcudluğu və Papanın istəkləri barədə yeni Papa Leo ilə məlumat paylaşıb.
Kardinal bildirib:
“O, qeydləri mənə göndərdi ki, yazıların kontekstini aydınlaşdırmağa kömək edəcək redaktə işlərini görə və şərhlərimi təqdim edə bilim”.

Kardinal Viktor Manuel Fernandes
Gündəliyin gizli kodları
Fransisko gündəliyinin bəzi hissələrini xüsusi şifrələmə üsulundan istifadə edərək yazıb. Bu isə qeydlərin müəyyən hissələrinin deşifrə edilməsini mümkünsüz edib.
Fernandes kitabda “hazırda yaşayan şəxslərlə” bağlı bir neçə abzası dərc etməməyə üstünlük verdiyini bildirib.
Kardinal əlavə edib:
“Bununla belə, aydınlaşdırmalıyam ki, o, (ABŞ Prezidenti Donald) Tramp, digər siyasətçilər və ya ictimaiyyətə tanınan şəxslər kimi fikir ayrılığı yaşadığı məşhur insanlardan heç vaxt şikayət etməyib. Əksinə, kitabda yer alan hər şey onu dərindən, çox şəxsi və daxili səviyyədə təsirləndirən məsələlərlə bağlıdır”.
Kitabda Fransiskonun Papa seçildikdən sonra nə üçün doğma vətəni Argentinaya heç vaxt qayıtmadığı məsələsinə toxunulmur.
Fernandes gündəliyin Fransiskonun pontifikat dövrü haqqında daha dolğun təsəvvür yaratmaq məqsədilə nəşr edildiyini bildirib. Həmin dövrdə liberal dairələr tərəfindən dəstəklənən Papa bəzi mühafizəkar çevrələr tərəfindən isə “azğın” kimi xarakterizə olunurdu.
Aydın