
ABŞ-da 18 yaşında beyin xərçəngindən vəfat edən Mariya Middltonun müqəddəs elan edilməsi istiqamətində prosesə başlanılıb. Katolik Kilsəsi tərəfindən bu status təsdiqlənərsə, o, zumer nəslinin ilk müqəddəsi ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
ABŞ Katolik Yepiskopları Konfransı Mariyanın beatifikasiya və kanonizasiya prosesinin irəlilədilməsi ilə bağlı səsvermə keçirib. Prosesin başlanması üçün daha əvvəl Filadelfiya arxiyepiskopu Nelson Peres müraciət edib.
2002-ci ildə anadan olan Mariya Pensilvaniya ştatında böyüyüb. O, hələ uşaqlıqdan xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub, yaşlı insanlara kömək edib, Milad bayramı ərəfəsində ehtiyacı olanlara hədiyyələr toplayıb və qocalar evlərində yaşayan insanları ziyarət edib.
Yaxınlarının sözlərinə görə, Mariya eyni zamanda adi gənclər kimi yaşamağı sevib. O, Teylor Sviftin mahnılarına qulaq asır, rəqs edir, heyvanlarla vaxt keçirir və zarafat etməyi xoşlayırdı.
16 yaşında ona əməliyyat olunması mümkün olmayan beyin şişi diaqnozu qoyulub. Ağır xəstəliyinə baxmayaraq, Mariya xeyriyyəçilik fəaliyyətini dayandırmayıb, hətta könüllü missiyası çərçivəsində Uqandaya səfər edib.
2020-ci ildə vəfatından sonra onun Pensilvaniyadakı məzarını ziyarət edənlərin sayı artıb. Bəzi insanlar Mariyanın dualarına bağlı şəfalanma halları barədə məlumat veriblər. Katolik Yepiskopları Konfransı bu iddiaların hələ araşdırılmalı olduğunu bildirib.
Valideynləri qızlarının ölümündən sonra onun qeydləri arasında yazdığı son sözləri tapıblar: “Ümid haqqında düşün”. Sonradan bu ifadə Mariyanın xatirəsinə yaradılan xeyriyyə fondunun adına çevrilib.
Qeyd edək ki, yepiskopların qərarı Mariyanın müqəddəs elan edilməsi yolunda ilkin mərhələlərdən biridir. Kilsə bundan sonra onun həyatını, yazılarını və şəfalanma ilə bağlı iddiaları araşdıracaq. Yalnız bütün mərhələlər uğurla tamamlandıqdan sonra kanonizasiya barədə qərar verilə bilər.
Aydın