
“İbrahimoğlu İnşaat” MMC-nin daşınar və daşınmaz əmlakına 74 min 878 manatlıq məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb şirkətin tikinti materiallarına görə yaranmış borcunu ödəməməsi ilə bağlı məhkəməyə müraciət edilməsi olub.
İş materiallarına əsasən, iddiaçı şirkətlərdən biri 2026-cı ildə “İbrahimoğlu İnşaat” MMC ilə tikinti və metal materiallarının alqı-satqısına dair müqavilə bağlayıb. Müqaviləyə uyğun olaraq mallar təhvil verilsə də, qarşı tərəf ödəniş etməyib.
İddiaçı şirkət yaranmış borcun ƏDV daxil olmaqla 74 878,29 manat olduğunu bildirib. Bununla əlaqədar məhkəməyə müraciət edərək cavabdeh şirkətə məxsus daşınar və daşınmaz əmlak üzərinə 75 230,29 manat məbləğində həbs qoyulmasını istəyib. Bu məbləğə borcla yanaşı, 352 manat dövlət rüsumu da daxil edilib.
Məhkəmə ərizəni qismən təmin edib. Qərara əsasən, “İbrahimoğlu İnşaat” MMC-yə məxsus daşınar və daşınmaz əmlakın 74 878,29 manatlıq hissəsinin özgəninkiləşdirilməsi qadağan olunub. Məhdudiyyət şirkətin bank hesablarındakı vəsaitlərə və valyuta sərvətlərinə də şamil edilib.
Bununla belə, məhkəmə qərarının şirkətin əməkhaqqı ödənişlərinə və dövlət qarşısında məcburi öhdəliklərinin yerinə yetirilməsinə mane olmamalı olduğunu vurğulayıb. İddiaçının dövlət rüsumunun da təminat tədbirinə daxil edilməsi barədə tələbi isə təmin edilməyib.
Qeyd edək ki, “İbrahimoğlu İnşaat” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Zaur Hüseynov Firgəçi oğludur. Lənkəran rayonunun Velədi kəndində qeydiyyatda olan MMC 29 avqust 2024-cü ildə vergi uçotuna alınıb. Şirkət ƏDV qeydiyyatındadır, aktivdir və riskli vergi ödəyicisi hesab edilmir. Vergi məlumatlarına əsasən, hazırda dövlət qarşısında vergi borcu yoxdur.
Aydın