
Neft uzun illər Azərbaycanın iqtisadi gücünün əsas mənbəyi, beynəlxalq siyasətdə təsir imkanlarının mühüm dayağı olub. Enerji gəlirləri ölkənin infrastrukturunu yeniləməyə, müdafiə qüdrətini artırmağa, sosial layihələri maliyyələşdirməyə və regional mövqelərini möhkəmləndirməyə imkan verib. Ancaq dünya dəyişir. Enerji bazarlarında yeni texnologiyalar, alternativ mənbələr və geosiyasi rəqabət neftin əvvəlki strateji çəkisini tədricən azaldır. Azərbaycan üçün əsas sual artıq neftin nə qədər gəlir gətirəcəyi deyil, bu gəlirlərlə hansı gələcəyin qurulacağıdır.
Bu mənada neftin səsinin azalması Azərbaycanın gücünün azalması kimi qəbul edilməməlidir. Əksinə, bu, ölkənin iqtisadi modelini yeni mərhələyə daşımaq üçün tarixi fürsətdir.
Qeyri-neft sektorunun real potensialı
Rəqəmlər də bu keçidin vacibliyini göstərir. 2025-ci ildə qeyri-neft-qaz sektoru ölkə iqtisadiyyatının 71,5 faizini təşkil edib. Bu, iqtisadi strukturda mühüm dəyişiklikdir. Lakin həmin sektorun real artımının 2,7 faiz səviyyəsində qalması göstərir ki, qarşıda görüləsi işlər hələ çoxdur. Deməli, əsas məsələ qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payını artırmaqla kifayətlənmək deyil, onun məhsuldarlığını, ixrac imkanlarını və rəqabət gücünü yüksəltməkdir.
Coğrafi mövqe və Orta Dəhlizin imkanları
Azərbaycanın gələcək iqtisadi gücünün ilk mənbələrindən biri coğrafiyasıdır. Xəzər dənizinin sahilində yerləşən, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən ölkə üçün Orta Dəhliz sadəcə tranzit marşrutu deyil. Bu, yeni iqtisadi ixtisaslaşma imkanıdır.
Yüklərin ölkə ərazisindən keçməsi gəlir gətirir, amma onların emalı, saxlanması, sığortalanması, logistika xidmətlərinin göstərilməsi və sənaye istehsalı daha böyük əlavə dəyər yaradır. Azərbaycan yalnız yolların və dəmir yollarının keçdiyi ölkə deyil, ticarətin təşkil olunduğu, xidmətlərin göstərildiyi regional mərkəzə çevrilə bilər.
Yaşıl enerji – yeni strateji resurs
İkinci istiqamət yaşıl enerjidir. Dünya enerji keçidinə hazırlaşarkən Azərbaycanın günəş və külək potensialı yeni strateji resursa çevrilir. Xəzərin külək enerjisi imkanları, Qarabağ və Şərqi Zəngəzurun bərpaolunan enerji layihələri ölkənin gələcək enerji xəritəsində fərqli mövqe tutmasına şərait yaradır.
Burada məqsəd neft və qazdan imtina etmək deyil. Məqsəd enerji ixracatçısı statusunu qorumaqla yanaşı, elektrik enerjisi və yaşıl texnologiyalar bazarında da iştirak etməkdir. Bunun üçün istehsalla bərabər ötürücü şəbəkələr, enerji saxlama sistemləri və ixrac infrastrukturu da inkişaf etdirilməlidir.
İnsan kapitalı – iqtisadi gücün əsas dayağı
Üçüncü və bəlkə də ən mühüm mənbə insan kapitalıdır. Neft quyusu tükənə, texnologiya köhnələ, marşrutlar dəyişə bilər. Ancaq savadlı, peşəkar və yaradıcı insanın yaratdığı dəyər tükənmir.
Azərbaycanın gələcək gücü universitetlərin keyfiyyətindən, peşə təhsilindən, elmi tədqiqatlardan, innovativ sahibkarlıqdan və rəqəmsal iqtisadiyyatdan asılı olacaq. Süni intellekt, proqram təminatı, kibertəhlükəsizlik, aqrar texnologiyalar və mühəndislik sahələrində rəqabətədavamlı mütəxəssislər yetişdirmək artıq yalnız iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsidir.
Kənd təsərrüfatı və emal sənayesinin rolu
Kənd təsərrüfatı və emal sənayesi də bu yeni modelin mühüm dayaqlarına çevrilə bilər. Azərbaycan ərzaq təhlükəsizliyini yalnız idxalı azaltmaqla deyil, məhsuldarlığı və ixrac qabiliyyətini artırmaqla təmin etməlidir. Su ehtiyatlarının səmərəli idarə olunması, müasir suvarma texnologiyaları, aqrar emal müəssisələri və xarici bazarlara çıxış bu sahədə həlledici olacaq.
Özəl sektor və iqtisadi islahatların əhəmiyyəti
Bütün bunların reallaşması üçün bir şərt var: iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi dövlət xərcləri deyil, güclü və rəqabətqabiliyyətli özəl sektor olmalıdır. Sahibkarın təşəbbüs göstərdiyi, sərmayənin hüquqi təminat aldığı, rəqabətin qorunduğu mühit formalaşmadan diversifikasiya yalnız statistik göstərici olaraq qala bilər.
Beynəlxalq Valyuta Fondunun da Azərbaycanın qarşısında duran əsas vəzifələr sırasında özəl sektorun inkişafını, məhsuldarlığın artırılmasını və iqtisadiyyatın karbohidrogen gəlirlərindən asılılığının azaldılmasını göstərməsi təsadüfi deyil.
Neftdən sonrakı dövrün əsas hədəfi
Azərbaycanın üstünlüyü ondadır ki, bu keçidə sıfırdan başlamır. Ölkənin enerji infrastrukturu, maliyyə ehtiyatları, beynəlxalq tərəfdaşlıqları, nəqliyyat imkanları və regional siyasi çəkisi var. Əsas məsələ həmin üstünlükləri gələcək nəsillər üçün davamlı iqtisadi gücə çevirməkdir.
Siyasət şöbəsi