Xəbər lenti

GTA 6 asılılığının beş əsas əlaməti - Psixoloq məsləhət verir
Dünya11:21 25.11.2026

GTA 6 asılılığının beş əsas əlaməti - Psixoloq məsləhət verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

GTA 6 videooyununa həddindən artıq aludəçilik insanlarda psixoloji asılılığa səbəb ola bilər. Oyuna qarşı asılılığın əsas göstəriciləri arasında onun haqqında davamlı düşünmək, oynamağı dayandırdıqda narahatlıq və aqressiya yaşamaq, vaxt üzərində nəzarəti itirmək və sosial münasibətlərin zəifləməsi var.

Qaynarinfo “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Moskva Dövlət Psixologiya və Pedaqogika Universitetinin “Ekstremal psixologiya” fakültəsinin dekanı, psixologiya üzrə fəlsəfə doktoru Dmitri Deulin bildirib.

Mütəxəssisin sözlərinə görə, oyun asılılığının əlamətlərinə aşağıdakılar daxildir:

Oyun haqqında davamlı və məcburi düşüncələr;

Oynamağı dayandırdıqda narahatlıq və ya aqressiya;

Oyuna sərf olunan vaxtın getdikcə artırılması;

Oyun üzərində nəzarətin itirilməsi;

Sosial münasibətlərin və digər maraqların arxa plana keçməsi, reallıqdan qaçmaq və oyunla bağlı yalan danışmaq.

Deulin qeyd edib ki, bu əlamətlərdən beşinin və ya daha çoxunun bir il ərzində müşahidə edilməsi oyun asılılığına işarə edə bilər. Onun sözlərinə görə, ABŞ Psixiatriya Assosiasiyasının DSM-5 diaqnostik rəhbərliyində oyun pozuntusunun meyarları, Ümumdünya Səhiyyə Təşkilatının Xəstəliklərin Beynəlxalq Təsnifatının 11-ci versiyasında isə oyun davranışına nəzarətin itirilməsi, oyunların digər maraqlardan üstün tutulması və mənfi nəticələrə baxmayaraq oynamağa davam edilməsi əsas göstəricilər kimi müəyyənləşdirilib.

Psixoloq bildirib ki, dünyada gənclər arasında bu cür pozuntuların yayılma səviyyəsi 2-6 faiz arasında qiymətləndirilir. 2026-cı il üzrə 6-18 yaş aralığında olan uşaqları əhatə edən araşdırmada bu göstərici 10 faiz təşkil edib. Oğlanlarda oyun asılılığına rast gəlinmə ehtimalı qızlarla müqayisədə təxminən 2,5 dəfə yüksəkdir. Bununla belə, diaqnostikanın yetərli olmaması real vəziyyətin statistik göstəricilərdən daha ciddi ola biləcəyini istisna etmir.

Deulinin fikrincə, oyun istehsalçıları bu asılılığın yayılmasında maraqlı tərəflərdən biri ola bilərlər. O, araşdırmalarda videooyunlarla yeniyetmələrdə aqressiyanın artması arasında əlaqənin müəyyən edildiyini, ekran qarşısında həddindən artıq vaxt keçirməyin isə narahatlıq, depressiv hallar və yuxu pozuntuları ilə əlaqələndirildiyini vurğulayıb.

Psixoloq xüsusilə uşaqların və yeniyetmələrin risk qrupunda olduğunu bildirib. Onun sözlərinə görə, valideynlər və müəllimlər mümkün asılılıq əlamətlərini vaxtında müəyyənləşdirmək üçün uşaqların davranışlarına diqqət yetirməlidirlər.

Mütəxəssis onlayn oyunlarla bağlı başqa bir təhlükəyə də diqqət çəkib. O qeyd edib ki, bu platformalarda çoxsaylı oyunçuların bir araya gəlməsi və müxtəlif icmaların mövcudluğu gənclərə dağıdıcı ideyaların ötürülməsi, onların ekstremist fəaliyyətə cəlb olunması üçün imkan yarada bilər.

Deulin hesab edir ki, kompüter oyunlarının aqressiv reklamı fonunda rəqəmsal asılılığın qarşısının alınması üçün təklif olunan mexanizmlər çox vaxt effektiv olmur. O, videooyun məzmununun əhaliyə təsirini müzakirə etmək və oyun bazarının tənzimlənməsi ilə bağlı layihə hazırlamaq məqsədilə xüsusi işçi komissiyanın yaradılmasını təklif edib.