
Aral dənizinin qurumuş ərazilərinin bir hissəsinin yenidən su altında qalması təklif olunur. İspaniyalı alimlər hesab edirlər ki, bu addım təkcə ekosistemin bərpasına deyil, həm də atmosferə böyük həcmdə karbon qazının buraxılmasının qarşısının alınmasına kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “EcologíaVerde” nəşri “Science” jurnalında dərc olunan elmi araşdırmaya istinadən məlumat yayıb.
Məlumata görə, Qazaxıstan və Özbəkistan arasında yerləşən Aral dənizi 1960-cı illərdən etibarən sürətlə qurumağa başlayıb. Buna səbəb keçmiş SSRİ dövründə dənizi qidalandıran çayların suyunun Mərkəzi Asiyada pambıq sahələrinin suvarılmasına yönəldilməsi olub.
Alimlərin araşdırması göstərib ki, dənizin quruması yalnız su hövzəsinin kiçilməsi ilə nəticələnməyib. Keçmiş dəniz dibində minilliklər ərzində toplanmış üzvi maddələrin parçalanması atmosferə böyük miqdarda karbon qazının yayılmasına səbəb olub.
Hesablamalara əsasən, Aral dənizinin qurumuş dibi indiyədək atmosferə təxminən 204 milyon ton karbon buraxıb. Bu, 748 milyon ton karbon qazına (CO₂) bərabərdir. Mövcud vəziyyət davam edərsə, əlavə olaraq 605 milyon ton CO₂ atmosferə yayıla bilər.
Tədqiqatçılar problemin qarşısını almaq üçün dənizin əvvəlki ərazisinin müəyyən hissələrini yenidən su altında qoymağı təklif edirlər. Məqsəd bütün Aral dənizini əvvəlki vəziyyətinə qaytarmaq deyil, karbon emissiyalarının qarşısını almaq baxımından daha əhəmiyyətli sahələri seçməkdir.
Alimlərin izahına görə, qurumuş dəniz dibindəki çöküntülər suyun altında olduqda atmosfer oksigeni ilə təması məhdudlaşır. Su çəkildikdən sonra isə oksigen həmin qatlara nüfuz edir və mikroorqanizmlər üzvi maddələri parçalamağa başlayır. Nəticədə karbon qazı ayrılır. Ərazilərin yenidən su ilə örtülməsi bu prosesi əhəmiyyətli dərəcədə zəiflədə bilər.
Təklifin həyata keçirilməsi üçün Mərkəzi Asiyada suvarma və suyun paylanması sistemlərinin yenilənməsi nəzərdə tutulur. Tədqiqatçıların fikrincə, köhnəlmiş kanallarda böyük həcmdə su itkisi baş verir və bəzi sistemlərdə bu göstərici 90 faizə çata bilər.
İlkin hesablamalara görə, layihənin dəyəri təxminən 8,5 milyard avro təşkil edir. Bu investisiya hesabına Aral dənizinin 1960-cı ildəki sahəsinin təxminən yarısını bərpa etmək mümkün ola bilər.
Maliyyələşdirmə üçün alimlər karbon kreditləri mexanizmindən istifadəni də təklif edirlər. Belə ki, layihə nəticəsində qarşısı alınan karbon emissiyaları beynəlxalq bazarlarda karbon kreditləri kimi təqdim oluna və şirkətlərə satıla bilər.
Hesablamalara əsasən, layihə çərçivəsində təxminən 323 milyon ton karbon kreditinin yaradılması mümkündür. Onların bazar dəyərinin isə 3,1-15,8 milyard avro arasında dəyişə biləcəyi ehtimal olunur.
Bununla belə, təşəbbüsün reallaşması üçün ciddi texniki, iqtisadi və siyasi maneələrin aradan qaldırılması tələb olunur.
Aydın