
Orta yaş dövründə artıq çəkiyə sahib olmaq yaddaşın zəifləməsi və zehni qabiliyyətlərin daha sürətlə azalması ilə əlaqəli ola bilər. Yeni araşdırma göstərib ki, bədən çəkisinin normallaşdırılması bu prosesi cəmi iki il ərzində ləngitməyə kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Corciya Universitetinin alimlərinin apardığı və “Journal of Neurology” jurnalında dərc olunan tədqiqatın nəticələrində bildirilir.
Alimlər 8200-dən çox insanı 24 il ərzində müşahidə ediblər. Araşdırma zamanı bədən kütləsi indeksinin (BKİ) artması ilə yaddaşın, diqqətin və qərarvermə qabiliyyətinin daha sürətlə zəifləməsi arasında əlaqə aşkarlanıb.
Tədqiqatçılar müəyyən ediblər ki, BKİ göstəricisinin hər bir vahid artımı icraedici funksiyaların daha sürətli pisləşməsi ilə əlaqəlidir. Bu funksiyalara tapşırıqları planlaşdırmaq, diqqəti cəmləmək və emosiyaları idarə etmək kimi zehni bacarıqlar daxildir.
Artıq çəki ilə beyin sağlamlığının pisləşməsi arasındakı ən güclü əlaqə araşdırmanın başlanmasından səkkiz il sonra müşahidə olunub. Mənfi təsirlər xüsusilə 65 yaşdan yuxarı iştirakçılarda daha qabarıq nəzərə çarpıb.
Çəkinin azaldılması beyni qoruya bilər
Tədqiqatın aparıcı müəllifi, Corciya Universitetinin İctimai Səhiyyə Kollecinin dosenti Suqanq Sonqun sözlərinə görə, çəkisini azaltmağa nail olan iştirakçılarda cəmi iki il ərzində koqnitiv funksiyaların zəifləməsi əhəmiyyətli dərəcədə yavaşlayıb.
Alimlər artıq piy toxumasının orqanizmdə xroniki iltihaba, insulin müqavimətinə və beynin qanla təchizatının azalmasına səbəb ola biləcəyini ehtimal edirlər. Bu proseslər yüngül koqnitiv pozuntular, Alsheymer xəstəliyi və digər demensiya formaları ilə əlaqələndirilir.
Qeyd edək ki, tibbdə bədən kütləsi indeksinin 30 və daha yüksək olması piylənmə göstəricisi hesab edilir.
Bununla belə, tədqiqatçılar nəticələrin səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayırlar. Yəni artıq çəkinin birbaşa beyin funksiyalarını zəiflətdiyini qəti şəkildə demək mümkün deyil. Araşdırma yalnız bu iki amil arasında güclü statistik əlaqənin olduğunu göstərir.
Mütəxəssislərin fikrincə, çəkinin nəzarətdə saxlanılması təkcə ürək-damar xəstəlikləri və ikinci tip diabet riskinin azaldılması baxımından deyil, beyin sağlamlığının qorunması üçün də əhəmiyyətlidir.
Aydın