Xəbər lenti

Süni intellekt bütün zamanların ən təhlükəli silahına çevrilə bilər - Yeni xəbərdarlıqlar
Texnologiya23:42 24.11.2026

Süni intellekt bütün zamanların ən təhlükəli silahına çevrilə bilər - Yeni xəbərdarlıqlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Süni intellektin sürətli inkişafı ilə bağlı qlobal müzakirələr davam edərkən, texnologiya sektorunun tanınmış simalarından yeni xəbərdarlıqlar səslənib. “Meta” şirkətinin süni intellekt üzrə direktoru Aleksandr Vanq super intellektin yaxınlaşdığını bildirərək, bəşəriyyətin qarşıdakı bir il ərzində verəcəyi qərarların gələcəyin necə formalaşacağına təsir göstərəcəyini deyib.

Qaynarinfo xəbər verir ki, Vanq bu barədə açıqlamasında süni intellektin inkişafında yeni mərhələnin başlandığını vurğulayıb.

Onun bu fikirləri “Anthropic” şirkətinin əməkdaşı, türk riyaziyyatçı Levent Alpöğenin süni intellektin köməyi ilə riyaziyyatın ən mürəkkəb problemlərindən biri hesab edilən Riman hipotezini həll etdiyini iddia etməsindən sonra gündəmə gəlib.

Vanq baş verənləri mühüm dəyişikliklərin başlanğıcı kimi qiymətləndirib. Onun sözlərinə görə, süni intellekt sistemləri yaxın gələcəkdə elmi araşdırmalar apara, hətta öz imkanlarını təkmilləşdirməkdə insan səviyyəsini üstələyə bilər. Bu texnologiya biologiya, silah sənayesi və iqtisadiyyat sahələrində tədqiqatların sürətini insanların izləyə bilməyəcəyi həddə çatdıra bilər.

“Meta” rəsmisi süni intellektin cəmiyyət üzərində nəzarəti ələ keçirməsi ehtimalına da diqqət çəkib. O, bu texnologiyanın inkişafının qaçılmaz proses kimi qəbul edilməsini tənqid edərək, cəmiyyətin idarəçiliyinin süni intellektə həvalə olunmasına qarşı çıxıb.

Vanq hesab edir ki, texnologiya elə qurulmalıdır ki, bütün insanlar onun inkişafına təsir göstərmək və qərarlarda iştirak etmək imkanına malik olsunlar. O, bəşəriyyətin süni intellekt üzərində nəzarəti itirməsi riskinin ciddi qəbul edilməsinin vacibliyini vurğulayıb.

Bill Qeytsin xəbərdarlığı yenidən gündəmə gəlib

Bu müzakirələr “Microsoft”un qurucusu Bill Qeytsin süni intellektlə bağlı daha əvvəl səsləndirdiyi fikirləri də xatırladıb.

Qeyts “Decoder” podkastında çıxışı zamanı süni intellektin qarşıdakı 20 il ərzində dünyada ciddi və sarsıdıcı dəyişikliklər yaradacağını bildirib. O, texnologiyaya nikbin yanaşmasına baxmayaraq, onu bütün dövrlərin ən təhlükəli silahı hesab etdiyini deyib.

Bununla yanaşı, Qeyts süni intellekt və insanabənzər robotların istehsal prosesində geniş tətbiqi nəticəsində insanların işləmək məcburiyyətinin azala biləcəyini proqnozlaşdırıb. Onun təsvir etdiyi gələcəkdə ərzaq, mənzil və dərman kimi əsas ehtiyacların dəyəri kəskin şəkildə aşağı düşə, hətta bəzi məhsullar demək olar ki, pulsuz ola bilər.

Lakin bu ssenarinin başqa bir tərəfi də var. Qeytsin fikrincə, insanların yaşamaq üçün pul qazanmaq məcburiyyətindən azad olduğu cəmiyyətdə əsas problemlərdən biri həyatın mənasını və məqsədini tapmaq olacaq.

Aydın