
2026-2027-ci ilin qış mövsümündə retro üslublu baş geyimləri yenidən dəbə minəcək. Beretlərdən tutmuş balaklavaya qədər müxtəlif modellər həm soyuqdan qorunmaq, həm də geyim tərzini fərqləndirmək üçün aktual olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri stilist Qalina Denisükə istinadən məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, bu mövsüm baş geyimləri sadəcə praktik aksesuar deyil, obrazın əsas tamamlayıcı elementlərindən birinə çevriləcək. Dizaynerlər klassik və sadə modellərlə yanaşı, ötən əsrin 60-cı və 90-cı illərini xatırladan variantlara da üstünlük verirlər.
Bu qış hansı modellər seçiləcək?

Stilist qış mövsümü üçün altı əsas baş geyimi növünü fərqləndirib:
- Toxunma papaqlar (bini): Kaşmir, yun və qalın trikotajdan hazırlanan sadə modellər gündəlik istifadə üçün ən universal seçimlərdəndir.
- Beretlər: Xüsusilə palto, çəkmə və şərflərlə birləşdirildikdə zərif və klassik görünüş yaradır.
- Kepilər: Daha fərqli və ifadəli geyim tərzi yaratmaq istəyənlər üçün uyğun hesab olunur.
- Xəz baş geyimləri: Fərqli teksturası ilə obrazı daha diqqətçəkən edir.
- Kapüşonlu papaqlar və balaklavalar: Həm soyuq havada qoruyucu funksiyası, həm də qeyri-adi görünüşü ilə seçilir.
- Yaylıqlar: Palto ilə, digər baş geyimlərinin altında və ya retro üslubda bağlanaraq istifadə edilə bilər.

Denisük baş geyimini mütləq üst geyimlə eyni rəngdə seçməyin vacib olmadığını da vurğulayıb. Onun fikrincə, fərqli rəng və materialların uyğunlaşdırılması daha maraqlı obraz yarada bilər.
60-cı və 90-cı illərin dəbi geri dönür
Nəşr qeyd edir ki, beretlər xüsusilə 1960-cı illərdə fransız üslubunun rəmzlərindən biri kimi populyarlaşıb. 1990-cı illərin əvvəllərində isə bu aksesuara maraq yenidən artıb. Həmin dövrdə Madonna, Demi Mur, Canet Cekson və Kim Beysinger kimi məşhurlar beretlərdən istifadə edərək fərqli geyim üslubları nümayiş etdiriblər.

Bu gün həmin tendensiya yenidən aktuallaşır. Bununla belə, stilistlər dəb qaydalarını mütləq seçim kimi qəbul etməməyi, baş geyiminin həm geyim tərzinə uyğun olmasına, həm də rahatlığına diqqət yetirməyi məsləhət görürlər.
Aydın