
İsveçrə Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın qanunsuz əldə etdiyi aktivlərin daha bir hissəsini ölkəyə qaytaracaq.
Qaynarinfo xəbər verir ki, İsveçrə və Özbəkistan 252,5 milyon dollar dəyərində aktivlərin geri qaytarılması ilə bağlı sazişi təsdiqləyib.
Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin məlumatına görə, qaytarılacaq vəsait əhalinin rifahının yaxşılaşdırılması və insan kapitalının inkişafı məqsədilə “İşonç” fondu (“Özbəkistanın Baxışı 2030” Fondu) vasitəsilə istifadə ediləcək.
Fondun resurslarının bölüşdürülməsi strategiyasının ilk mərhələsində səhiyyə və təhsil sahələrinə 87 milyon dollar ayrılıb. Vəsait ana və uşaq sağlamlığının qorunması, perinatal xidmətlərin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin rəqəmsal bacarıqlarının artırılması və bu sahələrdə institusional imkanların gücləndirilməsinə yönəldiləcək.
Qeyd edək ki, 2022-ci ilin avqustunda Özbəkistan Ədliyyə Nazirliyi ilə İsveçrə hakimiyyəti arasında Gülnarə Kərimovaya məxsus 131 milyon dollar dəyərində aktivlərin ölkəyə qaytarılması barədə yekun saziş imzalanmışdı.