
Bakıda mənzil qiymətlərinin əhalinin gəlirləri ilə müqayisədə daha sürətlə artması orta gəlirli ailələrin ev sahibi olmaq imkanlarını məhdudlaşdırır.
Aylıq ümumi gəliri 2 000 manat olan 2-3 nəfərlik ailənin hazırkı bazar şərtlərində mənzil alması nə dərəcədə realdır? Belə ailələr hansı ərazilərdə və hansı qiymət seqmentində mənzil axtarmalıdır?
Qaynarinfo-ya iqtisadçı ekspert, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, aylıq ümumi gəliri 2 000 manat olan 2-3 nəfərlik ailənin Bakıda mənzil alması mümkündür, lakin bunun üçün düzgün ərazi və mənzil seqmenti seçilməlidir. Burada əsas məsələ ailənin mənzil almaq istəyindən daha çox, onun maliyyə imkanlarının bazardakı qiymətlərlə nə dərəcədə uzlaşmasıdır.
Onun sözlərinə görə, hazırda mənzil bazarında əsas problemlərdən biri qiymət artımı ilə əhalinin gəlir artımı arasındakı fərqdir:
“Biz mənzil bazarına yalnız tələb və təklif münasibətləri baxımından yanaşmamalıyıq. Burada əhalinin real alıcılıq qabiliyyəti də əsas göstəricilərdən biridir. Bazarda mənzil təklifinin olması hələ o demək deyil ki, orta gəlirli ailə həmin mənzili almaq imkanına malikdir. Xüsusilə ilkin ödəniş üçün kifayət qədər vəsaiti olmayan ailələr üçün mənzil sahibi olmaq daha da çətinləşir”.
Vüqar Oruc qeyd edib ki, aylıq gəliri 2 000 manat olan ailə mənzil almağı planlaşdırarkən ilk növbədə kredit ödənişinin ailə büdcəsinə təsirini hesablamalıdır. Onun fikrincə, belə ailə üçün aylıq 600-700 manat civarında kredit ödənişi daha ehtiyatlı yanaşma ola bilər. Çünki ailənin ərzaq, kommunal xidmətlər, nəqliyyat, təhsil və digər gündəlik xərcləri də var.

Hansı ərazilərdə mənzil almaq daha realdır?
İqtisadçı hesab edir ki, bu gəlir səviyyəsinə malik ailələr üçün Bakının mərkəzi hissələrindəki yeni tikililərdən daha çox, nisbətən münasib qiymət təklif olunan ərazilər diqqət mərkəzində olmalıdır:
“Binəqədi rayonunda Biləcəri və Xocəsən istiqaməti, Suraxanıda Yeni Günəşli, Hövsan və Əmircan, Xətai rayonunda Əhmədli və Həzi Aslanovun bəzi hissələri, Sabunçuda Zabrat və Ramana kimi ərazilər nəzərdən keçirilə bilər. Abşeron istiqamətində isə Masazır, Xırdalan və Mehdiabad alternativ seçimlərdir. Əlbəttə, burada yalnız qiymət deyil, nəqliyyat əlçatanlığı, sosial infrastruktur, mənzilin hüquqi sənədləri və texniki vəziyyəti də nəzərə alınmalıdır”.
Onun sözlərinə görə, 2-3 nəfərlik ailə üçün 40-55 kvadratmetr sahəsi olan, bir və ya ikiotaqlı mənzillər daha real seçim hesab edilə bilər. Xüsusilə çıxarışı olan, texniki vəziyyəti qənaətbəxş köhnə tikililərə və münasib qiymətli yeni tikililərə baxmaq məqsədəuyğundur.
İqtisadçı 90-100 min manatlıq mənzil nümunəsində ilkin ödəniş məsələsinə də diqqət çəkib. Belə mənzil üçün 20-25 min manat ilkin vəsaitin olması və qalan məbləğin uzunmüddətli kredit hesabına maliyyələşdirilməsi variantı nəzərdən keçirilə bilər. Bununla belə, kreditin verilməsi ailənin rəsmi gəlirindən, kredit tarixçəsindən və ipoteka şərtlərinə uyğunluğundan asılıdır.
Mənzil qiymətləri gəlirlərdən daha sürətlə artır
Vüqar Oruc son beş ildə mənzil qiymətləri ilə əhalinin gəlirləri arasındakı dəyişikliklərə də münasibət bildirib.
O qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə orta aylıq nominal əməkhaqqı 2021-ci ildə 732,1 manat olduğu halda, 2025-ci ildə 1 103,2 manata yüksəlib. Bu, təxminən 50,7 faizlik artım deməkdir.
“İlk baxışdan əməkhaqqında kifayət qədər artım olduğunu görürük. Lakin mənzil bazarını təhlil edərkən bu göstəricini daşınmaz əmlak qiymətlərinin dinamikası ilə müqayisə etmək lazımdır. Mərkəzi Bankın məlumatlarına əsasən, 2025-ci ildə mənzil qiymətləri 12,2 faiz artdığı halda, əhalinin sərəncamında qalan gəlirlərdə artım 7,6 faiz təşkil edib. Yəni mənzil qiymətlərinin artım tempi gəlirlərin artımını üstələyib. Bu fərq mənzil əldə etmək imkanlarına birbaşa təsir göstərir”.
İqtisadçı vurğulayıb ki, orta əməkhaqqı göstəricisinin yüksəlməsi bütün ailələrin eyni səviyyədə gəlir əldə etməsi anlamına gəlmir. Eyni zamanda, ailənin gəliri ilə onun yığım imkanları arasında da ciddi fərq var:
“Əsas məsələ yalnız aylıq gəlirin nə qədər olması deyil. Həmin gəlirdən nə qədər vəsaitin yığıma yönəldilə bilməsidir. Çünki mənzil almaq istəyən ailə üçün ilkin ödəniş çox vaxt ən böyük maneəyə çevrilir. Aylıq gəliri müəyyən kredit ödənişinə imkan verən ailənin belə ilkin kapitalı yoxdursa, mənzil əldə etməsi çətinləşir”.
Vüqar Oruc hesab edir ki, mənzil siyasətində əsas diqqət yalnız yeni yaşayış binalarının tikintisinə deyil, həm də mənzillərin əhali üçün əlçatanlığına yönəldilməlidir:
“Bizim üçün əsas göstərici tikilən mənzillərin sayı ilə yanaşı, həmin mənzilləri hansı gəlir qrupuna daxil olan ailələrin ala bilməsidir. Orta gəlirli ailələrin mənzil sahibi olması üçün əlçatan ipoteka imkanlarının genişləndirilməsi, ilkin ödəniş yükünün azaldılması və iqtisadi mənzil layihələrinin artırılması vacibdir”.
AQC İdarə Heyətinin sədri hesab edir ki, aylıq 2 000 manat gəliri olan ailənin Bakıda mənzil alması mümkündür, lakin bu imkan ilkin yığımın, uyğun kredit şərtlərinin və düzgün mənzil seçiminin mövcudluğundan asılıdır. İlkin kapitalı olmayan ailələr üçün isə hazırkı bazar şəraitində bu məqsədə çatmaq daha çətindir.
Günay İlqarqızı