
Qaynarinfo.az saytı "Gizli Azərbaycan" adlı layihəsini davam etdirir.
Layihənin məqsədi Azərbaycanın uzaq və yaxın tarixi ilə bağlı qaranlıq səhifələrə işıq tutmaq, mübahisəli məqamlara aydınlıq gətirməkdir.
Şair, araşdırmaçı publisist Elnur Astanbəylinin hazırladığı "Gizli Azərbaycan” başlıqlı bu silsilə yazılarda hər həftə keçmişimizlə bağlı doğru bilinən yanlışları, yanlış bildiyimiz doğruları yalnız və yalnız tarixi sənədlərin, mötəbər qaynaqların köməyi ilə gözdən keçirəcəyik.
Tariximizlə bağlı qeyd-şərtsiz həqiqət kimi qəbul etdiyimiz hansı hadisələr əslində mif, mif kimi qəbul etdiyimiz nələr əslində həqiqətdir?
Layihə çərçivəsində növbəti yazını təqdim edirik:
Azərbaycanda sovet hakimiyyətini quranlar doğrudanmı sovet hakimiyyətini yıxmaq istəmişdilər?
Elnur Astanbəyli
I hissə
Azərbaycanda qanlı 1937-ci il repressiyasının dəhşətli səhifələrindən biri də "Şamaxı işi"dir. Bu şərti ad altında bilinən siyasi qətliam 1937-ci il oktyabrın 27-də başlamış və beş gün çəkmişdi. 1937-ci il noyabrın 2-dək davam edən prosesdə məhkum edilənlərin ümumi sayı 400 nəfərə çatırdı.
Həbs edilənlərin bir çoxu Azərbaycanın tanınmış bolşevikləri, ilk Cümhuriyyətin (1918-1920) devrilməsində və Sovet hakimiyyətinin qurulmasında fəal rol oynayan şəxslər (başda Həmid Sultanov olmaqla) idi. Sonda isə onların azı 60 nəfəri güllələnməyə məhkum edildi.
Beləliklə, “Gizli Azərbaycan” seriyasından yeni araşdırmamızda maraqlı bir sualın arxasınca düşəcəyik: Azərbaycanda sovet hakimiyyətini quranlar doğrudanmı sovet hakimiyyətini yıxmaq istəmişdilər?

Bu suala cavab tapmaq üçün isə ilk növbədə məhz “Şamaxı işi”ndən başlamağı uyğun bildik.
"Şamaxı işi" necə başladı?
Başda İosif Stalin olmaqla, SSRİ-nin o vaxtkı rəhbərliyi hesab edirdi ki, "burjuaziyanın agentlərinə, fəhlə və kəndli sinfinin mənfur düşmənlərinə" qarşı mübarizə daha da amansızcasına aparılmalıdır, hətta 1937-ci ilin yayında bu haqda məxfi göstəriş hazırlanmış və bütün müttəfiq respublikalarına göndərilmişdi. Həmin direktivdə açıq şəkildə fiziki məhvdən söhbət gedirdi.
Hələ bu göstərişdən bir müddət əvvəl Şamaxı rayonunun Təklə kəndindəki Molotov adına kolxozun sədrinə respublika toplanışında iştirak etmək üçün 70 nəfər qabaqcıl kolxozçunun siyahısını hazırlamaq tapşırılmışdı. Lakin bu 70 nəfər respublika toplanışı əvəzinə, Xalq Daxili İşlər Komissarlığının ("NKVD") zindanına göndərilmişdi. Onların əksəriyyəti – 60 nəfəri o dövr üçün ənənəvi olan ittihamlarla formal məhkəmə edilərək güllələnmişdi; bundan sonra isə siyasi terrorun yeni pərdəsi açıldı.

Bildirildi ki, "Həmid Sultanovun başçılığı ilə Şamaxı rayonunda antisovet, əksinqilabçı, üsyançı, casus-terrorçu və burjua-millətçi təşkilat aşkar edilib" (Füzuli Sabiroğlu, "Dərhal güllələnsin!" adlı araşdırma məqaləsi).
Həmid Sultanov kim idi?
Dosye: Sultanov Həmid Həsən oğlu 26 may 1889-cu ildə Qazax qəzasının Şınıx-Ayrım kəndində doğulub. 1909–1913-cü illərdə Almaniyanın Leypsiq Politexnik İnstitutunda təhsil alıb.
Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası (Bakkomuna) dövründə (25 aprel 1918 – 31 iyul 1918) Bakı şəhər və rayonları Hərbi İnqilab Komitəsinin üzvü, Bakı Xalq Komissarları Şurasının qəza müvəkkillərindən biri olub.
1919-da Azərbaycan Cümhuriyyətinə qarşı silahlı üsyanın təşkilatçıları sırasında onun da adı vardı.
Sovetləşmədən sonra Azərbaycan İnqilab Komitəsi üzvü, ASSR-in ilk daxili işlər komissarı, İran KP katibi, sənaye və ticarət komissarı, Azərbaycan Xalq Təsərrüfatı Şurası sədri, Nax.MSSR XKŞ sədri, ZSFSR MİK katibi, ASSR kommunal təsərrüfatı komissarı və s. vəzifələrdə çalışıb.
1920-ci il aprelin 28-dən 1921-ci il iyulun 1-dək Azərbaycan SSR-nin ilk daxili işlər naziri olan H. Sultanov xüsusilə 1920-ci ildə bolşevik işğalına qarşı mübarizənin mühüm səhifələrindən olan Gəncə üsyanına qarşı "şücaəti" ilə tanınır. Üsyanın yatırılmasında "fövqəladə komissar" sifəti ilə həlledici rollardan birini, bəlkə də, birincisini oynayan Sultanov etirazçılara qarşı dəhşətli amansızlığı ilə də seçilmişdi.
Bütün bunlara baxmayaraq, yeni hökumət ona təşəkkürü lazım bilməmişdi: çünki üsyanın miqyası qısa vaxtda xeyli böyümüş, bolşevik ordusu ciddi zərbələr almış, ən əsası isə üsyançıların heç də hamısı ram edilməmişdi, onların bir hissəsi dağlara çəkilmiş və işğalçılara qarşı potensial təhlükə mənbəyi olaraq qalmışdılar. Digər tərəfdən, Azərbaycanın görkəmli aydınlarından olan, ədəbiyyat tarixçiliyimizin banisi sayılan Firudin bəy Köçərlinin güllələnməsi də məhz Həmid Sultanovun adı ilə birbaşa bağlıdır.
İlk Cümhuriyyətimizin elan edildiyi gün – 1918-ci ilin 28 Mayında Azərbaycan Milli Şurasının üzvü seçilən və İstiqlal bəyannaməsini imzalayan Köçərli, 1919-cu il fevralın 1-də Müsavat Partiyasının Qazax şöbəsinə sədr seçilmiş, Sovet işğalına qədər isə Qazax Müəllimlər Seminariyasına rəhbərlik etmişdi.
1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini Müsavatın yerli təşkilatının digər rəhbərlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə" və daha nələrdə ittiham edərək, Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən həbsə atmışdılar.
Şahidlər dindirilmədən, həbs olunanların ifadələri nəzərə alınmadan güllələnmə haqqında qərar çıxarılmışdı. Qərarın altında Həmid Sultanovun da imzası vardı.
Həmin qərardan çıxarış:
"Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda Müsavat Partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər.
Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.
Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman.
Təsdiq edirəm: Fövqəladə komissar H. Sultanov".
Köçərlini güllələtdirdi, özü də güllələndi...

"Şamaxı işi" ilə bağlı Həmid Sultanovla yanaşı, müttəhimlər kürsüsündə daha 13 nəfər vardı.
Bunlar Şamaxı rayonunun yerli partiya rəhbəri Xəlfə Hüseynov, Şamaxı İcraiyyə Komitəsinin keçmiş sədri İsrafil İbrahimov, Şamaxı rayonunun yerli partiya təşkilatının ikinci katibi Aram Avalov, rayon prokuroru Əhməd Əmirov, yerli şərabçılıq sovxozunun direktoru Əlisahib Məmmədov, rayon torpaq şöbəsinin müdiri Georgi Yurxanov, rayonun baş baytarı Ağalar Kələntərov, yol şöbəsinin müdiri Məmməd Mirzə Heybalıyev, Molotov adına kolxozun sədri Mirəli Tanrıverdiyev, anbardarı Sirac Cəbiyev, partiya komitəsinin katibi Əli Sadıqov, Təklə kənd sovetinin sədri Babalı Bəkirov və həmin kəndin sakini Məmməd Hüseynov idi.
Bir zamanlar şərlənərək güllələnməsində müstəsna rol oynadığı Firidun bəy Köçərlidən fərqli olaraq, Həmid Sultanov ona qarşı ittihamları asanlıqla boynuna alır. Etiraf edir ki, "əksinqilabi millətçi mərkəzin üzvü" olub, üstəlik, həmin mərkəzin yaradılmasında məqsəd "yerli sovet hökumətini yıxaraq Azərbaycan SSR-ni SSRİ-dən ayırmaq və kapitalist mülkiyyəti bərpa etmək" imiş.
Bundan başqa, həmin mərkəz "partiya rəhbərlərinə, hakimiyyətə qarşı terror aktları, xalq təsərrüfatında ziyanvericilik və casusluq etməyə hazırlıqlar" görürmüş.
Sultanov yoldaşlarını ələ verir...

Həmid Sultanov bununla da kifayətlənmir.
O, haqqında danışdığı "əksinqilabi millətçi mərkəzin" mərkəzin rəhbəri kimi başqa bir qatı bolşeviki – Ruhulla Axundovu, icraçılar kimi isə Şamaxı rayonunun yuxarıda adları çəkilən rəhbərlərini göstərir.
Ruhulla Axundovla bağlı məqam xüsusilə ibrətamizdir, odur ki, həmin məqamın üstündə geniş dayanmağa ehtiyac var.
Kimin ağlına gələrdi ki, 1934-cü ildə, SSRİ Kommunist Partiyasının XVII qurultayında “xalqlar atası” İosif Stalinin şəxsən görüşüb qucaqlaşdığı, bir il sonra isə Sovet İttifaqının ən yüksək təltiflərindən birinə – “Lenin” ordeninə layiq görülən R. Axundov cəmi bir neçə il sonra “düşmən” elan ediləcək və ölümə göndəriləcəkdi?
1917-ci ildən "sol" eser qrupunun üzvü olsa da, 1918-ci ildə bu qrupla bolşeviklərin münasibətlərinin kəskinləşməsi səbəbindən seçimini ikincilərdən yana edən, 1919-cu ilin mayından isə Kommunist Partiyası sıralarına keçən və Azərbaycan Cümhuriyyətinə qarşı əks fəaliyyətini gücləndirən R. Axundov elə o zamanlar iddia edirdi ki, istiqlaliyyəti elan olunmuş Azərbaycana baxdıqda addımbaşı təcavüz, zülm, səfalət görmək olar, başqa da heç nə... Aşkar şəkildə Cümhuriyyətin legitimliyini rədd edən Ruhulla Axundov bu istiqlalın fəhlə və kəndlilərin həyatında heç bir müsbət dəyişiklik yaratmadığına işarə vururdu, halbuki sovetləşmənin ilk illərindəcə Sovet Azərbaycanının başqa bir qurucusu Nəriman Nərimanov bir çox başqaları ilə birlikdə elə Ruhulla Axundovun özünü də öz şəxsi mənfəətləri naminə həmin bu Sovet Azərbaycanını simasızlaşdırmaqda, onun mənafeyini satmaqda günahlandıracaqdı!
R. Axundovla bağlı 1937-ci il repressiyasına dair tarixi faktlar isə sadəcə ürək ağrıdır.
“Ruhulla Axundov o dərəcədə döyülürdü ki, axırda onu Sumbatovun (Azərbaycan SSR xalq daxili işlər komissarı – E.A.) otağından xərəkdə çıxarırdılar” – bu cümlə “Məhv edilmiş türkoloqlar” (müəllifləri: D. Aşnin, V. M. Alpatov, D. M. Nasilov) kitabındandır.
Bir zamanlar sovetləşməyə ölkəsinin xilası kimi baxan, rus-bolşevik işğalını xalqın yeganə qurtuluşu kimi görən, 1920-ci ilin 28 aprelində Sovet hakimiyyətinin Azərbaycanda zor gücünə bərqərar edilməsindən sonra ən yüksək postları tutan Ruhulla Axundov cəmi 17 il sonra uğrunda gecə-gündüz çarpışdığı bir rejimin zindanında ağlagəlməz işgəncələrin qurbanına çevrilmişdi.
Əslində, o, rus-bolşevik işğalından sonra bir çox yüksək postlar tutmuşdu. 1924-1930-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) katibi, Azərbaycan SSR xalq maarif komissarı işləmişdi. Karl Marksın əsərlərinin dilimizə tərcüməsi, 1928-1929-cu illərdə nəşr olunmuş ikicildlik ilk "Rusca-türkcə lüğət" onun adı ilə bağlıdır. 1927-ci ilin noyabrında Azərbaycan SSR KP-nın VIII qurultayında həmin vaxt xalq maarif komissarı postunu tutan Axundovun məruzəsi dinlənilmiş və ümumi ibtidai təhsilə keçmək üçün hazırlıq işlərinə başlamaq haqqında qərar qəbul edilmişdi. Bir il sonra – 1928-ci ildə məhz onun tapşırığı ilə "Kommunist" qəzetində “gənc nəslin millət və din əleyhinə tərbiyə edilməsi üçün” 6 təklif irəli sürülmüşdü. Bu təkliflərdən bəzilərinə görə, “millətçi müəllimlər məktəblərdən çıxarılmalı”, “müəllimlərin proletar sinfindən olmasına əhəmiyyət verilməli”, “komsomol və pioner dərnəkləri məktəblərdə kəndli fəaliyyətlərini artırmalı və millət əleyhinə proqramlarını çoxaltmalı”, “milli bayramlar tamamilə ləğv edilərək bunların yerinə inqilab bayramları qoyulmalı” idi.
R. Axundov latın əlifbasının qızğın tərəfdarlarındandı və 1929-cu ildə Azərbaycanda ərəb əlifbasının latın əlifbası ilə əvəzlənməsində onun mövqeyi əhəmiyyətli rollardan birini oynamışdı.
1932-ci ildə yaradılan SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinə (onu hazırkı Azərbaycan Milli Elmlər Akademiyasının – AMEA-nın sələfi də adlandırmaq olar) məhz Axundov rəhbər təyin edilmişdi.
Tərcümeyi-halındakı o dövr üçün kifayət qədər önəmli sayıla biləcək bu məqamları xatırlatmaqda məqsədimiz var: Ruhulla Axundov Sovet Azərbaycanında həm vəzifə, həm də ideoloji baxımdan mühüm sima idi; lakin bunların heç biri onun “qırmızı terror” qurbanına çevrilməsinin qarşısını almaq üçün yetərli olmadı. Ona qarşı münasibətin kəskin dəyişməsi Mir Cəfər Bağırovun 1933-cü ilin oktyabrında Sovet Azərbaycanının rəhbərliyinə gətirilməsindən sonra başlayır. Hərçənd 1920-ci illərdə Axundovla Bağırovun münasibətləri pis deyildi, hətta bu ikilinin yaxın dost olduqlarını iddia edənlər də var.
Növbəti onilliyin ortalarında isə Bağırov artıq Axundova rəqiblərindən biri kimi baxır, yerinə göz dikdiyini düşünür və bu səbəbdən də onu zərərsizləşdirmək üçün yollar axtarırdı.
1937-ci il iyunun 8-də "Pravda" qəzetində Rıklin imzası ilə "Düşmənin hiylələri" adlı məqalə dərc ediləndən sonra artıq Ruhulla Axundovu ağır günlərin gözlədiyini güman etmək çətin deyildi. Həmin məqalədə o, təkcə “trotskiçi” yox, həm də “müsavatçı” elan olunmuşdu. Bəli, bəli, “müsavatçı”!
Taleyin kədərli ironiyasına baxın: 1919-cu il mayın 28-də, Azərbaycan Cümhuriyyətinin bir yaşını qeyd etdiyi gündə yazdığı məqaləsində ona ən ağır ittihamlar yağdıran, onun qurucularını, rəhbərlərini “millətin bütün haqqını qəsb edən bir ovuc müftəxor, müstəbid” adlandıran, Cümhuriyyəti “zavallı millətin boynuna yeni, açılmaz, qırılmaz zəncirlər taxmaqda” günahlandıran biri öz sevimli rejimi tərəfindən cəmi 18 il sonra “müsavatçı” elan edilir, Sovet Azərbaycanının “bütün təşkilat və idarələrini öz adamları ilə, gizli və açıq düşmənlərlə “zibilləməkdə”” günahlandırılırdı.
“Pravda”dakı yazının üstündən cəmi 6 ay keçdikdən sonra, 1937-ci ilin soyuq bir dekabr səhəri Ruhulla Axundov evdən çıxıb işə gedərkən yaşadığı binanın qarşısında saxlanılır.
Elə həmin gün də sevimli partiyasının sıralarından qovulur.
Çox sonralar, 1954-cü ildə Mir Cəfər Bağırov öz dindirməsi zamanı Axundovun həbsinə Stalindən icazə istədiyini deyəcək, onun haqqında ittihamlardan ibarət qovluğu Moskvaya göndərdiyini, həbsi barədə razılıq aldıqdan sonra bu addımın atılacağını söyləyəcəkdi.
Yeri gəlmişkən: Stalin həbs icazəsi verməmişdən əvvəl Bağırovdan Azərbaycanda nəşriyyat və poliqrafiya sahəsində yoldaş Ruhullanı əvəz edəcək bilikli və təcrübəli şəxsin olub-olmadığını soruşur, qarşı tərəfdən müsbət cavab aldıqdan sonra razılığını bildirir.
Ancaq onu da vurğulamaq lazımdır ki, R. Axundov haqqında ittihamlar arasında “Şamaxı işi” çərçivəsində Həmid Sultanovun NKVD-dəki “etirafedici ifadələrinin” mühüm rolu olub. Həmin ifadələrində Sultanov qarşısına “yerli sovet hökumətini yıxaraq Azərbaycan SSR-ni SSRİ-dən ayırmaq və kapitalist mülkiyyəti bərpa etmək”, “partiya rəhbərlərinə, hakimiyyətə qarşı terror aktları, xalq təsərrüfatında ziyanvericilik və casusluq etməyə hazırlıqlar görmək” kimi məqsədlər qoymuş “əksinqilabi millətçi mərkəzin” rəhbəri olaraq məhz Ruhulla Axundovu göstərmişdi. Yoldaş Ruhulla həbs olunduqdan sonra “cinayətlərinin hədsiz ağır olması səbəbilə” Moskvaya aparılmış, bir müddət burada saxlanılmış, həmin müddətdə təzyiqlərə dözə bilməyib bütün “günahlarını boynuna almışdı”.
Moskvaya aparılmamışdan əvvəl isə Bakıda, Sumbatovun otağında, bəzi iddialara görə, bir çox hallarda Bağırovun iştirakı ilə R. Axundov dəhşətli şəkildə döyülür, həmin otaqdan halsız, yarımcan vəziyyətdə, xərəkdə çıxarılırdı. Bu işgəncələrdən ağlını itirmək dərəcəsinə çatan Axundov hətta tanımadığı adamları belə “rəhbəri olduğu təşkilatının fəal üzvü” adlandırmalı olurdu.

Moskvadakı zindandan Xalq Daxili İşlər Komissarı Yejovun adına yazdığı “etirafedici” məktub belə onun köməyinə çatmır və...
Və 1938-ci il aprelin 21-də 41 yaşlı Ruhulla Axundov haqqında güllələnmə hökmü yerinə yetirilir.
Ertəsi gün isə 20 ilə yaxın yolunda yorulmadan çarpışdığı, əsərlərini ilk dəfə dilimizə çevirdiyi, cəmi 11 il əvvəlki məqaləsində “bəşəriyyət naminə tarixdəki bütün alimlərin birlikdə gördüyü işdən daha çox iş gördüyünü” yazdığı dahi rəhbərin – Leninin doğum günü idi...
Sultanovun ələ verdiyi digər bolşevik yoldaşlarına gəlincə...
Onların arasında Qambay Vəzirov, Dadaş Bünyadzadə kimi tanınmış bolşeviklərlə yanaşı, başqa bir məşhur şəxs də vardı: bu, SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) sədri (21 may 1925 — iyun 1937), Azərbaycan SSR Xalq Komissarları Sovetinin 2-ci Sədri (6 may 1922 — 14 mart 1930), Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Sədri (14 mart 1930 — 12 noyabr 1931), ZSFSR Xalq Komissarları Sovetinin Sədri (28 yanvar 1932 — 5 dekabr 1936) kimi yüksək vəzifələr tutmuş Qəzənfər Musabəyov idi.

Üstəlik, Musabəyov onun qaynı idi.
Digər ittiham olunanlar da H. Sultanovla eyni ifadələri verir. Nəticədə məhkəmə başda H. Sultanov olmaqla, ümumilikdə 9 nəfəri (digərləri: Xəlfə Hüseynov, İsrafil İbrahimov, Əhməd Əmirov, Aram Avalov, Georgi Yurxanov, Əlisahib Məmmədov, Ağalar Kələntərov və Məmməd Hüseynov) ölüm hökmünə məhkum edirlər.
Beləliklə, Firidun bəy Köçərlinin güllələnmə qərarını imzalayan H. Sultanovun özü də 17 il sonra eyni aqibəti yaşamalı olur.
İttiham edilənlərdən digərləri isə 8–20 il müddətinə sürgünə göndərilir.
Şərhsiz!
H. Sultanovun arvadı Ayna Sultanova 1937-ci ildə, qaynı Qəzənfər Musabəyov isə 1938-ci ildə repressiya tədbirləri çərçivəsində ölümə məhkum edildilər.
Bundan başqa, 1937-ci ildə Ruhulla Axundov, 1938-ci ildə Dadaş Bünyadzadə də uğrunda mübarizə apardıqları sovetləşmənin qurbanına çevrildilər və güllələndilər.
I hissənin sonu