Xəbər lenti

Türkiyədə sənətçilərə qarşı narkotik əməliyyatı: Biri həbs edildi, 9-u sərbəst buraxıldı
Dünya11:34 26.11.2026

Türkiyədə sənətçilərə qarşı narkotik əməliyyatı: Biri həbs edildi, 9-u sərbəst buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik və fahişəliklə bağlı istintaq çərçivəsində saxlanılan şəxslərdən biri həbs edilib, aralarında tanınmış aktyor və müğənnilərin də olduğu 9 nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində ümumilikdə 35 şübhəli barəsində saxlanılma qərarı verilib. Əməliyyat zamanı 24 nəfər saxlanılıb.

Onlardan müğənni Ceylan Kaya cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulmasında şübhəli bilinərək həbs edilib. Aktyorlar Burcu Özberk, Deniz Çakır, müğənni Özcan Deniz və digər 6 nəfər isə xaricə çıxış qadağası tətbiq edilməklə sərbəst buraxılıb.

İstintaq materiallarına əsasən, araşdırma narkotik vasitələrin istifadəsi, saxlanılması və satışına vasitəçilik, eləcə də fahişəliklə bağlı iddialar üzrə aparılır. Şübhələr saxlanılan şəxslərin ifadələri, şahidlərin məlumatları, mobil telefonlar və digər rəqəmsal daşıyıcıların ekspertiza nəticələri, həmçinin gizli şahidlərin ifadələri əsasında formalaşıb.

İş üzrə Burcu Özberk, Deniz Çakır və Özcan Denizin prokurorluqda verdikləri ifadələr də üzə çıxıb. Hər üç məşhur narkotik vasitələrdən istifadə etmədiklərini bildirərək ittihamları rədd edib.

Burcu Özberk ifadəsində əsasən çəkilişlər səbəbindən ev və iş arasında vaxt keçirdiyini, narkotik istifadə edilən məkanlarda olmadığını deyib. O, narkotik vasitələrdən və xüsusi reseptlə satılan dərmanlardan istifadə etmədiyini vurğulayıb. Aktrisa həmçinin müsadirə olunan telefonunda işinə aid ssenarilərin olduğunu bildirərək cihazın tezliklə geri qaytarılmasını istəyib.

Deniz Çakır isə yalnız həkim resepti ilə qəbul etdiyi dərmanlardan istifadə etdiyini, bundan başqa heç vaxt narkotik qəbul etmədiyini və belə maddələrin satışını həyata keçirən şəxsləri tanımadığını bildirib.

Özcan Deniz də ifadəsində təxminən iki ildir ürək problemi yaşadığını və həkim təyinatı ilə dərman qəbul etdiyini söyləyib. 35 ildir peşəkar sənət fəaliyyəti ilə məşğul olduğunu qeyd edən müğənni narkotik istifadə etmədiyini, satmadığını və bu işə vasitəçilik göstərmədiyini deyib. O, saxlanılmasının onu məyus etdiyini və qan, saç analizlərinin həqiqəti ortaya qoyacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, əlavə ifadələrin alınması üçün polisə qaytarılan 14 nəfər və sonradan saxlanılan Burak Yeter də daxil olmaqla, ümumilikdə 15 nəfərin istintaq tədbirləri davam edir. Bundan başqa, daha 10 şübhəli barəsində axtarış qərarı olduğu bildirilir.

Aydın