Xəbər lenti

Çində 18 ildir istifadəsiz qalan göydələn dünya rekorduna imza atdı
Dünya00:00 26.11.2026

Çində 18 ildir istifadəsiz qalan göydələn dünya rekorduna imza atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çinin Tyantszin şəhərində yerləşən Tianjin 117 göydələni yeni dünya rekorduna imza atıb. Təxminən 18 ildir istifadəsiz qalan binada quraşdırılmış iki lift Ginnesin Rekordlar Kitabına düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Focus” nəşri məlumat yayıb.

Məlumata görə, “Otis” şirkətinin istehsalı olan liftlər bir binada quraşdırılmış ən hündür liftlər kimi qeydə alınıb. Onların hər biri ən aşağı dayanacaqdan ən yuxarı dayanacağa qədər 597,2 metr məsafə qət edə bilir.

Şirkətin açıqlamasına əsasən, göydələndə ümumilikdə 266 lift və eskalator quraşdırılıb. Rekordçu liftlər aerodinamik formalı və səs izolyasiyalı kabinlərlə təchiz edilib. Bu texnologiya yüksək sürətlə hərəkət zamanı külək səsini və hava təzyiqinin dəyişməsindən yaranan narahatlığı azaltmağa hesablanıb.

Tikintisi 2015-ci ildə dayandırılıb

Goldin Finance 117 və China 117 Tower adları ilə də tanınan göydələnin hündürlüyü 595,5 metrdir. O, hazırda dünyanın istifadəyə verilməmiş ən hündür binası hesab olunur.

Tikintisinə 2008-ci ilin avqustunda başlanılan layihənin əsas konstruksiyası 2015-ci ilin sentyabrında tamamlanıb. Lakin elə həmin il maliyyə çətinlikləri səbəbindən işlər dayandırılıb. Ginnesin Rekordlar Kitabının məlumatına görə, buna o vaxtkı mülkiyyətçi “Goldin Properties” şirkətinin Çin fond bazarında baş verən çöküşdən sonra üzləşdiyi problemlər səbəb olub.

Göydələnin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Layihə tamamlandıqdan sonra burada Çinin ən hündür yaşayış mərtəbəsinin yerləşəcəyi bildirilir.

Qeyd edək ki, 597 metrə yaxın hündürlüyü ilə Tianjin 117 dünyanın ən yüksək tikililəri sırasında yer alacaq. Hazırda bu sahədə lider 828 metr hündürlüyündəki Dubay Burc Xəlifəsidir. Çində isə 632 metrlik Şanxay qülləsi və 599 metrlik Ping An Finance Center ondan hündürdür.

Aydın