
Bakıda PUBG mobil oyunu vasitəsilə tanış olan iki yeniyetmə dostluq münasibətindən istifadə edərək həmyaşıdlarının 1545 manatlıq telefonunu ələ keçirib. Onlar telefonu 350 manata sataraq əldə etdikləri pulu aralarında bölüşüblər. Zərərçəkmiş tərəfə dəymiş ziyan tam ödənildikdən və dövlət büdcəsinə əlavə vəsait köçürüldükdən sonra məhkəmə hər iki şəxsi cinayət məsuliyyətindən azad edib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində araşdırılan cinayət işi üzrə qərar 13 noyabr 2026-cı il tarixində qəbul edilib.
Məhkəmə materiallarından görünür ki, hadisə metronun “Əhmədli” stansiyasında baş verib. 2010-cu il təvəllüdlü Ramal PUBG mobil oyunu vasitəsilə Ədalət, Ənvər (oyunda Ataş adı ilə tanınıb) və Əlirza adlı şəxslərlə tanış olub. Onlar oyun zamanı ünsiyyət qurub, mobil telefon nömrələrini dəyişərək əlaqə saxlayıblar.
Hadisə günü Ədalət və Ənvər Ramalı görüşmək üçün “Əhmədli” metrostansiyasının yaxınlığına dəvət ediblər. Görüşdə Əlirza da iştirak edib. Bir müddət söhbət etdikdən sonra birlikdə metroya gediblər.
Məhkəmə materiallarına əsasən, metrostansiyanın girişində Ənvər Ramala zəng edərək telefonunu Ədalətə verməsini istəyib. Ramal da ona məxsus “iPhone 13” markalı telefonu Ədalətə təqdim edib. Sonuncu telefonu qulağına tutaraq danışmaq adı ilə platformaya doğru hərəkət edib və geri qayıtmayıb. Əlirza da onun ardınca gedib. Ənvər isə platformada onları gözləyib.
Ramal bir müddət Ədalətin geri dönəcəyini gözləsə də, onun gəlmədiyini görüb evə qayıdıb və baş verənləri anasına danışıb.
Telefonu 350 manata satıb, pulunu bölüşüblər
İş materiallarında yer alan ifadələrə görə, hadisədən sonra Ədalət, Ənvər və Əlirza metro qatarında görüşərək Ramalın telefonunu satmaq qərarına gəliblər.
Onlar əvvəlcə “28 May” metrostansiyasının yaxınlığındakı telefon mağazalarına müraciət ediblər. Lakin yaşlarının az olması və şəxsiyyət vəsiqələrinin olmaması səbəbindən telefonu sata bilməyiblər.
Bundan sonra Ənvər qardaşına zəng edərək telefonu ona hədiyyə etdiklərini və satmaq istədiklərini bildirib. Qardaşının şəxsiyyət vəsiqəsinin fotosunu telefon mağazasının əməkdaşına göndərib, onunla görüntülü danışaraq cihazın özünə məxsus olduğuna inandırıb.
Nəticədə telefon “Promobile” mağazasına 350 manata satılıb. Mağaza əməkdaşı isə telefonu sonradan 380 manata başqa şəxsə satıb.
Təqsirləndirilən şəxslərin ifadələrindən məlum olur ki, əldə olunan pul aralarında bölüşdürülüb. Ənvər 100 manat götürüb, qalan 250 manat isə Ədalət və Əlirza arasında bölünüb. Ənvər əldə etdiyi pulun 50 manatına özünə şalvar alıb. Digər iki nəfər də sonradan geyim almağa gedib.
Hadisə kameraların görüntüləri ilə də təsdiqlənib
Məhkəmə istintaqı zamanı metronun videomüşahidə kameralarının görüntüləri də araşdırılıb. Görüntülərdə dörd yeniyetmənin stansiyaya daxil olması, onlardan birinin telefonu digərindən alaraq platformaya doğru getməsi, daha sonra digər şəxslərin də onun ardınca hərəkət edərək qatara minməsi əks olunub.
Bundan başqa, iş üzrə dindirilən telefon mağazasının əməkdaşı da cihazı 350 manata aldığını təsdiqləyib.
Zərərçəkmişin anasının ifadəsinə görə, oğluna məxsus telefon 1530 manata kreditlə alınıb. Telefonun üzərindəki mobil nömrə 10 manat, kabura isə 5 manat dəyərində qiymətləndirilib. Beləliklə, hadisə nəticəsində ümumilikdə 1545 manat maddi ziyan yaranıb.
Məhkəmə soyğunçuluq ittihamını dələduzluq kimi qiymətləndirib
İşin maraqlı məqamlarından biri də məhkəmənin cinayət əməlinə verdiyi hüquqi qiymətləndirmə olub.
İbtidai istintaq zamanı yeniyetmələrə Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq – özgənin əmlakının açıq talanması) ilə ittiham irəli sürülüb.
Lakin məhkəmə hesab edib ki, hadisənin faktiki halları soyğunçuluq deyil, dələduzluq cinayətinin əlamətlərinə uyğundur.
Qərarda izah olunur ki, Ramal telefonu könüllü şəkildə Ədalətə verib və onun geri qaytarılacağını düşünüb. Yeniyetmələr isə yaranmış etibardan istifadə edərək telefonu aldatma yolu ilə ələ keçiriblər.
Bu səbəbdən məhkəmə onların əməllərini Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq – aldatma və ya etibardan sui-istifadə yolu ilə özgənin əmlakını ələ keçirmə) ilə tövsif edib.
Həmin maddə üzrə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluğa görə dörd min manatdan yeddi min manatadək cərimə, bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxslərin valideynləri və yaxınları tərəfindən zərərçəkmiş tərəfə dəymiş 1545 manat məbləğində ziyan tam ödənilib. Zərərçəkmişin anası da hər iki yeniyetmə ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
Bununla yanaşı, vurulmuş ziyanın 25 faizi – 388 manat dövlət büdcəsinə köçürülüb.
Məhkəmə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsini (müəyyən əmlak cinayətlərini törətmiş şəxsin zərərçəkmişlə barışması, vurulmuş ziyanı tam ödəməsi və ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi halında cinayət məsuliyyətindən azad edilməsi) tətbiq edib.
Nəticədə hər iki yeniyetmə cinayət məsuliyyətindən azad olunub, barələrindəki cinayət təqibinə xitam verilib. Onlar haqqında seçilmiş qətimkan tədbirləri də ləğv edilib.
Seyid