
Qaynarinfo-nun Çinarə Ömrayın təqdimatında yayımlanan "Bir Plus" verilişinin növbəti qonaqları SMA (Spinal Muscular Atrophy) xəstəliyi ilə mübarizə aparan 12 yaşlı bloger Həsən Tahirli və onun atası, müğənni İlkin Tahirov olub.
Həsən Tahirli özünü "balaca qəhrəman, böyük ürəkli və sonsuz ümidli" biri kimi təqdim edərək ən böyük arzusunun yerimək olduğunu dilə gətirib.
O, həmçinin gələcəkdə avtomobil şirkəti açmaq niyyətində olduğunu bildirib və insanlara səslənərək "Sağlamsınızsa, boş şeylərin dərdini çəkməyin" mesajını verib.
Efirdə sevdiyi sənətçi Üzeyir Mehdizadənin "Gül balam" mahnısını səsləndirən Həsən onunla görüşmək arzusunu da dilə gətirib. Atası İlkin Tahirov isə övladının xəstəliyi barədə danışaraq, xüsusi uşaqlara xəstə kimi yox, nemət kimi baxılmalı olduğunu qeyd edib.
İlkin Tahirov SMA diaqnozunun gec qoyulduğunu, ilkin illərdə səhv müalicələrin aparıldığını və yalnız 10 yaşından sonra "Risdiplam" (Evrysdi) preparatının qəbuluna başlanıldığını bildirib. O, dövlətin arabalar və reabilitasiya baxımından dəstək verdiyini, 1 nömrəli uşaq reabilitasiya mərkəzinin xüsusi qayğı göstərdiyini vurğulasa da, bahalı SMA dərmanlarının ailələr üçün böyük maddi yük olduğunu və bu preparatların dövlət tərəfindən qarşılanmasını arzuladıqlarını söyləyib. İlkin Tahirov eyni zamanda cəmiyyətə və valideynlərə müraciət edərək, xüsusi qayğıya ehtiyacı olan uşaqlara ən çox pozitiv enerjinin lazım olduğunu və ataların anaları bu ağır yükdə tək qoyub getməməli olduqlarını vurğulayıb.
Xatırladaq ki, veriliş hər cümə günü, saat 20:00-da Qaynarinfo-nun Youtube kanalı - Qaynar TV-də yayımlanır.