
Amerikalı aktrisa Heyden Panettierinin vəfatından sonra onun 11 yaşlı qızı Kaya 6,2 milyon dollar dəyərində mirasın yeganə varisi olub.
Qaynarinfo xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
Nəşrin yazdığına görə, avqust ayında 36 yaşında dünyasını dəyişən aktrisa vəsiyyətnamə qoymayıb. Onun mirasının ümumi dəyəri 6,2 milyon dollar qiymətləndirilir. Bunun 5,2 milyon dolları şəxsi əmlak, 1 milyon dolları isə daşınmaz əmlakdır.
Ötən ayın əvvəlində Kaya atası, ukraynalı keçmiş boksçu Vladimir Kliçko ilə birlikdə məhkəmə iclasına onlayn qatılıb. Mənbələrin bildirdiyinə görə, qız proses zamanı sakit və təmkinli davranıb.
Heyden Panettieri ilə Vladimir Kliçko 2008-ci ildə tanış olublar. Cütlük 2013-cü ildə nişanlanıb, bir il sonra isə qızları Kaya dünyaya gəlib. Onlar 2018-ci ildə ayrılıblar. Ayrılıqdan sonra uşağın tam qəyyumluğu Kliçkoya verilib.
Payızda Kliçko qızının adından Panettierinin əmlakına müvəqqəti qəyyum təyin olunması üçün məhkəməyə müraciət edib. O, belə bir qərar verilmədiyi təqdirdə aktrisanın əmlakının itirilməsi, zədələnməsi və ya mənimsənilməsi riskinin yarana biləcəyini bildirib.
Bundan başqa, keçmiş boksçu Panettieriyə məxsus bəzi əşyaların naməlum şəxs tərəfindən lombarda verildiyini iddia edərək onların polis vasitəsilə geri qaytarılmasını tələb edib.
Aydın