
Hollivud ulduzu, kolumbiyalı aktrisa Sofiya Verqaranın heykəli doğulduğu ölkədə ucaldılıb. Altı ton ağırlığında olan tunc heykəl Kolumbiyanın Barrankilya şəhərində, Gran Malecon sahilində nümayiş etdirilir.
Qaynarinfo xəbər verir ki, 54 yaşlı aktrisa heykəlinə həsr olunan mərasimdə iştirak etmək üçün doğma şəhərinə gedib.
Tədbir zamanı Verqara Barrankilyanın fəxri sakinlərindən biri kimi tanınıb və ona şəhərin nüfuzlu mükafatlarından sayılan “Seçilmiş barrankilyalı” (“Illustrious Barranquillera”) fəxri adı təqdim olunub. Aktrisaya, həmçinin yerli ənənələri əks etdirən xüsusi baş örtüyü hədiyyə edilib.

Heykəlin hündürlüyü 7,3 metr, çəkisi isə altı tondur. Onun müəllifi heykəltəraş Yino Markesdir. Abidənin üzərindəki fiqurun geyimi də Verqaranın mərasimə qatılarkən seçdiyi mavi libasa bənzəyir.
Qeyd edək ki, heykəlin açılışı əslində ötən il keçirilib. Lakin həmin vaxt aktrisa tədbirdə iştirak edə bilməyib və abidəni ilk dəfə şəxsən görmək imkanı əldə edib.
Sofiya Verqara dünya şöhrətini əsasən “Modern Family” serialında canlandırdığı Qloriya Delqado-Priçett obrazı ilə qazanıb. Bu rola görə o, dörd dəfə “Emmi” mükafatına namizəd göstərilib. Aktrisa, həmçinin “The Smurfs”, “Hot Pursuit”, “Despicable Me 4” və “Griselda” kimi ekran işlərində rol alıb. 2020-ci ildən isə “America's Got Talent” layihəsində münsiflər heyətinin üzvüdür.
Aydın