Xəbər lenti

Bəraət və sosial yardım vədi ilə 16 700 manatlıq dələduzluq
Ölkə19:00 25.11.2026

Bəraət və sosial yardım vədi ilə 16 700 manatlıq dələduzluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həbsdə olan oğullarının azadlığa buraxılmasına, hətta bəraət hökmü çıxarılmasına kömək edəcəyini vəd edən şəxs iki ailədən ümumilikdə 16 700 manat əldə edib. O, zərərçəkmişlərdən birinə nəvələri üçün sosial yardım düzəldəcəyini də vəd edib. Lakin vədlərini yerinə yetirməyib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, cinayət işi üzrə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə (təkrar törədilməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) ittiham olunub.

İş materiallarına əsasən, təqsirləndirilən şəxs Yevlax şəhər sakininin etibarından istifadə edərək, həbsdə olan oğlunun övladlarına sosial yardım düzəldəcəyini vəd edib. Bu məqsədlə 2024-cü ildə Tərtər rayonunda, “Abidənin dairəsi” kimi tanınan ərazidə qadından 1200 manat alıb.

Bununla kifayətlənməyən şəxs ona oğlunun Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə bəraət almasına kömək edəcəyini də vəd edib. Bu bəhanə ilə müxtəlif vaxtlarda Yevlaxda və Bərdə rayonunun avtovağzalında 6000 manat əldə edib. Beləliklə, birinci zərərçəkmişə vurulan ziyanın ümumi məbləği 7200 manat təşkil edib.

Digər epizod üzrə zərərçəkmiş Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd sakini olub. Təqsirləndirilən şəxs onun həbsdəki oğlu barədə də bəraət hökmü çıxarılmasına nail olacağını, bundan sonra dövlət hesabına 3000 manat kompensasiya alınmasına kömək göstərəcəyini bildirib.

Bu vədlərə inanan qadın 2024-cü ildə və 2025-ci ilin yanvarında müxtəlif vaxtlarda onun bank kartına, o cümlədən mobil tətbiq vasitəsilə ümumilikdə 9500 manat köçürüb. Lakin gözlənilən bəraət hökmü çıxarılmayıb, oğlu azadlığa buraxılmayıb və barəsində ağır cəza təyin edilib.

Məhkəmə istintaqında təqsirləndirilən şəxs pul vəsaitlərini aldığını qismən etiraf edib. O, vəsaitin bir hissəsini Gəncə Ağır Cinayətlər Məhkəməsində çalışan hakim köməkçisinə verdiyini iddia edib. Onun sözlərinə görə, həmin şəxs vasitəsilə cinayət işlərinin nəticəsinə təsir göstərmək istəyib.

Təqsirləndirilən şəxs ikinci zərərçəkmişdən aldığı 9500 manatın 8000 manatını, birinci qadından əldə etdiyi 7200 manatın isə 3000 manatını həmin əməkdaşa çatdırdığını söyləyib. Bundan başqa, 500 manatın məhkəmənin mühafizə xidmətində çalışan digər əməkdaşa verildiyini iddia edib.

Lakin hakim köməkçisi məhkəmədə bu iddiaları təkzib edərək, ondan heç bir pul almadığını və cinayət işlərinin nəticəsinə təsir göstərilməsi ilə bağlı danışıq aparmadığını bildirib. Mühafizə əməkdaşı da pul alması ilə bağlı deyilənləri böhtan adlandırıb.

Zərərçəkmişlərin ifadələrindən məlum olub ki, vəd edilən kömək göstərilməyib. Birinci qadına 1200 manat məhkəmə icraatına qədər, daha 650 manat isə proses zamanı qaytarılıb. Digər zərərçəkmişə isə təqsirləndirilən şəxsin həyat yoldaşı tərəfindən 650 manat ödənilib. Hər iki qadın qalan vəsaitin geri qaytarılmasını tələb edib.

Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, ziyanın bir hissəsini ödədiyini, yaşının, əvvəlki polis xidmətinin və müharibə veteranı olmasının nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmə araşdırması nəticəsində onun əməlləri sübuta yetirilmiş hesab olunub. Nəticədə o, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə (dələduzluğun təkrar törədilməsi və xeyli miqdarda ziyan vurulması) təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Seyid