
İnsan sağlamlığı üçün təhlükəli olan 400 tondan çox toyuq ətini satış məqsədilə saxlayan şəxslər 10 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov 400 tondan çox yararsız toyuq əti məhsulunun satış məqsədilə saxlanılması faktı üzrə başlanmış cinayət işinin hüquqi tərəflərini şərh edərkən deyib.
Hüquqşünas hadisənin kifayət qədər ağır cinayət olduğunu vurğulayıb:
“Çox ağır cinayətdir. Bu, Cinayət Məcəlləsinin 200.3-cü maddəsində nəzərdə tutulan, insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı və ya satış məqsədilə saxlanılması əməlidir. Bu cinayətə görə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

Qeyd edək ki, “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-də 400 tondan artıq yararsız toyuq ətinin satış məqsədilə saxlanılması ilə bağlı üç nəfər məsuliyyətə cəlb edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şirkətin direktoru Elşən Usubov 2 ay 11 gün müddətinə həbs olunub. Kəsim sexinin rəisi Nazim Məmmədov və Müşahidə Şurasının sədri Mahir Mirzəyev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
İstintaqla müəyyən edilib ki, müəssisənin Xızı rayonunda yerləşən istehsal sahəsində yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan 400 tondan artıq toyuq əti satış məqsədilə saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 200-3.2.2, 200-3.2.3 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq tədbirləri davam etdirilir.
Bahar Rüstəmli