
Abşeron rayonunun Saray qəsəbəsində inşaat materialları mağazasının qarşısında tullantıların yandırılması ilə bağlı sahibkara tətbiq edilən 2500 manatlıq cərimənin ləğvi barədə şikayət məhkəmədə təmin olunmayıb. Sahibkar tullantıları özünün deyil, qonşuluqda yaşayan başqa şəxsin yandırdığını iddia etsə də, məhkəmə bu iddianı təsdiqləyən obyektiv sübutların olmadığını bildirib.
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, Abşeron Rayon Məhkəməsi Kənan İbrahimovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq regional qurumunun qərarından verdiyi şikayətə baxıb.
İş materiallarından məlum olur ki, hadisə Saray qəsəbəsi, Heydər Əliyev küçəsində yerləşən “Paşa” inşaat materialları mağazasının qarşısında baş verib. Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ərazidə tullantıların toplandığı dəmir çəlləkdə yanğın aşkar ediblər.
Kənan İbrahimovun sözlərinə görə, həmin vaxt mağazada olub və əməkdaşlar onu çölə dəvət edərək tullantıların yandırılması ilə bağlı suallar veriblər. O, tullantıları özünün yandırmadığını, hadisənin başqa şəxsin hərəkəti nəticəsində baş verdiyini bildirib.
İbrahimovun iddiasına əsasən, qonşuluqda yaşayan və evində təmir işi aparılan şəxs mağazadan aldığı tikinti materiallarının karton qutularını tullantı qabına atıb. Həmin şəxs siqaret çəkdikdən sonra onu tam söndürmədən tullantıların olduğu qaba atıb və nəticədə yanğın başlayıb.
Sahibkar həmçinin bildirib ki, inzibati xəta haqqında protokolu imzalamaqdan və izahat verməkdən imtina edib. Daha sonra ona barəsində 2500 manat cərimə tətbiq edildiyi bildirilib. O, cərimənin əsassız olduğunu əsas gətirərək qərarın ləğvini və iş üzrə icraata xitam verilməsini istəyib.
Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Mircavid Məcidli hadisə ilə bağlı fərqli mövqe sərgiləyib.
Onun sözlərinə görə, əməkdaşlar ərazidən keçərkən mağazanın qarşısındakı çəlləkdə tullantıların yandığını görüblər. Yaxınlaşaraq çəlləyə baxış keçirəndə orada müxtəlif tullantıların olduğunu müəyyən ediblər və bununla bağlı müvafiq akt tərtib olunub.
Nümayəndə bildirib ki, ilkin baxış zamanı yanan tullantıların tikinti materiallarına aid olduğu müəyyən edilib. Həmin materialların mağazanın qarşısında yerləşməsi və mağazada satılan məhsulların qablaşdırmalarından ibarət olması onların sahibkara aid olduğu qənaətini yaradıb.
O, başqa bir şəxsin tullantıları başqa yerdən gətirərək məhz mağazanın qarşısındakı çəlləkdə yandırmasının inandırıcı olmadığını qeyd edib. İdarə nümayəndəsi sahibkarın cərimələnməsi barədə qərarın qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini istəyib.
Abşeron Rayon Məhkəməsi tərəflərin izahatlarını və iş materiallarını araşdırdıqdan sonra Kənan İbrahimovun şikayətini təmin etməyib.
Qərarda qeyd olunub ki, ekologiya əməkdaşları tullantıların yandırılması faktını bilavasitə müşahidə ediblər. Şikayətçinin hadisənin başqa şəxs tərəfindən törədilməsi barədə dəlilləri isə obyektiv sübutlarla təsdiqlənməyib.
Məhkəmə həmçinin diqqətə çatdırıb ki, Kənan İbrahimov inzibati məsuliyyətə vəzifəli şəxs qismində cəlb edilib. Onun məsuliyyətin başqa şəxsə aid olması barədə arqumentləri də təqsirini aradan qaldırmaq üçün kifayət etməyib.
Beləliklə, məhkəmə sahibkar barəsində tətbiq edilmiş inzibati tənbehin qanuniliyini şübhə altına alan əsas müəyyən etməyib.
Kənan İbrahimov İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi (tullantıların toplanması və yandırılması qaydalarının pozulması nəticəsində atmosfer havasının çirkləndirilməsi) ilə təqsirli bilinib. Həmin maddəyə əsasən, fiziki şəxslər 300 manatdan 700 manatadək, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər isə 7500 manatdan 10 min manatadək cərimə edilə bilər.
Nəticədə Abşeron Rayon Məhkəməsinin qərarı ilə Kənan İbrahimovun şikayəti təmin edilməyib, barəsində tətbiq edilmiş 2500 manatlıq inzibati cərimə dəyişdirilmədən saxlanılıb.
Seyid