Xəbər lenti

Dünya üçün yeni təhlükə: Nüvə apokalipsisi, yoxsa alqoritmik apokalipsis?
Dünya23:24 25.11.2026

Dünya üçün yeni təhlükə: Nüvə apokalipsisi, yoxsa alqoritmik apokalipsis?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyada nüvə silahlanmasına çəkilən xərclər sürətlə artır. 2025-ci ildə bu sahəyə ayrılan vəsait 19 faiz artaraq rekord həddə – 118,8 milyard dollara çatıb. Eyni zamanda, süni intellektin hərbi qərarvermə proseslərinə cəlb edilməsi nüvə təhlükəsizliyi ilə bağlı yeni narahatlıqlar yaradıb.

Qaynarinfo xəbər verir ki, “CNN Türk”ün məlumatına görə, hazırda dünyada ümumilikdə 12 min 187 nüvə başlığının olduğu ehtimal edilir. Onların təxminən 86 faizi ABŞ və Rusiyanın arsenalındadır.

Beynəlxalq münasibətlər üzrə ekspert, doktor Necmettin Mutlu nüvə silahlanmasındakı artımı, böyük dövlətlər arasındakı rəqabəti və süni intellektin hərbi əməliyyatlarda rolunu şərh edərək yeni beynəlxalq nəzarət mexanizminə ehtiyac olduğunu bildirib.

Ekspertin fikrincə, Soyuq müharibə dövründən fərqli olaraq, XXI əsrdə nüvə təhlükəsi ilə yanaşı, alqoritmlərin səhv qərarları da qlobal təhlükəsizliyə ciddi risk yarada bilər.

Nüvə silahları və “dəhşət balansı”

Mutlu nüvə silahlarının yaratdığı qarşılıqlı məhvetmə təhlükəsini “dəhşət balansı” anlayışı ilə izah edib. Onun sözlərinə görə, tərəflər nüvə silahından istifadə edəcəkləri təqdirdə özlərinin də məhv olacağını bildikləri üçün belə addımdan çəkinirlər.

Lakin ekspert hesab edir ki, dövlətlər artıq bu tarazlığın nə dərəcədə davamlı olduğunu sınağa çəkirlər. Bu isə qarşılıqlı nüvə çəkindirməsinin müharibənin qarşısını almaq gücü ilə bağlı suallar yaradır.

Nüvə müharibəsinin qərarını süni intellekt verə bilərmi?

Ekspertin diqqət çəkdiyi əsas məsələlərdən biri süni intellektin hərbi qərarvermə sistemlərində istifadəsidir. Mutlu bildirib ki, ABŞ-İran müharibəsi süni intellektin hərbi qərar proseslərinə cəlb oluna bildiyini göstərib.

Onun fikrincə, süni intellekt sistemlərində baş verə biləcək ani texniki xəta belə nüvə silahlarının işə salınmasına qədər uzanan nəticələrə səbəb ola bilər. Buna görə də dünya yalnız nüvə qışı deyil, həm də “alqoritm qiyaməti” ehtimalını müzakirə etməlidir.

Ekspert nüvə əməliyyatları ilə bağlı qərarların süni intellekt alqoritmlərinə həvalə edilməsinin qarşısını alacaq beynəlxalq mexanizmin yaradılmasını vacib sayır.

ABŞ, Rusiya və Çin arasında nüvə rəqabəti

Məlumata görə, nüvə başlıqlarının sayına görə Rusiya 5420 göstərici ilə ilk sırada qərarlaşıb. ABŞ-ın arsenalında 5042, Çində isə 620 nüvə başlığının olduğu bildirilir.

Mutlu ABŞ-ın nüvə silahlarına çəkilən xərclərin böyük hissəsini öz üzərinə götürdüyünü, eyni zamanda digər ölkələrdən bu sahədə məhdudiyyətlər tələb etdiyini vurğulayıb.

Ekspert həmçinin ABŞ və Rusiya arasında nüvə silahlarına nəzarəti nəzərdə tutan “New START” müqaviləsinin 2026-cı ilin martında müddətinin başa çatmasının beynəlxalq danışıqlar üçün əlavə çətinlik yaratdığını qeyd edib.

Yaxın Şərqdə İsrail amili

Mutlu Yaxın Şərqdə nüvə təhlükəsizliyindən danışarkən İsrailin arsenalına da diqqət çəkib. Onun sözlərinə görə, İsrailin təxminən 90 nüvə başlığına malik olduğu ehtimal edilir, lakin ölkə nüvə potensialını rəsmən açıqlamır.

Ekspert hesab edir ki, İranın nüvə fəaliyyəti beynəlxalq müzakirələrin əsas mövzularından biri olduğu halda, İsrailin nüvə imkanlarının da eyni dərəcədə diqqətdə saxlanılması vacibdir.

O, Ukrayna və Liviyanın nüvə proqramlarından imtina etmələrinə baxmayaraq, sonradan təhlükəsizlik problemləri ilə üzləşmələrini də xatırladıb. Mutlunun fikrincə, bu nümunələr İran və Şimali Koreyada nüvə silahına sahib olmağı müdafiə edən qüvvələrin arqumentlərini gücləndirir.

Aydın