Xəbər lenti

Almaniyada cinsiyyət dəyişdirmə əməliyyatlarının sayı kəskin artıb
Dünya21:32 25.11.2026

Almaniyada cinsiyyət dəyişdirmə əməliyyatlarının sayı kəskin artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyada cinsiyyət keçidi ilə bağlı cərrahi əməliyyatların sayı son beş ildə təxminən iki dəfə artıb.

Qaynarinfo “Welt”ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Məcburi Tibbi Sığorta Kassalarının Milli Assosiasiyasının (GKV-Spitzenverband) açıqladığı statistikada bildirilib.

Məlumata əsasən, 2020-ci ildə ölkə üzrə 2155 belə əməliyyat qeydə alındığı halda, 2025-ci ildə bu rəqəm 4181-ə çatıb. Beləliklə, beş il ərzində artım təxminən 94 faiz təşkil edib. Artım 2026-cı ildə də davam edib. Belə ki, yanvar-may aylarında daha 1719 cərrahi müdaxilə həyata keçirilib.

Xüsusilə gənclər arasında artım diqqət çəkir. Federal Statistika İdarəsinin məlumatına görə, 15-25 yaş qrupunda 2016-cı ildə 355 belə əməliyyat qeydə alınıbsa, 2024-cü ildə onların sayı 1075-ə yüksəlib. Bu, üç dəfədən çox artım deməkdir.

Qeyd olunur ki, statistika əməliyyatların sayını əks etdirir, pasiyentlərin sayını yox. Belə ki, bir nəfər bir neçə fərqli cərrahi müdaxilədən keçə bilər. Buna görə də qeydə alınan əməliyyatların sayını cinsiyyət təsdiqləyici tibbi yardım alan insanların sayı ilə eyniləşdirmək düzgün deyil.

Əməliyyatların artması Almaniyada bu prosedurların dövlət tibbi sığortası hesabına maliyyələşdirilməsi ilə bağlı müzakirələri də yenidən gündəmə gətirib. 2023-cü ilin oktyabrında Federal Sosial Məhkəmə cinsiyyət disforiyası ilə bağlı cərrahi müdaxilələri yeni müalicə üsulları kateqoriyasına aid edib. Qərara əsasən, belə prosedurların sığorta hesabına ödənilməsi üçün əvvəlcə müvafiq qiymətləndirmə və Federal Birgə Komitənin (G-BA) tövsiyəsi tələb olunur.

Məsələyə baxılması 2026-cı ilin martında başlayıb. Yekun qərarın 2027-ci ilin yazında verilməsi gözlənilir.

Almaniyanın siyasi dairələrində də bu məsələ ətrafında fikir ayrılığı var. “Yaşıllar” və “Sol” partiyaları bu cür müalicə hüququnun qanunla təmin edilməsini tələb edirlər. “Almaniya üçün Alternativ” (AfD) partiyasının nümayəndələri isə prosedurların hərtərəfli yoxlama aparılmadan avtomatik şəkildə sığorta hesabına ödənilməsinə qarşı çıxırlar.

Aydın