Xəbər lenti

Texniki pasport evin mülkiyyət sənədi sayılırmı? - Ekspert açıqlayır
Ekonomiks10:00 26.11.2026

Texniki pasport evin mülkiyyət sənədi sayılırmı? - Ekspert açıqlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daşınmaz əmlakla bağlı mübahisələrdə vətəndaşların tez-tez qarşılaşdığı məsələlərdən biri texniki pasportun mülkiyyət hüququnu təsdiq edib-etməməsidir. Bəzi ev sahibləri əllərində texniki pasport olduğu üçün həmin əmlakın hüquqi sahibinin də özləri olduğunu düşünürlər. Lakin bu sənədin hüquqi qüvvəsi onun verilmə tarixindən və məzmunundan asılıdır. Xüsusilə, 2025-ci ildə qanunvericiliyə edilən dəyişikliklər bu məsələdə müəyyən istisnalar yaradıb.

Qaynarinfo-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərov bildirib ki, texniki pasport daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd hesab olunmur:

"Texniki pasport daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd deyil. O, əsasən əmlakın texniki göstəricilərini, o cümlədən sahəsini, mərtəbələrinin sayını, planını, tikilinin konstruktiv xüsusiyyətlərini və digər texniki məlumatları əks etdirir.

Burada hüquqi baxımdan mühüm fərq var: daşınmaz əmlakın mövcudluğunu və texniki xüsusiyyətlərini təsdiqləmək başqa, həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiqləmək isə tamam başqa məsələdir".

Ekspertin sözlərinə görə, bu məsələdə mühüm istisna mövcuddur. Belə ki, 2025-ci ildə Azərbaycan qanunvericiliyinə edilən dəyişikliklərə əsasən, müəyyən texniki pasportlar mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənəd hesab olunur:

"Azərbaycan qanunvericiliyinə 2025-ci ildə edilmiş dəyişikliklərə əsasən, 2001-ci il yanvarın 1-dək yaşayış və bağ evlərinə verilmiş texniki pasportlar, həmin sənədlərdə evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda, mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənəd hesab olunur".

Fərid Cəfərov qeyd edib ki, ümumi qaydaya görə, daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmaqla rəsmiləşdirilir:

"Ümumi qayda isə ondan ibarətdir ki, mülkiyyət hüququ dövlət reyestrində qeydiyyatla rəsmiləşdirilir. Bu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinin tələblərindən irəli gəlir.

Nəticə olaraq, texniki pasportu olan hər kəs avtomatik olaraq həmin evin hüquqi mülkiyyətçisi hesab edilə bilməz. Sənədin verilmə tarixi, hüquqi əsası və məzmunu ayrıca qiymətləndirilməlidir. Məsələnin mahiyyəti sənədin sadəcə mövcudluğunda deyil, onun hansı hüquqi nəticəni yaratmasındadır".

Günay İlqarqızı