
Soyuq havalarda yay üçün nəzərdə tutulmuş idman ayaqqabısı ilə qaçmaq ayaqlarda qan dövranının pozulmasına, keyiməyə və dırnaq zədələrinə səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşrinə Rusiya Dövlət Pedaqoji Universitetinin Bədən Tərbiyəsi və İdman İnstitutunun dosenti Yekaterina Saburova danışıb.
Alimin sözlərinə görə, qaçış zamanı ayaq barmaqları təbii olaraq yana doğru açılır, ayaq pəncəsi isə bir qədər şişə bilər. Ayaqqabı dar olduqda damarlar sıxılır, nəticədə qan dövranı zəifləyir və barmaqlarda hissiyyat pozula bilər. Buna görə də qış qaçışı üçün gündəlik ölçüdən yarım və ya bir ölçü böyük ayaqqabı seçmək məsləhətdir.
Digər təhlükə isə ayaqqabının altlığının soyuqda sərtləşməsidir. Yay idman ayaqqabılarının rezin altlığı aşağı temperaturda elastikliyini itirərək sürüşmə riskini artırır. Ekspert qışda şaxtaya davamlı altlığı və dərin protektoru olan modellərə üstünlük verməyi tövsiyə edir.
Saburovanın sözlərinə görə, tapdalanmış qar üzərində qaçmaq üçün protektorun dərinliyi ən azı 4 millimetr, yumşaq qarda isə 6 millimetr olmalıdır. Buzlu səthlərdə sürüşmənin qarşısını almaq üçün xüsusi şipli ayaqqabılardan istifadə etmək mümkündür.
Geyim seçimi də vacibdir
Mütəxəssis qışda qaçarkən geyimə də diqqət yetirməyin vacibliyini vurğulayıb. Temperatur sıfır dərəcəyə yaxın olduqda üçqat geyim sistemi tövsiyə olunur: sintetik termal alt geyim, nazik flis və küləkdən qoruyan yüngül gödəkçə.
Pambıq geyimlərdən istifadə isə məsləhət görülmür. Çünki pambıq təri özünə çəkir və islandıqda bədənin daha sürətlə soyumasına şərait yaradır.
Alim xüsusilə qaçış zamanı dayanmağın təhlükəli ola biləcəyini qeyd edib. Məsələn, svetoforda gözləyərkən bədən istiliyinin yaranması azalır, yaş geyim isə insanın tez üşüməsinə səbəb olur.
Saburova qaçışa çıxarkən geyimdə bir qədər sərinlik hiss edilməsinin normal olduğunu bildirib. Onun sözlərinə görə, küçəyə çıxan kimi isti hiss edən insan hərəkətə başladıqdan təxminən 10 dəqiqə sonra həddindən artıq tərləyə və dayanarkən sürətlə soyuqlaya bilər.
Aydın