
Bakının Nərimanov rayonunda yeni yolun tikintisi ilə əlaqədar bir sıra fərdi evlərin sökülməsi planlaşdırılır.
Qaynarinfo “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, sökülməsi nəzərdə tutulan evlər Şahin Mustafayev və İsmayıl Hidayətzadə küçələrinin kəsişməsində yerləşir. Həmin evlərin üzərinə nömrələr vurulub.
Sakinlərdən biri evlərin çıxarışının olduğunu bildirib. Onun sözlərinə görə, ərazidə evlərin hər kvadratmetrinə görə 2500–3000 manat kompensasiya veriləcəyi deyilir. Kompensasiyanın məbləği hələ rəsmən açıqlanmayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Xəqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirəcək yol üzrə işlərə Ağ Şəhər tərəfdən başlanılıb. İlkin mərhələdə kommunikasiya xətləri köçürülür. Bu işlər başa çatdıqdan sonra yolun tikintisinə keçiləcək.
Agentliyin məlumatına görə, söküntü və kompensasiya ilə bağlı detallar layihənin növbəti mərhələsində dəqiqləşəcək.
Layihə Bakıda və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir.