
Ev tikmək adı ilə vətəndaşlardan yüz minlərlə manat pul alan şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, müttəhim tanışı ilə qabaqcadan əlbir olaraq müxtəlif şəxslərə fərdi yaşayış evləri, istirahət zonaları, hovuzlar və digər tikililər inşa etdirəcəyi barədə vədlər verib. O, bu yolla vətəndaşların etibarından sui-istifadə edərək pullarını ələ keçirib.
İş üzrə ümumilikdə 19 nəfər zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxsin zərərçəkmişlərdən aldığı pulun ümumi məbləği 861 084 manat təşkil edib.
İş materiallarında göstərilir ki, o, Qəbələ rayonunun Vəndam kəndində ev tikmək vədi ilə bir nəfərdən üç dəfəyə 44 000 manat alıb. Digər bir şəxsə Xaçmaz rayonunun Nabran qəsəbəsində ev tikəcəyini vəd edərək 28 000 manatını ələ keçirib.
Şamaxı rayonunun Nağaraxana kəndində torpaq sahəsinin hasarlanması və həmin ərazidə ev tikilməsi vədi ilə başqa bir vətəndaşdan 41 000 manat alınıb. Bakı şəhərinin Novxanı qəsəbəsində ev tikintisi vədi ilə 29 000 manat, Xəzər rayonunun Şüvəlan qəsəbəsində isə ev tikintisi adı ilə 28 000 manat pul ələ keçirilib.
Quba rayonunun Qəçreş kəndində ev, hovuz və dayanacaq inşa etdirəcəyi vədi ilə bir nəfərdən iki dəfəyə ümumilikdə 150 000 manat alınıb. Qəbələ rayonunun Bum kəndində ev tikintisi vədi ilə başqa bir zərərçəkmişdən 25 100 manat, Bakı şəhərinin Türkan qəsəbəsində istirahət guşəsi və hovuz tikintisi adı ilə isə 18 750 manat götürülüb.
Bundan başqa, Abşeron rayonunun Görədil qəsəbəsində ev tikintisi vədi ilə 43 394 manat, Qəbələ rayonunun Nohurqışlaq kəndində ev tikintisi adı ilə 35 840 manat, Xızı rayonunun Xızı kəndində ev tikintisi vədi ilə 31 050 manat alınıb.
Quba rayonunda ev tikintisi vədi ilə daha bir vətəndaşdan 100 000 manat, Səbail rayonunun Badamdar qəsəbəsində ev tikmək adı ilə 10 000 manat, Quba rayonunun Kupçal kəndində ev tikintisi vədi ilə isə 20 000 manat ələ keçirilib.
İş üzrə digər epizodlarda Qəbələ rayonunun Nohurqışlaq kəndində ev tikintisi vədi ilə 10 000 manat, Bakı şəhərinin Nardaran qəsəbəsində istirahət zonası inşa etmək adı ilə 50 000 manat, Qəbələ şəhərində ev tikintisi vədi ilə 82 600 manat, Şamaxı rayonunun Çuxuryurd kəndində ev tikmək adı ilə 17 450 manat, Qax rayonunun Qaxbaş kəndində isə ev tikintisi vədi ilə 96 900 manat pul alındığı göstərilir.
Beləliklə, iş materiallarında əksini tapan 19 epizod üzrə vətəndaşlara vurulmuş ümumi ziyanın məbləği 861 084 manatdır.
Pul vəsaitlərinin bir hissəsi nağd şəkildə, digər hissəsi isə bank kartlarına və mobil ödəniş sistemləri vasitəsilə köçürülüb. Bəzi hallarda pulun alınması üçün müxtəlif ünvanlarda yerləşən ofislərdən, kafelərdən və ictimai yerlərdən istifadə olunub.
Məhkəmə müttəhimi Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilərək 7 il müddətinə azadlıqdan məhrum edib.
Seyid