
Türkiyənin İğdır şəhərində Beynəlxalq Qafqaz Konqresi keçirilib. İki gün davam edən tədbirdə müxtəlif ölkələrdən 30-dan çox mütəxəssis, alim və ekspert iştirak edərək Cənubi Qafqazın gələcəyi, regional təhlükəsizlik, diplomatiya, iqtisadi əməkdaşlıq və davamlı sülh məsələlərini müzakirə edib.
Qaynarinfo xəbər verir ki, konqres çərçivəsində altı panel təşkil olunub. Müzakirələrdə Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan iştirakçılar müxtəlif mövzular üzrə fikirlərini bölüşüblər.
Tədbirin İğdırda keçirilməsi xüsusi əhəmiyyət daşıyıb. Belə ki, Naxçıvan vasitəsilə Azərbaycana, eləcə də Ermənistan və İrana yaxın yerləşən şəhər regionun geosiyasi və iqtisadi əlaqələri baxımından mühüm mövqeyə malikdir. Çıxışlarda İpək Yolunun tarixən yalnız ticarət deyil, həm də mədəniyyət, dil və xalqlar arasında etimad əlaqələrinin formalaşmasına xidmət etdiyi vurğulanıb.
Konqresin "Qafqaz diplomatiyası" panelində Türkiyə, Azərbaycan, Ermənistan və Rusiyanın mövqeləri müzakirə olunub. İştirakçılar regionun gələcəyinin fərqli yanaşmaların dialoq müstəvisində bir araya gətirilməsindən asılı olduğunu qeyd ediblər.
"Qafqazda elm və akademiya" panelində isə Naxçıvan, Qarabağ, Ardahan və Kiprdən olan universitet rəhbərləri ali təhsil müəssisələrinin sərhədlərarası əməkdaşlıq imkanlarını müzakirə ediblər. Tələbə və müəllim mübadiləsi, birgə təhsil proqramları və elmi tədqiqatların həyata keçirilməsi konqresin mümkün nəticələri sırasında göstərilib.
"Qafqazda ictimai diplomatiya" panelində regionda uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasında ictimai diplomatiyanın rolu ön plana çıxarılıb. İğdır Universitetinin də bu istiqamətdə Türkiyənin Qafqaza yönəlik siyasətinə töhfə vermək niyyətində olduğu bildirilib.
Digər müzakirələr regional təhlükəsizlik, strateji yanaşma və ticarət əlaqələrinə həsr olunub. Çıxışlarda iqtisadi əməkdaşlığın təhlükəsizlikdən ayrı təsəvvür edilə bilməyəcəyi, nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyətinin isə regionda sabitlikdən asılı olduğu vurğulanıb. Qafqaz ölkələrinin dəyişən dünya nizamında müstəqil regional siyasət yürütməsinin əhəmiyyəti də diqqətə çatdırılıb.
Konqresin media və strateji kommunikasiya panelində dezinformasiya, media manipulyasiyaları və sülh dilinin təşviqi məsələləri müzakirə olunub. Süni intellekt vasitəsilə yaradılan saxta məzmunların və sosial şəbəkələrdəki manipulyativ paylaşımların cəmiyyətlər arasında qarşılıqlı etimada zərər vura biləcəyi bildirilib.
"Qafqaz perspektivi" panelində isə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Ermənistandan olan nümayəndələr regionun gələcəyi ilə bağlı fikirlərini bölüşüblər. Müxtəlif tarixi təcrübə və milli maraqlara baxmayaraq, ortaq əməkdaşlıq platformasının yaradılması imkanları diqqətə çatdırılıb.
Konqresin yekununda üç əsas istiqamət önə çəkilib. İştirakçılar İpək Yolunun dirçəldilməsinin yalnız nəqliyyat infrastrukturu ilə məhdudlaşmadığını, bunun üçün qarşılıqlı etimad və davamlı sülhün də vacib olduğunu bildiriblər. Universitetlərin regional proseslərdə daha fəal iştirak etməsinin, eləcə də media və ictimai diplomatiyada xalqları yaxınlaşdıran ünsiyyət dilinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Tədbirə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göndərdikləri müraciətlərlə töhfə veriblər. Konqresin fəxri sədri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri, professor Kürşad Zorlu olub.
Təşkilatçılar konqresin gələcəkdə birgə elmi layihələrin, nəşrlərin və yeni beynəlxalq görüşlərin həyata keçirilməsi üçün başlanğıc platformasına çevriləcəyinə ümid etdiklərini bildiriblər.