
NASA-nın 2022-ci ildə asteroidin hərəkət istiqamətini dəyişdirmək məqsədilə həyata keçirdiyi sınağın nəticələrinin yeni təfərrüatları üzə çıxıb. Avropa Kosmik Agentliyinin (ESA) “Hera” kosmik aparatı asteroidə çataraq zərbənin yaratdığı dəyişiklikləri qeydə alıb. Məlum olub ki, toqquşma nəticəsində asteroidin səthində stadion böyüklüyündə krater yaranıb, ətrafında isə yüzlərlə qaya parçası əmələ gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ESA-nın noyabrın 26-da yayımladığı ilk görüntülərdə 2022-ci ildə NASA-nın “DART” missiyası çərçivəsində zərbəyə məruz qalan Dimorphos asteroidinin səthində ciddi dəyişikliklər müşahidə olunub. Toqquşma nəticəsində onun əvvəllər yumru olan tərəflərindən biri yastılaşıb.
İsveçrənin Beynəlxalq Kosmik Elmlər İnstitutunun və Brüssel Azad Universitetinin planetoloqu, “Hera” missiyasının elmi qrupunun üzvü Sabina Radukan bildirib ki, yaranan kraterin ölçüsü demək olar ki, asteroidin öz ölçüsünə çatır.
Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da NASA-nın “DART” kosmik aparatı Dimorphos asteroidinə saatda təxminən 21 960 kilometr sürətlə çırpılıb. Bu, bəşəriyyətin Yer kürəsini potensial asteroid təhlükəsindən qorumaq üçün həyata keçirdiyi ilk planet müdafiəsi sınağı olub.
Diametri 151 metr olan Dimorphos daha böyük Didymos asteroidinin ətrafında dövr edir. İki kosmik cisim ikili asteroid sistemi yaradır. Onların Yer üçün təhlükəsi olmasa da, Dimorphosun ölçüləri planetimizə təhlükə yarada biləcək asteroidlərə uyğun olduğundan sınaq obyekti kimi seçilib.
Radukanın sözlərinə görə, zərbədən əvvəl Dimorphos öz böyük tərəfdaşına nəzərən sabit vəziyyətdə fırlanır və daim eyni üzünü ona tərəf tuturdu. Toqquşmadan sonra isə asteroid xaotik hərəkət etməyə başlayıb. Alim onun indiki hərəkətini pilləkəndən aşağı yuvarlanan çəlləyə bənzədib.
Bununla yanaşı, asteroidin digər hissələrində ciddi dəyişiklik qeydə alınmayıb. ESA-nın məlumatına görə, səthdəki qaya sahələri 2022-ci ildəki görüntülərlə əsasən eyni qalıb.
Günay