Xəbər lenti

İlk alman supermodel vəfat etdi - Atası Hitlerə qarşı sui-qəsd planlaşdırmışdı (FOTO)
Maqazin13:27 26.11.2026

İlk alman supermodel vəfat etdi - Atası Hitlerə qarşı sui-qəsd planlaşdırmışdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyanın ilk supermodellərindən hesab olunan Veruşka adı ilə tanınan Vera fon Lendorf 87 yaşında vəfat edib. Moda dünyasının məşhur simalarından olan model noyabrın 24-də Berlindəki evində dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb. Nəşr xəbəri modelin yaxınlarına istinadən yayıb, daha sonra məlumatı Almaniya Mətbuat Agentliyi (DPA) da təsdiqləyib.

Bildirilib ki, Veruşka son anlarını dostlarının və yaxınlarının əhatəsində keçirib. Onun ölüm səbəbi açıqlanmayıb.

Modelin vəfatı ilə bağlı alman aktyor Klemens Şik də münasibət bildirib. Uzun illər Veruşka ilə dostluq edən aktyor onunla tanışlığı həyatının böyük hədiyyələrindən biri kimi qiymətləndirib, modelin fərqli xarakterini, sirli dünyasını və daxili enerjisini xüsusi vurğulayıb.

Faciəli uşaqlıq və Hitlerə qarşı sui-qəsd

Vera fon Lendorf 1939-cu il mayın 14-də o vaxt Almaniyanın tərkibində olan Köniqsberqdə (indiki Kalininqrad) aristokrat ailəsində dünyaya gəlib. Onun uşaqlığı İkinci Dünya müharibəsinin ağır dövrünə təsadüf edib.

Veruşkanın atası, qraf Henrix fon Lendorf Adolf Hitlerə qarşı 20 iyul 1944-cü ildə təşkil edilən sui-qəsd cəhdində iştirak edib. Bu hadisədən sonra o, edam olunub. Həmin vaxt Veruşkanın cəmi beş yaşı var idi.

Atasının edamından sonra ailə də repressiyalara məruz qalıb. Anası əmək düşərgəsinə göndərilib, Vera və bacıları isə SS-in nəzarətində olan uşaq evinə yerləşdiriliblər. Müharibədən sonra ailə mülklərini itirib və bir müddət qaçqın düşərgələrində yaşamalı olub.

800-ə yaxın jurnalın üz qabığında yer alıb

Veruşka 1960-cı illərdə beynəlxalq moda aləmində böyük şöhrət qazanıb. O, dövrünün ən tanınmış modellərindən birinə çevrilərək Riçard Avedon, İrvinq Penn və Franko Rubartelli kimi məşhur fotoqraflarla əməkdaşlıq edib. Modelin fotoları “Vogue” və “Life” daxil olmaqla, dünyanın nüfuzlu jurnallarının təxminən 800 üz qabığında dərc olunub.

Onun yaradıcılığında bədən sənəti, bədii fotoqrafiya və qeyri-adi obrazlara çevrilmə xüsusi yer tutub. Veruşka modellik fəaliyyətini sadəcə peşə deyil, özünüifadə vasitəsi kimi qəbul edirdi.

1966-cı ildə rejissor Mikelancelo Antonioninin “Foto böyütmə” filmində özünü canlandıran model kino sahəsində də tanınıb. 1970-ci illərin ortalarından etibarən klassik modellikdən uzaqlaşaraq rəssamlıq, fotoqrafiya və performans sənətinə üstünlük verib.

O, 2006-cı ildə “Casino Royale” filmində kiçik rolla ekranlara qayıdıb, 2017-ci ildə isə İsveçin Acne Studios brendinin kolleksiyasının siması olub.

Almaniyanın “Vogue” nəşri Veruşkanı ölkənin ilk supermodeli kimi xarakterizə edib. O, ömrünün son illərində Berlində yaşayıb, gənc rəssamlarla ünsiyyətini davam etdirib və müasir incəsənətə marağını qoruyub.

Aydın