Ölkə 10:37 29.03.2018

".. 60 yaşında "avtoş" olar?" - Qanundakı boşluqlar

Filan nömrə, sağa çək, maşını saxla. Sən də bir az rahat, bir az da təşviş içində avtomobili saxlayırsan. Hətta həyəcanın maşındakı digər sərnişinlərin də üzündə sezilir. 

Görəsən, nə oldu, yenə bizi saxladılar? Xəbərsiz-ətərsiz sadəcə, sürücü ilə yol polisinin "gizlin" dialoqunu seyr edirsən. Bir xeyli vaxt keçir, nəhayət, sürücü əyləşir maşına və narazı halda deyinə-deyinə yoluna davam edir. "Qardaş nə məsələ idi? Nə qədər yazdılar? Əşşi, öyrəşmişik də." Bir az fasilədən sonra başlayır : "Bir azca ötmə əməliyyatını düzgün yerinə yetirməyən kimi saxlayır ki,"avtoşluq" edirsən. Allah kəssin belə avtoşluğu ki, evimə çörək apardığım yerdə bu boyda cəriməni yazdılar "belimə". İndi gəl işlə ki, bu cəriməni ödəyəsən". Güman ki, siz də bu cür hallarla tez-tez qarşılaşmısınız. Sürücülər narazıdırlar, yol polisləri isə deyir ki, qanunla işləyirik. İndi kimdir günahkar?

Qaynarinfo xəbər verir ki, Topxəbər.az məsələni araşdırıb. Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov açıqlamasında bildirir ki, hər bir qayda pozuntusuna konkret qiymət verilmədir: "Avtoxuliqanlığın İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsində əlamatləri göstərilir. Sağdan, soldan ötmə, adi yol hərəkət qaydalarını pozmaq avtoxuliqanlıq deyil. İctimai qaydanı, əhalinin dincliyini qərəzli şəkildə pozmaq, cəmiyyətə hörmətsizlik etmək, nəqliyyatın hərəkətini tam iflic etmək, yol hərəkət qaydalarını davamlı olaraq, müxtəlif üsullarla pozmaq avtoxuliqanlıq hesab edilə bilər. Bu, hallar qeydə alınmırsa, bu, adi qayda pozuntusu kimi cərimələnməlidir. Dəfələrlə rastlaşmışam ki, "avtoxuliqansan" deyilən sürücülərin 70-80%-i avtoxuliqan deyil. Yol polisi sübut etməlidir ki, sürücünün hansı əməllərində avtoxuliqanlıq var. Sürücü isə belə hallarda özünü müdafiə məqsədiyə vəkillə müqavilə bağlamalıdır".

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, məsələ ilə bağlı qanunvericilikdə müəyyən boşluqlar var: " Yol polisi də bundan istifadə edir. Məsələn, sürücü eyni anda 3 dəfə qayda pozub. Həmin şəxs avtoxuliqan sayıla bilər. Qanunun anlayışı dəqiqləşməlidir. Bu əməllərin hamısı baş versə avtoxuliqanlıq sayılır, ya da ki, hər hansı biri davamlı olaraq, təkrar olunsa? Heç bir manevr qaydası pozulmasa, ancaq sürət həddi aşılsa, bu, avtoxuliqanlıq sayıla bilərmi? Qanunda belə çatışmazlıqlar var. Bəzən heç davamlı şəkildə yol qaydalarını pozmayan, yalnız bir dəfə sağdan ötmə əməliyyatı aparanı yol polisi saxlayır ki, avtoxuliqansan. Manevr qaydasını pozmayan sürücü yoxdur. Yol polisi bir küçədə dayansa, bir saatda 10-15 sürücünü aşkar edib, cərimə yaza bilər. 15 adamı saxlamağa isə həvəsi yoxdur, tənbəllik edirlər, fikirləşir ki, bir avtoxuliqan tutum 400-500 manat cərimə yazım, məsələni kökündən həll edim. Axşam hesabat verməlidir ki, bu yol polisi işləyib. Bu da problemlər yaradır, yol polisinin nüfuzuna, imicinə zərər gəlir. Yol Polisinin 100 illiyi ilə bağlı müxtəlif tədbirlər keçirməyə hazırlaşırıq. O tədbirlərin fonunda belə cılız məsələlər ortaya çıxanda pis olursan. Bu qədər əziyyət çək, nazirlik səviyyəsində tədbir hazırla, gəlsin bir inspektor da 60 yaşlı ağsaqqalı saxlasın ki, sağdan ötmüsən, avtoşsan. Ağsaqqal da fikirləşir ki, 60 yaşında avtoxuliqan olar? Başa salmağa çalışır ki, evə tələsirdim". Ekspert qeyd edib ki, bu cür hallarla əvvəllər daha çox rastlaşıb: " Ən çox Nəsimi Rayon Polis İdarəsinin yol polis əməkdaşı belə hərəkətləri edir. Hərəkət edəni, yeriyəni tutur ki, avtoxuliqansan. O polis idarəsinin əməkdaşları manevr edənə "avtoş" gözü ilə baxır. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları və Bakı şəhər Dövlət Yol Polisi İdarəsində də bir-iki tağım var ki, bu cür yanaşmaları var"

E.Muradlı açıqlamasında avtoxuliqanların tərəfini tutmadığını və onlara mənəvi cəzaların verilməsini xüsusi vurğulayıb: "Bu gün avtoxuliqanlara verilən cərimə yüngül cərimədir. Nədir 500 manat cərimə, sürücülük hüququnu məhdudlaşdırma ya da 15 sutka həbs. Məsələn, həmin şəxslərə bir ay inzibati həbs verməkdənsə, məcbur edilməlidir ki,o, avtoxuliqanlıq etdiyi küçəni bir ay süpürsün. İnanmıram belə halda kişi cinsindən olan, özünə hörmət edən şəxs bu hərəkəti təkrarlasın"

Yol-hərəkət haqqında qanunda olan boşluqların necə aradan qaldırmaq məsələsinə gəlincə, ekspert bildirib ki, sözügedən qanunun 30 faizi yenilənməlidir : " Bu qanuna görə, sürücülərlə yol polisləri üz-üzə gəlir. Bu qaydalarla bağlı Milli Məclisdə çıxış edən savadlı deputatlar var. Əli Hüseynli, Çingiz Qənizadə, Vüsal Hüseynli, Rafael Cəbrayılov yaxşı təkliflər irəli sürür. Bu məsələlərdə də onlar diqqətli olmalıdırlar. Son dövrlər ictimai qınaqlar və yazdıqlarımızın nəticələri olaraq bu cür hallar azalıb. Təbliğat gedir və yol polisləri də görürlər ki, bu işin sonu yoxdur, ehtiyat edirlər".

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov: "Əgər həqiqətən belə bir faktla sizə müraciət ediblərsə, sürücülər o faktla bizə də müraciət etsinlər. Araşdırıb bilək ki, o, kobud ötmə əməliyyatını yerinə yetirib, yoxsa avtoxuliqanlıq edib. Bu gün kimə ki, cəza kəsilir təbii, həmin sürücü narazı qalmalıdır. Kobud şəkildə yol hərəkət qaydaları pozulur və onlar aşkarlandıqca inzibati tənbeh tədbirlərinə məruz qalır və bununla da razılaşmır. Razılaşmadığı üçün də özü üçün yeganə yol seçir ki, bu məsələni ictimai qınağa çəksin, guya yol polisləri bu sürücüyə qarşı haqsız mövqedə çıxış edir. Bəs bu gün şəhərdə olan videokameralar, sürücülərlə qarşılıqlı danışıq, onları niyə nəzərə almırsınız? Soldan -sağa, sağdan-sola, dəfələrlə təhlükəli manevr, sürət həddinin artması, qəfildən əyləc sistemindən istifadə etmək nə deməkdir? Bunlar açıq-aşkar real təhlükə deyilmi? Hesab etmirəm ki, sizə müraciət edən sürücülər haqlıdır. Haqlı olan sürücülər doğurdan da haqlıdır. Onlar öz işlərini bilir, məhkəməyə də müraciət edir, bizə vaxtında müraciət edir və araşdırırıq"

Qurum sözçüsü bildirib ki, gün ərzində təxminən 20-yə müraciət idarəyə daxil olur: "Əgər sürücülərin müraciətləri onları narazı salsa, əllərində əsaslı fakt olsa sizə bildirərlər, siz də işıqlandırarsınız. Təbii ki, sürücü, avtomobil, yol varsa qəza hadisələri də qaçılmazdır. Biz də yol polisi olaraq, bu hərəkətlərin qarşısını almaq üçün bu gün funksional vəzifəmizi yerinə yetiririk, hərəkəti təşkil edirik, təbliğat aparırıq, eyni zamanda inzibati tənbehi tədbirləri həyata keçirik ki, xoşagəlməz hadisələr olmasın".