Ölkə 17:29 02.07.2020

102 yaşlı Azərbaycan polisi - Qəhrəmanlıq tarixi

İyulun 2-si Azərbaycanda Polis Günü qeyd olunur. 

Qaynarinfo xatırladır ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının Daxili İşlər Nazirliyinin tərkibində asayişi mühafizə dəstələri yaradılıb. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşması, ictimai və milli maraqların və istiqlalımızın qorunmasında son anadək mübarizə aparıb. 1920-ci il aprel işğalı dövründə Milli Ordu və polis çiyin-çiyinə demokratik respublikamızın keşiyində dayanıb, onun müdafiəsinə canlarını sipər edib.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılıb və eyni fərmanla iyun ayının 6-sının hər il "Azərbaycan Polisi Günü" kimi qeyd edilməsi qərara alınıb. Beləliklə, 1998-ci ilədək hər il 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilib.

24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilib, 1918-ci ildə AXC Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etməsi ilə,  polisin də üzərinə mühüm vəzifələr qoyuldu. Artıq gənc müstəqil ölkəyə qarşı olan ərazi iddiaları, Qarabağda, eləcə də sərhəd rayonlarında  alovlanan müharibə Azərbaycan polisini sınaq qarşısında qoyurdu. Tarix təkrar olunurdu. Gənc və müstəqil Azərbaycan dövlətinin var olması üçün 1918-ci ildəki kimi,  Azərbaycan polisindən mətinlik, cəsurluq və fədakarlıq tələb olunurdu. Bu gün canlarını Vətənin bütövlüyü uğrunda fəda etmiş şəhidlər arasında yüzlərlə cəsur polis əməkdaşı, Milli qəhrəmanlar uyuyur. Hər birinin də həyatı ilə tanış olduqca, neçə-neçə qəhrəmanlıq hekayəsinin şahidi olursan... Təkcə 366-cı motoatıcı alayın Xocalıya hücumu zamanı bir çox günahsız insanın həyatını xilas etmiş və onları Ağdamın Şelli kəndinə çatdırmış Milli Qəhrəman, Xocalı hava limanı xətt daxili işlər bölməsinin rəisi, milis mayoru Əlif Hacıyevin qəhrəmanlığı bu gün də o soyqırımından xilas olmuş Xocalı sakinləri tərəfindən minnətdarlıqla xatırlanır. 


Əlif Hacıyev

Milli Qəhrəman, Bryansk Xüsusi Orta Milis Məktəbinin məzunu, polis işçisi İlham Müzəffər oğlu Əliyevin öz döyüş yoldaşları ilə erməni silahlılarının tez-tez atəşə tutduğu  Qazax rayonunun Aşağı Əskipara kəndində son anadək döyüşməsi, Milli Qəhrəman, Qarabağ müharibəsi dövründə DİN-in Xüsusi Təyinatlı Milis Dəstəsində (XTMD) xidmət etmiş "Mixaylo” ləqəbli  Mehdi Abbasovun Məlikcan postu yaxınlığındakı döyüşlərdə şəhid olması...Canını ən təhlükəli məqamlarda Vətənin bütövlüyü üçün sipər etmiş və şəhid olmuş yüzlərlə qəhrəman polisimiz var. Onların uyuduqları məzarlar  cavan nəslin, gənc müdavimlərin and yeridir...



Qarabağ müharibəsinin ilk illərində, hələ Milli Ordunun tam formalaşmadığı dövrdə  polislərin rəşadəti və mübarizəsi onların həm də Vətənə və dövlətə, torpağa bağlılığını sübut etmiş oldu. Azərbaycan polisi Qarabağ müharibəsində vətənsevər könüllü gənclərlə, Milli Ordunun əsgərlərləri ilə çiyin-çiyinə döyüşdü. Ümumiyyətlə, Azərbaycan polisi Qarabağ müharibəsində Ermənistanın torpaqlarımıza hücumu zamanı böyük rəşadət göstərməklə yanaşı, həm də ən çətin sınaqlarda xalqın ona güvənə biləcəyini isbat etdi.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olub. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olub, 67 nəfər daxili işlər orqanlarının əməkdaşlarına "Milli Qəhrəman" fəxri adı verilib, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilib.

Onlar ciddi nizam-intizama tabedir, bu ciddiliyi və məsuliyyəti simalarından da görmək mümkündür. Əslində,  mərhəmət və insanlıq onlar üçün də var. Bir Azərbaycan polisi cinayətkara qarşı nə qədər mübarizdirsə, sadə vətəndaşa münasibətdə o qədər mərhəmətlidir. 19 may. 2015-ci il. Yəqin, bu tarixi çoxları xatırlayar. Bakı şəhəri, Binəqədi rayonunda on altı mərtəbəli binada baş vermiş  yanğın zamanı  dünya Azərbaycan polisinin cəsurluq və qəhrəmanlığına, mərhəmətinə şahid oldu. Alovların içində 3 vətəndaşın həyatını  xilas etmiş  Çevik Polis Alayının əməkdaşı, polis serjantı Qocayev Şahin Alı oğlunun cəsarəti, yanan binadan alovlar içindən körpəni xilas etmiş polis serjantı Elvin Abışovun qəhrəmanlığı bu gün də qürurla xatırlanır. Üzündə heç bir qoruyucu  maska olmadan körpəni xilas etmiş polis sonradan həmin anlar haqqında bunları demişdir: "O anda iki körpə uşağım gözümün önünə gəldi. Bir nəfər mənə yaxınlaşıb dedi ki, mənim körpəm 6-cı mərtəbədə qalıb, uşaqlarım yanır, mənə kömək et. Bunu eşidən kimi, sanki bir anlıq həyatım söndü. O an yaşayıb-yaşamayacağım mənim üçün önəm daşımadı.” Körpəni xilas edərkən polisin çəkilmiş fotosu həm də dünyanın aparıcı KİV-də yayımlandı və Azərbaycan polisinin cəsurluğu və mərhəmətini bir daha dünyaya göstərdi. "Mən polis kimi, vətəndaş kimi borcumu yerinə yetirdim.”–deyən polis serjantı Elvin Abışovun bu sözləri, əslində, Azərbaycan polisinin Vətənə və dövlətə, peşəsinə içdiyi sədaqət andının ən bariz nümunəsidir. Onun  bu qəhrəmanlığı dövlət başçısı İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi və o, "İgidliyə görə” medalı ilə təltif edildi. Bu gün Azərbaycan Polis Akademiyasında hüquq-mühafizə orqanlarında xidmət etmək arzusunda olan yüzlərlə gənc peşəkar kadr hazırlanır. Kim bilir, onların arasında da dövlətinə, peşəsinə bağlı gələcəyin neçə-neçə qəhrəmanı var...



Hər zaman olduğu kimi, koronavirus pandemiyası dövründə də polisin şücaətini, qətiyyətini, eyni zamanda, humanistliyini, canıyananlığını, sələflərinin ənənələrinə sədaqətliliyini gördük. Hər kəs bir daha anladı ki, Azərbaycan polisi bu çətin günlərdə  hər  an insanların təhlükəsizliyinin və ölkənin sabitliyinin keşiyindədir. COVID-19 kimi ümumbəşəri bəlanın tüğyan etdiyi bu günlərdə Azərbaycan polisi həyatını təhlükəyə ataraq yaşlı insanların qapısının zəngini çalır, onlara ərzaq yardımı çatdırır, digər həyati problemlərinin həllinə yardımçı olur.



Nəzərə almaq laızmdır ki, hazırda bəşəriyyətin yeni bəlası olan koronavirus dünya dövlətlərinə hərtərəfli zərər vurmaqda davam edir. Pandemiya dünya ölkələrində iqtisadi və maliyyə böhranına da səbəb olub. Gündən-günə virusa yoluxanların, həyatını itirənlərin sayı artır. Artıq dünyada 7 milyon insan bu xəstəliyə yoluxub, 500 minə qədər insan isə bu öldürücü virusun qurbanı olub. Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları bir müddət öncə artan xətt üzrə inkişaf edirdi. İndi isə koronavirus Avropanın digər ölkələrində tüğyan edir. Avropa ilə müqayisədə ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altındadır. Hazırda ABŞ-da 2 milyondan çox insan virusa yoluxub, 112 mindən çox ölüm faktı qeydə alınıb.



Əlbəttə ki, bu durum Azərbaycandan da yan keçməyib. Ölkəmizdə də gündən-günə virusa yoluxanların sayında artım müşahidə olunur. Məhz bu qədər təhlükəli bir zamanda həyatını təhlükəyə atan Azərbaycan polisi dövlətçiliyin keşiyində ayıq-sayıq durmaqla yanaşı, vətəndaşlara xidmət göstərməkdə də davam edir. Polis vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borcunu layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada, öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır. Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə həm də milli həmrəyliyə töhfələrini verir. Elə bu səbəblərə görədir ki, Azərbaycan polisi pandemiya dövrünün şəksiz qəhrəmanlarından hesab edilir.