Beynəlxalq Futbol Federasiyasının (FIFA) sabiq prezidenti Yozef Blatter təşkilatın hazırkı rəhbərliyinin seçdiyi inkişaf istiqamətini kəskin tənqid edib.
Qaynarinfo bu barədə "The Athletic"ə istinadən xəbər verir.
"Futbol Səudiyyə Ərəbistanına keçib. Onlara oyunu təklif etdilər və aldılar. FIFA daxilində heç kimin buna qarşı çıxmaması təəccüblüdür. Yarışlar həddən artıq çoxdur, oyunçular və klublar tükənib. Sərt təqvim, isti, yayda klub çempionatı - bütün bunlar futbolçuların sağlamlığına təsir edir", deyə Blatter bildirib.
Qeyd edək ki, 13 iyulda ABŞ-da futbol üzrə klub dünya çempionatı başa çatıb. Finalda Londonun "Çelsi" komandası Parisin PSJ klubunu 3:0 hesabı ilə məğlub edib.
Blatter 1998-2015-ci illərdə FİFA-ya rəhbərlik edib. Hazırda quruma 55 yaşlı Canni İnfantino rəhbərlik edir.
2015-ci ildə Blatterə qarşı keçmiş UEFA prezidenti Mişel Platiniyə 2 milyon İsveçrə frankının qanunsuz köçürülməsi ilə bağlı cinayət işi açılmışdı. Həmçinin o, 2010 və 2014-cü il dünya çempionatlarının yayım hüquqlarını Karib Futbol İttifaqına (CFU) bazar dəyərindən xeyli aşağı qiymətə satmaqda da ittiham olunurdu. Elə həmin il Blatter istefaya göndərilmişdi.
2022-ci il 8 iyulda İsveçrənin Bellinçzona şəhərindəki məhkəmə Blatter və Platinini dələduzluq, etibardan sui-istifadə, saxtakarlıq və qeyri-qanuni idarəetmə ittihamları üzrə bəraətə layiq görmüşdü. Lakin həmin ilin oktyabrında prokurorluq apellyasiya şikayəti vermiş, yalnız 2025-ci il 25 martda İsveçrə Federal Cinayət Məhkəməsi bu şikayəti rədd etmişdi.
Aydın
Şərhlər