Bu gün əfv sərəncamı ilə azadlığa qovuşan Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Gülnarə Əzizova 2014-cü ildə ərini öldürməkdə təqsirli bilinərək, həbs edilib. Bu dəhşətli qətli törədən Gülnarə Əzizova 4 il həbsxanada cəza çəkib. O, 3 ildən sonra azadlığa çıxacaqdı. Amma Prezident İlham Əliyevin humanist addımı nəticəsində daha bir qadın həbsdən azad olundu. Gülnarə Əzizovanı bu cinayəti törətdiyinə görə ittiham edənlər də, "gərək bu cinayət törətməyəydi” deyənlər də çox olub. Amma onun həyatı dəhşətli əzablar icində keçib, qadın bu cinayəti törətməyə məcbur olub. Gülnarə Əzizova 17 yaşıda sevib-seçib, ailə qurub. Amma bilməyib ki, "ağ ölüm” bu xoşbəxtliyi, sevgini onun əlindən tez bir zamanda alacaq, illərini qaranlıq divarlar arasında keçirməli olacaq.
Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, əfv olunması barədə bülleteni alan Gülnarə Əzizova bildirib ki, 4 ilə yaxın müddəti həbsxana divarları arasında keçirib. Onun sözlərinə görə, ərini ailə münaqişəsi zəminində qətlə yetirib. Hadisə 2014-cü il mayın 24-dən 25-nə keçən gecə, saat 04:00 radələrində Masallı rayonunun Qəriblər kəndində baş verib.
Səhərimi azadlıqda keçirməyi arzu edirdim”
Gülnarə Əzizova həyat yoldaşı, həmyaşıdı Azər Ağayevi kürək nahiyəsindən bıçaq zərbəsi vurmaqla öldürüb.
Gülnarə Əzizovanın sözlərinə görə, əri tüfeyli həyat tərzi keçirib, ona daim işgəncələr verib. O, qeyd edib ki, ibtidai istintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunan Gülnarə Əzizovanın sözlərinə görə, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, qeyd edib ki, Şirvan Apelyasiya Məhkəməsində onun cəzası 7 ilə endirilib: "İllərlə həsrətini çəkdiyim azadlığa çıxdım. Bundan artıq mənə nə vermək olar? Düzdür, qətl törətmişəm, bu əməli törətməyə məcbur olmuşam. Haqsız yerə mənə verilən işgəncələrə dözmədim, bu səbəbdən cinayətə əl atdım. Amma problemləri hüquqi müstəvidə də həll etmək olardı. Nə baş versə belə, bu, heç kimə cinayət törətməyə haqq verilmir. Törətdiyim əmələ, bu illəri dörd divar arasından keçirməyə görə çox peşimanam. Çünki azadlığı heç nəyə dəyişmək olmaz. Mən də azadlıqda yaşamaq, ailəmin yanında olmaq istəyirəm. Hər gecə yatanda səhəri azadlıqda keçirməyi arzu edirdim. Bu arzum sonda çin oldu”.
Gülnarə Əzizova bildirib ki, dövlət tərəfindən məhkumlara yaxşı şərait yaradılıb, onların həbsxanada heç bir problemləri olmayıb: "İsti yatağımız, isti yeməklərimiz var, buna da şükür etməliyik. Amma hər kəsin öz evi özünə daha şirindir. Buna görə də burada saxlanılan digər məhkum qadınların da azadlığa qovuşmasını arzu edirəm. Azadlıq gözəl bir hissdir”.
Teleqraf.com Gülnarə Əzizovanın istintaq sənədlərini də əldə edib. Onun Lənkəran Ağır Cinayətlər Məhkəməsində verdiyi dəhşət doğuran ifadəsini oxucularımıza təqdim edirik:
"17 yaşımda ailə qurdum”
Gülnarə Əzizova bildirib ki, mərhum Azər onun doğma dayısı oğlu olub: "Hələ 16 yaşım olanda biz bir-birimizi sevirdik. Onun valideynləri məni Azərə almaq istəyirdilər. Hansı ki, Azərin böyük qardaşı Azad həbsdə idi. Onlar deyirdi ki, mənimlə Azərin toyundan yığılan pulla onun böyük qardaşını həbsxanadan qurtaracaqlar. Lakin valideynlərim buna razı olmadı”.
Əfv olunan qadın qeyd edib ki, valideynləri Azərlə evlənməyinə də razı olmayıblar: "Hətta biz Azərlə razılaşmışdıq ki, valideyinlərim məni ona xoşluqla verməsələr, o məni qaçırsın. 17 yaşıma yeni qədəm qoyanda biz ailə həyatı qurduq və mən Ərkivandakı evimizdən onun ata evinə – Qəriblər kəndinə köçdüm. Bizim ilk uşağımız olandan 8 gün sonra onu hərbi xidmətə yolladılar. 1 il 6 aydan sonra isə hərbidən geri qayıtdı”.
"Məni qul kimi işlədirdilər”
Gülnarə Əzizovanın sözlərinə görə, ailə qurduğu ilk illərdə çox normal yaşayıblar: "Yəni kasıbçılıqla dolansaq da, söz söhbət, dava-dalaş olmurdu. Ailəsi tələb edirdi ki, həyat yoldaşım Azər hərbi xidmətə getməsin, atam pul verib onu hərbi xidmətdən saxlatdırsın. Lakin atamın elə maddi imkanı olmadığı üçün bunu edə bilmədi. Qaldığım evdə qayınanam və qayınatamdan başqa 2 qayınım da var idi. Onlar rəngsazdır. Maşın rəngləyirlər. Hər gün onların rəngdən çirklənmiş geyimlərini yumağa, evdən xeyli aralı olan yerdən su daşımağa, digər ev işlərini görməyə o qədər vaxt sərf edirdim ki, heç bir neçə aylıq uşağa ana südü verməyə imkanım olmurdu. Bəzən o qədər iş görürdüm, yolda yorğunluqdan ürəyim gedirdi. Azər hərbidə olanda nə məni atam evinə qoydular, nə onları bizə. Qayınatam, həm də dayım, onun oğlanları səhər işə gedib, axşam gəlirdilər. Qayınanam böyük oğlundan və gəlinindən çox qorxurdu. Bu səbəbdən həyat yoldaşım hərbi xidmətdə olanda mənə çox əziyyət verirdilər. O evdə intizam, nəzakət, abır-həya bilmirdilər. Hamı bir-biri ilə söyüşlə danışırdı. Məni qulluqçu kimi işlədirdilər”.
"Təhqirin, söyüşün sayı-hesabı bilinmirdi”
Gülnarə Əzizovanın sözlərinə görə, evdə olan bütün işlər onun boynunda olub: "İş bir az yubanan kimi təhqir edirdilər. Böyük qayınım döyməsə də, məni divara qısaraq, yumruqlarını gözümün qabağında oynadırdı. Qonşular dərdimi bilirdi, anama qarğış edirdilər ki, qardaşı evinin vəziyyətini bilə-bilə məni niyə oda atıb. Anam da deyirdi ki, istədiyinə verdim, söz-söhbət olmasın. Əzilirdim, xəsətələnirdim, dava-dərman etmirdilər. Qayınatam çox vaxt içkili olurdu, ə ona nə deyirdilər, inanırdı. Sonralar ortancıl qayınım da evləndi. Onun həyat yoldaşının da başına eyni oyunları açdılar. Bətnindəki oğlan uşağı 8 aylığında tələf oldu. O gəlinin qardaşı yox idi, dünyaya gətirəcəyi oğlanı həm də özünə qardaş bilirdi. Çox pis olmuşdu. Bir müddət atası evində yaşadı. Onun atasını məcbur edirdilər ki, qızına ev al. Axır ki, gəlin baş götürüb getdi. Sonra böyük qayınım qonşudan başqa qız aldı. Həmin qız onlardan da betər oldu. Hər günüm zülmlə keçirdi. Azər hərbidən qayıdandan sonra tamam başqa adam oldu. Əsəbi, söyüşkən. Adi çayı 1 dəqiqə gec gətirəndə təhqirin, söyüşün sayı-hesabı bilinmirdi”.
"Azər narkotikə qurşandı”
Gülnarə Əzizova bildirib ki, hərbi xidmətdən qayıdandan sonra Azər heç yerdə işləməyib: "Məcbur olaraq evdən çıxdıq. Çünki böyük qayınım da bizim yaşadığımız evə gəldi. Bu səbəbdən evdə yaşamaq mümkün olmadı. İsgəndərlidə ucuz bir ev kirayələdik. Yeməyimizi, pal-paltarımızı valideynlərim alırdı ki, təki sakitlik olsun. Azər kirayə qaldığımız kənddə həmkəndlisi, dostu, dəfələrlə həbsdə olan Tərlan adlı şəxslə tapışdı. Azər özünə də, Tərlana da iynə vururdu. Damarında boş yer olmadığı üçün iynəni əlinin üstünə vururdu. Sonradan ev sahibi, deyəsən, bundan xəbər tutdu və bizi kirayələdiyimiz evdən çıxartdı. Kirayədə olarkən, daha bir övladımız dünyaya gəldi. Kirayə evdən çıxandan sonra bizi Azərin ata evinə qoymadılar. Böyük qardaşı evi super təmir etmişdi, bizi yaxına buraxmadı. Qonşuda Müşfiq adlı qohumları var, o bizə kömək oldu. Həyəti böyük idi. Evdən kənarda "domik” tikmişdi. Onu bizə verdi. İşıq, qaz pulunu da özü ödəyirdi. Azərin atasıgilə yalvarırdıq ki, bir otaq verin, daha heç nəyinizi istəmirik. Dava-dalaş salır, polisə zəng edirdilər ki, Azər dəli olub. Tez-tez həyətə polislər gəlirdi. Azər də günbəgün daha pis olurdu. Elə gün olmurdu, məni alçaltmasın, döyməsin. Hər gün gecə saat 4-də, 5-də gəlirdi.Əsəbimdən yatmırdım, deyirdim, gəlsin hirsimi soyudum, amma gələndə söz deməyə qorxurdum. Banklardan pul götürdük, atam da zamin durdu. Atam 3 banka uzun müddət bizim borcları ödəyib, sonra bezdi. Bundan sonra Azər məni daha çox incitməyə başladı. Məni atam evinə qoymadı. Daha sonra isə gördü ki, yeməyə çörək tapmırıq. Son 3 ildə araqla nəşəni eyni vaxtda içəndən sonra çox pozğun sözlər işlədir, atamı, anamı, qardaşlarımı, hətta gəlinlərimizi ağır söyüşlərlə söyürdü”.
"Stəkanla dizimə o qədər vurdu ki…”
Gülnarə Əzizova bildirib ki, ərinin təhqir və işgəncələrindən gecələr yata bilməyib: "Bir dəfə stəkanla dizimə o qədər çırpdı ki, az qala şikəst olam. Sonra da atamgilə xəbər yolladı, aylarla müalicə olundum. Anam mənim dərdimdən xərçəngə tutulub. İş o yerə çatdı ki, böyük qardaşım da bezdi. Qardaşım təzə təmir etdiyi evin su çəni, hasarı, qapı-pəncərəsini, bir sözlə, hər şeyi sökərək başqa yerə köçdü. Azər daim hamını hədələyirdi : ”yandıracam”, "bıçaqlayacam”, "öldürəcəm”. Mən qorxumdan polisə də şikayət edə bilmirdim. Çünki dediyini eləyirdi. Bir dəfə ata evimi yandırdı. Sonradan valideynlərim Azəri xilas etmək üçün dedilər ki, yanğın qazdan olub. Azər də lovğalanırdı ki, gördün, necə yandırdım. Son bir həftə daha zülmlü keçdi. 3 gün çörək olmadı. Undan uşaqlara horra bişirdim, onlar da iyrənir, yeyə bilmirdilər”.
"Məni hamama sürüdü, başımı divara vurdu”
Ərini öldürən qadın hadisəni belə nəql edib: "Mayın 24-də səhər tezdən stəkanların sınmağına ayıldım. Söyə-söyə dedi ki, təcili çay gətir. Qəhvədanın istisi əlimi yandıra-yandıra ona çay verdim. İçib istəkanı tulladı. Yenə verdim, yenə söydü, yenə tulladı. Sonra başladı heç nədən məni döyməyə. Sürüyə-sürüyə saçlarımı bürmələyib məni hamama saldı, başımı o divara, bu divara vurmağa başladı. Qışqırır, ağlayırdım. Deyirdi ki, aktyorluq eləmə. Dedim, dözmürəm daha, gəl ayrılaq. Dedi, hə, dədənə de, gəlsin aparsın. Səhər saat 7 idi. Telefonum olmadığı üçün qonşu Vüsalgilə gedib, qapılarını yarım saat döydüm, onları yuxudan oyadıb atamgilə xəbər elədim ki, gəlin, məni buradan aparın. Evə gələndə gördüm yenə siqaretinə nəşə doldurur. Dedi, atana dedin? Dedim, hə. İnanmadı, öz telefonu ilə onları yığdı və telefonu mənə verdi ki, təzədən dəqiqləşdir. Tam əmin olandan sonra bildirdi ki, qoy gəlsin, onu belə-belə edəcəm. Bıçaq götürdü ki, atanı vuracam. Çölə qaçdım ki, atamgilə deyim, gəlməsin. Bu vaxt pəncərədən gördüm ki, atam qardaşlarımla gəlir. Azər bıçağı açıq şəkildə əlində tutaraq dedi ki, atanı sənin yanında söyməyə və bıçaqlamağa çağırmışam. Əvvəl qardaşıma söyə-söyə bir kəsək atdı. Kəsək onun kürəyinə dəydi. İkincisini atanda əlini tutdum. Mənə 2 möhkəm sillə vuraraq yerə yıxdı. Onları söyməyə, hədələməyə başladı. Məcbur olaraq atamgil geri qayıtdılar. İncidim ki, niyə məni odun içində qoyub geri qayıdırlar. Sonra öyrəndim ki, məsləhətləşiblər ki, ara sakitləşsin, xoşluqla məni bu evdən ayırsınlar. Azərin qardaşı Rəşad ilə münasibəti yaxşı idi. Atamgil gedəndən sonra zəng edərək onu çağırdı. İstirahət zonasına birlikdə getdilər. Orada Rəşad Azərə yalvardı ki, Gülnarə çox yorulub, qoy aparım atasıgilə, bir az dincəlsin. Azər də razılaşdı. Dedi ki, ancaq axşam saat 11-ə kimi evə gətirərsən. Birlikdə evə gəldilər, məni də, uşaqları da maşına mindirdilər, Azər özü də yola qədər bizlə gəldi. Evimizdə bir az dincəldim, uşaqlar yemək yedi. Anam mənə yemək, pal-paltar, pul verdi. Axşam 11-də yenidən Qəriblər kəndində olan evə qayıtdım. Bu vaxta qədər Azər qardaşıma zəng vurmuşdu ki, Gülnarə dediyim vaxtda evdə olsun. Evə gəlib yır-yığışa başladım, hamamın içi yolunan saçımın tükləri ilə dolu idi, ev başdan ayağa tör-töküntü içindəydi. Azər evdə yox idi. Bir az televizora baxandan sonra yatdıq”.
Gecə yarısı qətl
Gülnarə Əzizovanın sözlərinə görə, mayın 24-dən 25-nə keçən gecə saat 2-də Azər evə gəlib: "Yuxudan oyananda gördüm ki, Azər qapını sındırır. Tələsik qapını açdım. Gələn kimi yenə söyə-söyə çay istədi. Sonra başladı bütün valideynlərimi söyməyə, yatmağa gedəndə məni çağırdı və təzədən söydü. Daha sonra mənə heç bir əxlaqa sığmayan təklif etdi. Razılaşmadım. Nəşədən gözləri yumulurdu. Yata-yata dedi ki, razılaşmadın, sabah əvəzini görərsən. 4 nəfərlə qardaşın arvadını oğurlayıb, aparacam meşəyə, özüm nəşələnəcəm, onlar da intim münasibətdə olacaq. Sonra nəsillikcə adam içinə çıxa bilməyəcəksiniz. Məni titrətmə tutmuşdu. Yadıma düşdü ki, gəlin sabah qonşu məhəlləyə piyada toya gedəcək, bu da dediyini edən adamdır. İlk ağlıma gələn o oldu ki, bunun başına bir şey vurum, qaçım atamgilə xəbər eləyim. Bundan bir neçə gün əvvəl isə özümü öldürmək istəyirdim. Noxta, xamut da tapmışdım. Əvvəl istədim tava ilə başına vuram. Tava mənə çox yüngül gəldi. Sonra gözüm bıçağa sataşdı. Bu bıçaqdan xoşum gəlirdi. Onunla ancaq çörək kəsirdim, soğana, başqa ərzaqlara vurmurdum. Bıçağı götürərək, ona doğru getdim. Üzü üstə, köynəksiz, maykasız yatmışdı.Titrəyirdim. Bıçağı kürəyinə vuranda sürüşdü.Tək əllə bıçağı saxlaya bilmədiyim üçün 2 əlimlə tutdim, kürəyinə vurdum. Bıçaq elə yumşaq getdi ki, elə bildim, balınca vurmuşam. Sonra gördüm kürəyindən qan fışqırır. Mənim əlim də qan içində idi. Hara vururdum, qan kəsilmirdi. Sonra bildim ki, öz əlimi də kəmişəm. Donub qalmışdım. Elə bilirdim, indi durub məni öldürəcək, heç qaçmağa halım yox idi. Fikirləşirdim, bu ya yuxudur, ya kinoya baxıram. Sonra gördüm ki, bədəni göyərdi. İstədim qışqıram, adamları səsləyəm, həkim çağıram, halım olmadı. Həm də qorxdum ki, yaxınları gəlib məni öldürər. Arada yenə özümü də asmaq istədim. Evdə imkan yox idi. Ancaq həyətdə xamutla özümü asa bilərdim. Bu vaxt gözüm 9 yaşlı qızıma sataşdı. Onun taleyinin necə olacağını fikirləşdim. Son qərarım o oldu ki, uşaqları bir yerə qoyub, özümü polisə təslim edim. Uşaqlar möhkəm yatmışdı. Yorğanı bıçaq kürəyində ola-ola onun üstünə çəkdim. Uşaqları zorla oyadıb geyindirdim.Uşaqlar bilmədi ki, atalarını vurmuşam”.
Gülnarə Əzizovanın sözlərinə görə, gecə saat 4-də uşaqları da götürərək, evdən çıxıb. Qapını da arxadan bağladım. Dedim birdən ayılıb ardımca gələr. Bizim ev Qəriblərdən keçən asfalt yola çox yaxındır. İtlər bizə hürə-hürə yola çıxdıq. 2 xarici maşın keçdi. Əl etdim, saxlamadı. Piyada getməyə qorxurduq. Dedim, arxadan gəlib, məni tutarlar, öldürərlər. Hələ də elə bilirdim o, sağdır. Bu vaxt bizdən qabaqda bir RAF dayandı. Sürücü maşını arxaya verdi. Maşında xeyli cavan yeniyetmə var idi. Dedilər, xala, gəl, min, hara istəyirsən aparaq. RAF-a mindik. Dedim, rayona getmək istəyirəm. Xeyli getdik. Sonra baxdım, gözümə işıq-filan dəymir. Dedim, qardaş, məni hara aparırsınız? Dedilər, biz buralı deyilik, yolu tanımırıq, Bakıya gedirik. Səni hara istəyirsən, ora aparaq? Dedim, məni Masallı parkının yanına aparın. Onlar da geri qayıdıb, gecə yarısı yolda dayanan gözətçilərdən soruşa-soruşa məni parkın yanına gətirdilər. Orada əmimgilin evi var, aptekin yanında. Başım dumanlı olduğu üçün yolu çaşdım. Sonra yolda bir nəfəri görüb, məni Elçinin aptekinin yanına gətirməsini xahiş etdim. O da bizə bələdçilik etdi. Bir neçə qapını döyəndən sonra əmimgilin qapısını tapdım. Evdəkilər çaşıb qalmışdılar. Gəlinlərinə dedim ki, mən belə bir iş eləmişəm, Azəri vurmuşam. Uşaqlar qalsın burda, məni polisə təslim edin. Gəlin dedi, mən belə bir iş edə bilmərəm. Sonra nənəmi çağırdılar. Onu inandırdım ki, mən Azəri bıçaqlamışam”.
Gülnarə Əzizova deyib ki, qardaşı bu cinayəti üstünə götürmək istəyib, amma o, razı olmayıb…
Şərhlər